"2035-ci ilədək iqlim maliyyələşdirilməsinin illik 1,3 trilyon dollara çatdırılması nəzərdə tutulur. Bakıdan Belemə Yol Xəritəsi bu istiqamətdə irəliləyişi sürətləndirmək və maliyyənin ən çox ehtiyac duyulan sahələrə yönəldilməsini təmin etmək üçün praktiki addımlar müəyyənləşdirib".
APA xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) açılış mərasimində deyib.
Onun sözlərinə görə, hazırda təmiz enerjiyə yatırılan investisiyaların həcmi ildə 2 trilyon dolları ötür: "Bərpa olunan enerji mənbələri dünyada elektrik enerjisinin əsas mənbələrindən birinə çevrilərək kömürü geridə qoyub və bu fərqin gələcəkdə daha da artacağı gözlənilir".
Saymon Stil təmiz enerjiyə keçidin artıq geridönməz xarakter aldığını bildirib.
İqlim üzrə tədbirlərin yalnız idarə heyəti iclaslarında və ya bələdiyyə şuralarında deyil, eyni zamanda, şəhərlərdə, sənaye müəssisələrində və icmalarda həyata keçirilməsinin vacibliyi vurğulanıb.
“Qarşıdakı dövr üçün əsas prioritetlər sırasında elektrikləşdirmə, elektrik şəbəkələrinin və enerji saxlama sistemlərinin inkişafı, sıfır tullantı, ərzaq təhlükəsizliyi, metan emissiyalarının azaldılması, dayanıqlı və səmərəli şəhərlərin yaradılması xüsusi yer tutur”, - Saymon Stil qeyd edib.