Bank Of Baku

Beynəlxalq təşkilatların Seçki Məcəlləsinə təklif etdiyi dəyişiklərlə bağlı rəy açıqlanıb

Beynəlxalq təşkilatların Seçki Məcəlləsinə təklif etdiyi dəyişiklərlə bağlı rəy açıqlanıb
# 26 avqust 2008 10:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Avropa Şurası Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı tövsiyələrinə dair Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrup rəy və təkliflərini açıqlayıb. APA-nın məlumatına görə, bu məqsədlə keçirilən tədbirdə işçi qrupunun eksperti Məhərrəm Zülfüqarlı çıxış edərək rəy və təklifləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Onun sözlərinə görə, beynəlxalq təşkilatların uzun müddətdən bəri irəli sürdükləri təkliflər əsasında bu il Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Əlavə və dəyişikliklər qanunun 145 maddəsinə şamil edilib. M. Zülfüqarlı Venesiya Komissiyasının 4 məsələyə yenidən baxılmasının vacib saydığını qeyd edib. Bunlar seçki komissiyalarının formalaşdırılması zamanı balansın qorunması, şikayətlərin baxılma sisteminin təkmilləşdirilməsi, dövlət tərəfindən maliyyələşdirilən telekanallarda siyasi partiya və bloklar üçün pulsuz efir vaxtının ayrılması və müxalifət partiyalarının mitinq keçirmək hüququna qarantiyanın verilməsidir: “İşçi qrup hesab edir ki, ölkədə müxalifət partiyaları arasında “əsl müxalifət kimdir” mübahisəsi olduğu bir vaxtda komissiyaları paritet əsaslarla formalaşdırmaq mümkün deyil və buna görə də qrup komissiyaların siyasi partiyaların təsir dairəsində olmayan seçki təcrübəsinə malik peşəkar şəxslərdən formalaşdırılmasını təklif edir. Həmçinin hesab edirik ki, şikayətlərə baxılma sistemi artıq təkmilləşdirilib, İctimai Televiziyada pulsuz efir vaxtının ayrıldığı üçün digər telekanallarda pulsuz efir vaxtının ayrılmasına ehtiyac yoxdur”. İşçi qrup “Sərbəst toplaşmaq azadlığı haqqında qanun”a da əlavə və dəyişikliklərin edildiyini xatırladıb və mövcud qanunvericiliyin insanların sərbəst toplaşmaq hüququna qarantiya verdiyini bildirib. Tədbirdə iştirak edən xarici ekspert qrupunun üzvü Qərbi Avropa İttifaqının Parlament Assambleyasının fəxri sədri Stef Qoris qanunun təkmilləşdirilməsi ilə bağlı səylərin göstərildiyini və siyasi iradənin nümayiş olunduğunu qeyd edib. Belçika Krallığının Konstitusiya Məhkəməsinin hakimi Jan-Pol Murman öz ölkəsində keçirilən seçkilər zamanı Konstitusiya Məhkəməsinin fəaliyyəti, həyata keçirdiyi tədbirlərlə bağlı danışıb. Tədbirdə ekspert qismində hüquqşünas Adil Minbaşı, beynəlxalq məsləhətçi Jan-İv Şevalye, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzini rəhbəri Eldar İsmayılov və digərləri çıxış edərək təklif və rəylərə öz münasibətlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR