Azərbaycanda ən yaxşı voleybolçular müəyyənləşib

Azərbaycanda ən yaxşı voleybolçular müəyyənləşib
# 29 aprel 2013 06:31 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 2012/2013 mövsümünün ən yaxşıları məlum olub. Apasport.az saytının məlumatına görə, “Rabitə”nin 6-cı çempionluğunu qazandığı yarışın ən dəyərli voleybolçusu (MVP) Madeleyne Montana seçilib.

Kolumbiyalı legioner Azərbaycanda ilk ilindəcə “Rabitə”nin qızıl medal qazanmasında böyük rol oynayıb. Siyahıda Marçello Abbondanzanın komandasında Foluke Akinradevo, Katarjina Skorupa, Aurea Kruz və Brenda Kastillo da yer alıb. Onlar müvafiq olaraq, ən yaxşı hücumçu, ən yaxşı toppaylayıcı, ən yaxşı top qəbuledici və ən yaxşı libero nominasiyasının qalibi olublar.

Maraqlıdır ki, simvolik yığmada gümüş mükafatçılar - “İqtisadçı” və “Azərreyl”dən fərqli, turnir cədvəlini 4-cü pillədə başa vuran “Lokomotiv”in 2 voleybolçusu yer alıb. Onlardan Aneta Havlikova çempionatın bombaridiri olduğu halda, Korina Suşke topu ən yaxşı oyuna daxil edən seçilib.

“Tələbələr”dən Lauren Polini ən yaxşı blokçu, “dəmiryolçular”dan Valeriya Korotenko ən yaxşı müdafiəçi adına yiyələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR