Stoltenberq: “NATO-Rusiya Şurasının iclasının keçirilməsi məsələsinə baxılır”

Stoltenberq: “NATO-Rusiya Şurasının iclasının keçirilməsi məsələsinə baxılır”
# 13 iyun 2016 13:59 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Varşava sammitindən öncə Rusiya-NATO Şurasının iclasının keçirilməsi məsələsinə baxılır. Rusiya tərəfi ilə gündəlik və digər məsələləri razılaşdırırıq. Ona görə də görüşün vaxtını indidən təsdiqləyə bilmərəm”.

APA-nın xəbərinə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin görüşü öncəsi keçirdiyi brifinqdə deyib.

Y. Stoltenberq bildirib ki, NATO Rusiya ilə qarşıdurma və ya yeni "soyuq müharibə" istəmir: “NATO üçün güclü olmaqla yanaşı, həm də dialoqa açıq olmaq vacibdir. Biz Rusiya ilə konstruktiv, kooperativ münasibətləri davam etdirəcəyik. Konstruktiv münasibətlər bizim üçün vacibdir. Bundan həm Rusiya, həm də Avroatlantik məkanda hamı faydalanacaq”.

Baş katib ABŞ-ın Orlando şəhərində gecə klubuna baş verən hücumu da pisləyib. Y. Stoltenberq hücum zamanı ölənlərin yaxınlarına başsağlığı verib, ABŞ xalqı ilə həmrəy olduqlarını bildirib.

“Hazırda istintaq davam etdiyi üçün şərh verə bilmirəm. Lakin NATO müttəfiqləri terrorizm və ekstremizlə mübarizədə yanaşı duracaq”, - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR