Sahibə Qafarova: “Artıq Azərbaycanda elektron demokratiya formalaşıb”

Sahibə Qafarova: “Artıq Azərbaycanda elektron demokratiya formalaşıb”
# 09 aprel 2014 13:08 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının bugünkü plenar iclasında “İnternetə çıxış hüququ” adlı hesabat ətrafında müzakirələr aparılıb. APA-nın Strasburq müxbirinin məlumatına görə, müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova Azərbaycanda internetdən istifadəyə heç bir məhdudiyyətin qoyulmadığını bildirib:

“Son 10 ildə Azərbaycanda internet resursları sürətli inkişaf yolu keçib və ölkəmizdə internetə çıxışa və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmur. Azərbaycan hakimiyyəti internetin əhali arasında daha geniş yayılmasında maraqlıdır və vətəndaşların internetdən daha rahat istifadəsi üçün konseptual dövlət siyasəti həyata keçirir. Hətta ucqar kəndlərin genişzolaqlı internetlə təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülür. Buna görədir ki, Azərbaycanda internet istifadəçilərinin sayı 65%-i ötüb, ölkə postsovet məkanında 3G, 4G tətbiq edən ilk dövlətlər sırasındadır. Əhali arasında həmçinin mobil telefonlarla internetə qoşulmaq da böyük populyarlıq qazanıb. Artıq Azərbaycanda elektron demokratiya formalaşıb və onun bilavasitə təminatçısı ölkə prezidenti İlham Əliyevdir. Ölkədə “Elektron hökumət”in qurulması, “ASAN xidmət”in yaradılması və sürətlə genişləndirilməsi, dövlət qurumlarının və məmurların sosial şəbəkələrdə fəallığının artırılması, onların vaxtaşırı prezidentin “Facebook” səhifəsi vasitəsilə vətəndaşların suallarını cavablandırması və aparılan digər işlər bu iradənin bariz göstəriciləridir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR