Böyük Britaniya ilə COP-la bağlı əməkdaşlıq məsələləri müzakirə edilib

Böyük Britaniya ilə COP-la bağlı əməkdaşlıq məsələləri müzakirə edilib
# 21 fevral 2024 17:09 (UTC +04:00)

İqtisadiyyat Nazirliyində Böyük Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamentinin Beynəlxalq İqlim Maliyyəsi və Strategiyası üzrə direktoru ilə keçirilən görüşdə COP29-la bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Böyük Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamentinin Beynəlxalq İqlim Maliyyəsi və Strategiyası üzrə direktoru Matt Toombla görüşüb.

İqtisadiyyat nazirinin müavini Azərbaycan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, dövlət başçısının müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi “yaşıl” iqtisadiyyata keçid istiqamətində təşəbbüsləri stimullaşdırmaqla yanaşı, Azərbaycanın bəşəri problemlərin həllinə verdiyi önəmin göstəricisidir. Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsi Milli Prioritetinə uyğun olaraq bərpa olunan enerji mənbələrindən səmərəli istifadə məqsədilə böyük layihələr həyata keçirilir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimiz və Naxçıvan Muxtar Respublikası “yaşıl enerji zonası” elan edilib və bu istiqamətdə işlər görülür.

Bildirilib ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 iqlim dəyişiklikləri və enerji təhlükəsizliyi məsələləri ilə yanaşı, dövlət başçısı cənab İlham Əliyevin irəli sürdüyü minatəmizləmə fəaliyyəti ilə bağlı 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi layihəsinin beynəlxalq ictimaiyyətdə təşviq olunması üçün mühüm platforma rolunu oynaya bilər.

Matt Toombs ölkəmizdə “yaşıl” enerjinin təşviqi və qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlərin yüksək qiymətləndirildiyini vurğulayaraq, Birləşmiş Krallığın COP-la bağlı təcrübəsini bölüşməyə hazır olduğunu ifadə edib.

Görüşdə tərəflər COP29 çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR