Ukrayna Təhlükəsizlik Xidməti Viktor Yanukoviçə qarşı yeni cinayət işi açıb 

Ukrayna Təhlükəsizlik Xidməti Viktor Yanukoviçə qarşı yeni cinayət işi açıb 
# 09 aprel 2015 07:25 (UTC +04:00)

Bakı – APA. Ukrayna Təhlükəsizlik Xidməti keçmiş prezident Viktor Yanukoviçə qarşı yeni cinayət işi açıb. APA-nın xəbərinə görə, bu barədə Ukrayna Ədliyyə Nazirliyi yanında lüstrasiya haqqında qanunun yenidən işlənməsi üzrə işçi qrupunun rəhbəri Karl Volox özünün “Facebook” səhifəsində məlumat verib.

K. Volox Ukrayna Təhlükəsizlik Xidmətində (SBU) keçmiş prezidentə qarşı yeni cinayət işinin qeydə alındığını bildirib: “O, Konstitusiya Məhkəməsinin hakimləri və bir sıra digər yüksək vəzifəli rəsmi şəxslərlə cinayət əlaqəsinə girərək Konstitusiya quruluşunu dəyişdirməyə və ölkədə hakimiyyəti qəsb etməyə cəhd göstərib. Yaxın vaxtlarda bir çox “toxunulmazlara” da ittihamlar irəli sürüləcək”.


Xatırladaq ki, Ukraynada V. Yanukoviçə qarşı korrupsiya, mənimsəmə və digər ittihamlarla açılmış başqa cinayət işləri də var. O, hazırda Rusiyada yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR