Bank Of Baku

Sabah Bakıda “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun Azərbaycan məhkəmə təcrübəsində tətbiqi” adlı konfrans keçiriləcək

Sabah Bakıda “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun Azərbaycan məhkəmə təcrübəsində tətbiqi” adlı konfrans keçiriləcək
# 21 may 2009 08:40 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Sabah Azərbaycan Hüquqşünasları Konfederasiyası, Avropa Şurası və Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının birgə təşəbbüsü ilə Avropa Şurasının 60 illiyinə həsr olunmuş “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun Azərbaycan məhkəmə təcrübəsində tətbiqi” adlı konfrans keçiriləcək. APA-nın Avropa Şurasının Bakıdakı ofisinə istinadən verdiyi məlumata görə, konfransın keçirilməsində məqsəd, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanmış 19 yanvar 2006-cı il tarixli Fərmandan sonra aparılan məhkəmə-hüquq islahatları, görülən işlərin ictimaiyyətin diqqətinə çatdırılması və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkili, onun məhkəmə təcrübəsində nəzərə alınmasının praktik tərəflərini müzakirə etməkdən ibarətdir.

Konfransın açılış mərasimində Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek, Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri Assosiasiyası ictimai birliyinin sədri, Yasamal rayon məhkəməsinin sədri Ələddin Cəfərov çıxış edəcəklər.

Tədbirdə həmçinin Azərbaycan prezidentinin 19 yanvar 2006-ci il tarixli fərmanından irəli gələn məsələlər və insan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi sahəsində aparılan islahatlar barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Hüquqşünasları Konfederasiyası İdarə Heyətinin üzvü Çingiz Əsgərov məruzə ilə çıxış edəcək.

Konfransda Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri, Azərbaycan Hüquqşünasları Konfederasiyası İdarə Heyətinin üzvü Cavid Hüseynov Azərbaycan Respublikasında aparılan məhkəmə islahatları barədə məruzə ilə çıxış edəcək.

Avropa Məhkəməsinin presedent hüququndan Azərbaycan məhkəmə təcrübəsində istifadə olunmasında hakimlərin rolu adlı məruzə ilə isə Azərbaycan Ali Məhkəməsinin hakimi, Azərbaycan Hüquqşünasları Konfederasiyası İdarə Heyətinin üzvü Vəfaddin İbayev çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR