Gələn həftə Milli Məclis “Məlumat azadlığı haqqında” qanuna dəyişiklikləri müzakirə edəcək

Gələn həftə Milli Məclis “Məlumat azadlığı haqqında” qanuna dəyişiklikləri müzakirə edəcək
# 28 fevral 2013 13:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin martın 5-də keçiriləcək iclasında 12 sənəd müzakirəyə çıxarılacaq.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, bunların bir qismi bəzi qanunlara dəyişikliklər, yeni qanunların qəbulu və bir qismi də əsasnamələrin təsdiqidir.

A.Təvəkküloğlu qeyd edib ki, bunlar arasında “Uşaqların icbari dispanzerizasiyası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi, Masallı rayonunun inzibati ərazisində qismən dəyişikliklər edilməsi ilə bağlı sənəd və “Pirallahı rayonu ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında” qanun layihəsi də var: “Eyni zamanda “Məlumat azadlığı haqqında” qanuna dəyişikliklər də müzakirəyə çıxarılacaq. Bundan başqa, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövləti icbari şəxsi sığortası haqqında” və “Yaşayış yeri və olduğu yer haqqında” qanunlarda da dəyişikliklər iclasda müzakirə olunacaq. Sonuncu qanuna uyğun olaraq bir neçə əsasnaməyə dəyişikliklərin də qəbulu iclasda gözlənilir”.

Parlament sözçüsünün dediyinə görə, iclasda bir sıra ayrıca əsasnamələrə dəyişikliklər də olacaq: “Bunlar arasında “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamədə dəyişikliklər də var”.

A.Təvəkküloğlu bildirib ki, həmin gün İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) illik məruzəsi və buna Milli Məclisin münasibəti də müzakirə olunacaq məsələlər arasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR