Bank Of Baku

Ayaz Mütəllibov: “Prezident seçkilərində İlham Əliyevin alternativi yoxdur”

Ayaz Mütəllibov: “Prezident seçkilərində İlham Əliyevin alternativi yoxdur”
# 26 avqust 2008 12:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycan Sosial Demokrat Partiyasının fəaliyyətinin zəifləməsini qəbul edirəm. Bu vəziyyət partiyadaxili problemlərlə bağlıdır. Həm də cəmiyyətdə partiyaya baxış dəyişilib, çoxlarını maddiyat düşündürür”. Bu açıqlamanı APA-ya ASDP-nin həmsədri, eks-prezident Ayaz Mütəllibov verib. Onun sözlərinə görə, ASDP-də seçkidə iştirak edib-etməməklə bağlı fikir ayrılığı yaranıb və partiyanın Mərkəzi Komitəsinin Plenumu da bu məsələyə aydınlıq gətirib: “Partiyada mənim təsir imkanlarımın zəifləməsi haqda deyilənləri də qəbul etmirəm. Mən Moskvadayam, partiya isə Azərbaycanda fəaliyyət göstərir. Təbii ki, partiyanın birbaşa idarəçiliyi ilə Araz Əlizadə məşğul olmalıdır”. Partiyada islahatlara ehtiyac olduğunu deyən A. Mütəllibov ASDP-də parçalanmanın baş verməsi barədə deyilənləri qəbul etməyib: “ASDP-də bütün strukturlar üzrə islahatlara ehtiyac var. Müəyyən mənada Elşən Manafovun da haqlı olduğunu bilirəm. Amma Araz Əlizadə həmişə Elşən Manafovu tərifləyib. Elşən Manafovla şəxsən tanış olmasam da, mətbuatdakı çıxışlarından ona bələdəm. Güman edirəm ki, partiyada olan bu anlaşılmazlıq öz həllini tapacaq. Burada faciəli heç nə yoxdur. Bəzi şəxslərin ASDP-dən getdiyinə də təəssüflənirəm. Hər halda belə kadrları əldə saxlamalıyıq”. A. Mütəllibov ölkədə keçiriləcək prezident seçkisinə də münasibət bildirib: “Araz Əlizadə də dəfələrlə deyib ki, prezident seçkilərində İlham Əliyevə alternativ yoxdur. Bunu qəbul etmək lazımdır. Həqiqətən də İlham Əliyevin seçkilərdə alternativi yoxdur”. Azərbaycana qayıtmaq istədiyini deyən keçmiş prezident Azərbaycana dönməsi ilə bağlı məsələyə də aydınlıq gətirib: “16 il mühacirətdə qalmaq çox ağırdır, faciəlidir. Azərbaycana qayıtmazdan əvvəl statusum müəyyənləşməlidir. Axı mən də bu xalqın, millətin övladıyam. Kiminsə xoşuna gəlib-gəlməyə bilər. Mən Azərbaycanın ilk prezidenti olmuşam. Heç kimə qarşı pislik etməmişəm. Vətəndən uzaqda yaşamaq çox ağırdır və bu ağrıya hər adam dözə bilməz”. A. Mütəllibov artıq neçə ildir mühacirətdə yaşadığını xatırladıb: “Təyyarəyə oturub Bakıya gələrəm, amma pasportum yoxdur. Azərbaycanın ilk prezidentinin həyatı heç kimi maraqlandırmır. Bu məsələnin beynəlxalq təşkilatlar səviyyəsində qalxmasını da istəmirəm. Bu, mənə yaraşmaz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR