Lənkəranda şəxsiyyət vəsiqələrinin səyyar təqdimolunma aksiyasına başlanıb

Lənkəranda şəxsiyyət vəsiqələrinin səyyar təqdimolunma aksiyasına başlanıb
# 29 aprel 2013 06:52 (UTC +04:00)

Sosial - açıq

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin (QŞVB) əməkdaşları yerlərdə yeni şəxsiyyət vəsiqələrinin verilməsi və müddəti keçmiş vəsiqələrin yenisi ilə əvəzlənməsi aksiyasına start veriblər.

Bölmənin rəisi Namiq İbadovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, aksiya ilk növbədə rayon mərkəzindən uzaqda yerləşən dağlıq yaşayış məntəqələrinin sakinlərini əhatə edir. Belə ki, ucqar kənd əhalisinin uzun məsafəni qət edərək şəhərə gəlməsini nəzərə alan bölmə əməkdaşları artıq rayonun bir neçə yaşayış məntəqəsində şəxsiyyət vəsiqələrinin yerindəcə verilməsini təmin ediblər.

Növbəti aksiya şəhərdən 20 km uzaqda yerləşən Şovu kəndində baş tutub. Əsasən aztəminatlı ailələrin, əlil və qocaların yaşadığı ünvanlara üz tutan bölmə əməkdaşları kənd icra nümayəndəsinin iştirakı ilə onlara yeni şəxsiyyət vəsiqələrini təqdim ediblər.

Bölmə rəisinin sözlərinə görə, aksiyanın əsas məqsədi bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində səsvermə zamanı yarana biləcək texniki qüsurları aradan qaldırmaqdan ibarətdir. Analoji tədbirlərin rayonun digər ucqar kəndlərində də keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR