Azərbaycan hökuməti ilə Dünya Bankı arasında yeni kredit sazişi imzalanıb - FOTO

Azərbaycan hökuməti ilə Dünya Bankı arasında yeni kredit sazişi imzalanıb - <font color=red>FOTO</font>
# 19 oktyabr 2012 12:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD, Dünya Bankı Qrupunun üzvü) arasında «İkinci Kənd İnvestisiya Layihəsi»nin maliyyələşdirilməsinə dair kredit sazişi imzalanıb. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, sazişi Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və Dünya Bankının (DB) Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşşenko imzalayıblar.

İsmət Abasov bildirib ki, Azərbaycanla DB arasında kənd təsərrüfatı sektoru üzrə əməkdaşlığa 1996-cı ildən başlanılıb. Bu zaman ümumi dəyəri 28,2 mln. dollar olan «Təsərrüfatların özəlləşdirilməsi Layihəsi»nin tətbiqinə başlanılıb. Layihə 2001-ci ildə tamamlanıb. Sonra 2005-2008-ci illərdə «Kənd İnvestisiya Layihəsi»nin icrasına start verilib və 2009-cu ildə həmin layihəyə əlavə vəsait cəlb olunub.

İ.Abasov «İkinci Kənd İnvestisiya Layihəsi»nin həyata keçirilməsində məqsədin icma yönümlü kənd infrastrukturlarına çıxışı və istifadəni artırmaq və kənd yerlərində ailələrin iqtisadi fəaliyyətini genişləndirməkdən ibarət olduğunu qeyd edib.

Nazir yeni layihənin rayonların potensialından faydalı istifadə etməklə sahibkarlığın gücləndirilməsi və iqtisadiyyatın dinamik inkişafı, yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə iqtisadi inkişafa nail olmaq kimi məqsədləri daşıyan Yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramına (2008-2015-ci illər) dəstək xarakteri daşıdığını və bu layihənin müvəffəqiyyətlə başa çatacağına ümidvar olduğunu bildirib.

L.Leşşenko imzalanan bu layihənin Azərbaycan üçün ən uğurlu layihə hesab etdiyini, kənd təsərrüfatının, kənd ərazilərinin inkişafına böyük töhfə verəcəyini və 1,5 mln. əhalinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəyini, fəaliyyəti dövründə Azərbaycan hökuməti ilə DB arasında əlaqələrin daha da inkişaf etdirilməsini bildirib.

Qeyd edik ki, layihə üç komponentdən ibarətdir: kənd yerlərində icma infrastrukturlarının yaradılması, kənd infrastrukturları üçün texniki dəstək və layihənin idarə edilməsi və nəticələrin monitorinqi. «İkinci Kənd İnvestisiya Layihəsi» Düzən-Şirvan, Muğan-Salyan, Naxçıvan, Şimal, Şimal-Qərb - beş əsas zonada fəaliyyət göstərəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR