Londonda Xocalı qurbanları təsirli musiqi və unikal incəsənət tədbirləri ilə anılıb

Londonda Xocalı qurbanları təsirli musiqi və unikal incəsənət tədbirləri ilə anılıb
# 25 fevral 2015 16:38 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, anım gecəsində Londonda akkreditə olunmuş 250-dən çox xarici diplomat, iş adamları, ictimai-siyasi, elm və mədəniyyət xadimləri, eləcə də musiqi sahəsində ixtisaslaşmış jurnalistlər və Azərbaycan diasporasının fəalları iştirak ediblər.

Konsertdən əvvəl hər bir tamaşaçı qırmızı rəngə boyanmış köynəyi havaya qaldırıb. Hər köynəyin üzərində Xocalı qurbanlarının doğum tarixi və adı əks olunub. Onların hamısının ölüm tarixi eynidir 26 fevral 1992-ci il. Bununla tədbir iştirakçıları Xocalı soyqırımı zamanı həyatını itirmiş bütün insanlarla öz həmrəyliyini nümayiş etdiriblər.

Anım gecəsində tanınmış azərbaycanlı tarzən Arslan Növrəslinin, skripkaçı Səbinə Rakçeyevanın və Nəzrin Rəşidovanın rəhbərlik etdiyi “FeMusa” orkestri tərəfindən Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayevin “Rekviem”, Vasif Adıgözəlovun “Qərənfil”, Azər Rzayevin “Meditasiya”, həmçinin Antonio Vivaldi, Paul Lyuis, Karl Jenkins və Gabriel Faurenin əsərlərindən ibarət musuqi parçaları ifa edilib.

Elə həmin gün Londonun məşhur Çelsi İncəsənət Kollecinin parad meydanında Xocalı faciəsinin qurbanlarının xatirəsini yad etmək məqsədilə müasir incəsənət üslubda sərgi təşkil edilib. Sərgidə həyatına qəddarlıqla son verilmiş 613 dinc sakinin hər birinin faciəvi ölümünü rəmzləşdirən, hər birinin üzərində ad, doğum və ölüm tarixi – 1992-ci il 26 fevral – yazılmış 613 ədəd qırmızı köynək nümayiş etdirilib. Köynəklər labirint şəklində quraşdırılmış metal çəpərlərin üstündə yerləşdirilib. Labirint həmin dəhşətli gecədə dinc sakinlərin ölümə aparan faciəvi yolu təcəssüm etdirirdi. Kiçik ölçülü köynəklər azyaşlı qurbanları – aralarında hətta bəzilərinin 6 aylıq olduğu körpələri, altmışdan çox köynəyin üstündə isə sadəcə “naməlum qurban” yazılıb ki, onlar da tanınmaz hala salınaraq qədər işgəncələrə məruz qalmış insanları təmsil edirdi.

Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer çıxışı zamanı bildirib ki, bu tədbir “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilir və 23 il bundan əvvəl baş vermiş Xocalı qətliamının qurbanlarının əziz xatirəsinə həsr olunub. Erməni hərbi qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş 613 dinc sakin arasında qadınlar, uşaqlar və yaşlılar olub. K.Pinçerin sözlərinə görə, labirint formasında quraşdırılmış lövhələrdən asılan qırmızı köynəklər onların itirilmiş həyatlarının rəmzi mənasını ifadə edir.

Sonra o, qurbanların adları yazılmış siyahı ilə birlikdə qırmızı şarları London səmasına buraxıb. Tədbirə gəlmiş qonaqlar və ictimaiyyət nümayəndələri sərgini gəzib, həmin dəhşətli gecədə həlak olmuş qurbanların xatirəsini yad ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR