Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa əlaqələndirməli olan Orta Dəhlizin inkişafına 12 milyard avroyadək dövlət və özəl investisiya cəlb etməyi planlaşdırır.
APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa Parlamentində Aİ-nin vəziyyəti ilə bağlı çıxışı zamanı bildirib.
“Bu, bağlantı sahəsində yeni beynəlxalq layihə olacaq. O, Cənubi Qafqazı və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa əlaqələndirəcək. Biz bunu Orta Dəhliz adlandırırıq”, – Ursula fon der Lyayen deyib.
Onun sözlərinə görə, Aİ bu layihəyə dövlət və özəl investisiyaların cəlb edilməsi üçün “Global Gateway” təşəbbüsündən istifadə edəcək.
“Bizim məqsədimiz marşrutları şaxələndirmək, ticarət axınlarını üç dəfə artırmaq və 2030-cu ilədək yüklərin tranzit müddətini əhəmiyyətli dərəcədə azaltmaqdır”, – Aİ lideri vurğulayıb.
Ursula fon der Lyayen həmçinin Bolqarıstanın Baş naziri Rumen Radev ilə birlikdə bağlantı məsələlərinə həsr olunmuş regional sammit keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, sammit layihənin praktiki reallığa çevrilməsinə yönələcək.
Qeyd edək ki, Orta Dəhliz Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqazdan keçərək Avropa ilə Asiya arasında yükdaşımaları təmin edən marşrutlardan biridir. Aİ bu marşrutu ticarət əlaqələrinin şaxələndirilməsi istiqamətlərindən biri kimi nəzərdən keçirir.