İranda son vaxtlar avtomobil və dəmir yollarına əhəmiyyətli həcmdə vəsait ayrılıb.
Bunu İran Prezidentinin iqtisadi əməkdaşlıq məsələləri üzrə müşaviri Məsumə Ağapur APA-nın Tehran müxbirinə açıqlamasında deyib.
İran Prezidentinin müşaviri bildirib ki, müharibədən sonra gömrük məntəqələri istiqamətində müsbət dəyişikliklər baş verib, işlərin asanlaşdırılması üçün bəzi qaydalara düzəliş edilib, qeyri-neft ixracına daha çox diqqət ayrılıb.
Onun sözlərinə görə, qeyri-neft məhsullarının bazara çıxarılması sahəsində də yaxşı işlər görülüb.
Məsumə Ağapur qeyd edib ki, hazırkı problemlər aradan qalxdıqdan və İran iqtisadiyyatına qarşı tətbiq edilən sanksiyalar ləğv olunduqdan sonra qeyri-neft ixracına, eləcə də texnologiya və biliklərə əsaslanan sahələrə ayrılan diqqət bir neçə dəfə artırılmalıdır.
Ağapur Şimal-Cənub dəhlizinin Astara hissəsinin tamamlanması üçün maliyyələşmənin sürətləndirilməsinə də toxunub. O vurğulayıb ki, hazırda Şərq-Qərb dəhlizi də xüsusi diqqət yetirilən mühüm məsələlərdəndir.
“Sərhəd gömrük məntəqələrində müsbət yeniliklər gözlənilir”, – İran Prezidentinin müşaviri deyib.
O əlavə edib ki, bəzi təhdidlər vəziyyəti çətinləşdirə bilsə də, hazırda iqtisadi müharibənin ön cəbhəsində dayanan bir çox istehsalçı əvvəllər ölkəyə idxal edilən bəzi məhsulların yerli istehsalını təmin edə bilib.