Bank Of Baku

Azərbaycanda qızıl-mis emalı zavodu fəaliyyətə başlayıb

Azərbaycanda qızıl-mis emalı zavodu fəaliyyətə başlayıb
# 26 may 2009 15:08 (UTC +04:00)
Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısına bildirilib ki, 1997-ci ildə Azərbaycanın “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services LLC” şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Şirkət layihə üçün zəruri olan bütün kapitalı təmin edir.

Gədəbəy yatağı hələ qədim dövrlərdən məlum olub və dəfələrlə mis və nəcib metalların çıxarılması məqsədi ilə istismar edilib. 1864-1917-ci illərdə yataqda müvafiq qaydada sənədləşdirilmiş dağ-mədən işləri aparılıb. Həmin dövrdə Almaniyanın “Siemens” şirkəti yataqda mis filizinin hasilatı ilə məşğul oluşb təxminən 2 milyon ton filiz çıxarılıb. Sonralar Gədəbəy yatağında və onun ətrafında “Dövlətgeolkom” tərəfindən müəyyən fasilələrlə tədqiqatlar aparılıb.

Azərbaycan hökuməti tərəfindən təsdiq edilən və 2005-2009-cu illəri əhatə edən 4 illik İş Proqramı əsasında Gədəbəy, Qoşa və Ordubad kontrakt sahələrində geoloji-kəşfiyyat işlərinə başlanıb. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti 2006-2007-ci illərdə Gədəbəy Kontrakt Sahəsində yerləşən eyniadlı qızıl-mis yatağında almaz və əks-sirkulyasiya üsulları ilə ümumi dərinliyi 17700 metr olan 146 kəşfiyyat quyusu qazmaqla yatağın filiz ehtiyatlarını qiymətləndirib. Quyuların maksimum dərinliyi 270 metr olub. Əksər quyularda yer səthindən 120 metr dərinlikdə filizləşmə zonası kəsilməsinə baxmayaraq, dərinlik üzrə etibarlı məlumat əldə etmək məqsədi ilə qazma işləri davam etdirilib. Layihəyə mal-material, iş və xidmətlər ilə bağlı 50-yə yaxın subpodratçı təşkilat cəlb olunub. Kəşfiyyat, tikinti-quraşdırma işlərinə və avadanlığa ümumilikdə 60 milyon dollardan çox vəsait sərf edilib.

2007-ci ilin əvvəlində şirkət Gədəbəy qızıl-mis layihəsi üzrə kəşf sənədini Azərbaycan hökumətinə təqdim edib.

Dövlət başçısına məlumat verilib ki, bütün quyulardan götürülən nümunələrin əyar analizinin nəticələrinə əsasən qızılın 0,3q/t kənar miqdarı ilə ehtiyatların qiymətləndirilməsi ABŞ-ın Denver şəhərində SRK məsləhətçiləri tərəfindən müstəqil yerinə yetirilib. Aparılan tədqiqatlar və analizlər nəticəsində Gədəbəy yatağında 15,6 milyon ton filizdə orta hesabla 1,5 q/t qızılın, 12,2 q/t gümüşün və 0,24 faiz misin olması müəyyən edilib. Bu da yataqda təxminən 22 ton qızılın, 192 ton gümüşün və 37 min ton misin olması deməkdir. Yataqdaxili ehtiyatlar üzrə 7,6 milyon ton filizdə orta hesabla 1,86 q/t qızıl, 15,9 q/t gümüş və 0,24 faiz mis var. Bu isə təxminən 14 ton qızıl, 123 ton gümüş və 22 min ton mis deməkdir. Topa aşındırma texnologiyasından istifadə edərək, bu ehtiyatlardan təxminən 70 faiz - 9,8 ton qızıl, 50 faiz - 61,5 ton gümüş və 35 faiz - 7,7 min ton mis istehsal etmək mümkün olacaq. Zavodun illik orta filiz məhsuldarlığı 1200 tondur.

Bildirilib ki, Gədəbəy yatağı dəniz səviyyəsindən orta hesabla 1500 metr yüksəklikdə Misdağ dağı ətrafında yerləşir. Misdağ dağının digər tərəfində topa aşındırma sahəsi üçün münasib hesab edilmiş dayaz dərə uzanır. Mədən tullantıları Misdağı əhatə edən dərələrə töküləcək. Ətraf süxurların yalnız kiçik bir hissəsi turşu formalaşdırıcı süxur kimi xarakterizə edilir. Aşındırma meydançasının konseptual və son layihə işi Avstraliyanın beynəlxalq səviyyədə nüfuzlu Pertin Knight Piesold firması tərəfindən tamamlanıb. Hazırda yatağın açılması partladıcı maddələr olmadan həyata keçirilir. Partlayış işləri isə müasir partladıcı maddələrin tətbiqi ilə yerinə yetiriləcək və partlayış üçün təyin olunmuş vaxtla məhdudlaşacaq. Qızıl istehsalının 90 faizi sianidlərdən istifadə olunmaqla həyata keçirilir.

Zavodda dövr edən məhluldan qızılı ayırmaq üçün qatran texnologiyasından istifadə edilməsi nəzərdə tutulur. Yatağın istismarı zamanı 300-400 adamın işə götürülməsi gözlənilir. Hazırda sahədə 250 nəfər çalışır.

Əməliyyat məsrəflərinin Gədəbəy layihəsi üzrə ümumilikdə 88,1 milyon dollar, əsaslı məsrəflərin isə 33,8 milyon dollar olacağı proqnozlaşdırılır. Bu da hasil ediləcək bir ton filizin maya dəyərinin 11,5 dollar və ya istehsal olunacaq 1 unsiya qızılın maya dəyərinin 283,14 dollar olacağı deməkdir. Gədəbəy layihəsi üzrə ümumi gəlirin 229,1 milyon dollar, mənfəətin 107,2 milyon dollar olacağı gözlənilir.

Ümumiyyətlə Saziş üzrə şirkətə 6 sahə verilib. Bu sahələrdən biri Gədəbəydə, biri Naxçıvanda, biri Tovuzda, üçü isə Ermənistanın işğalı altında olan ərazilərdədir. Gədəbəy kontrakt sahəsinin bir neçə obyektində yerüstü geoloji-kəşfiyyat işləri, geofiziki, geokimyəvi tədqiqatlar yerinə yetirilib.

Dövlət başçısı əraziyə baxıb, süxurların nümunələri ilə tanış olub. Daha sonra prezident İ. Əliyev emal müəssisəsində olub, zavodu işə salıb.

O, Gədəbəy qızıl-mis zavodunun fəaliyyətə başlaması ilə bağlı mərasimdə nitq söyləyib.

Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin prezidenti Reza Vəziri, Anqlo-Asiya Mayninq PLC-nin rəhbəri Con Sununu, Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy geoloji axtarış-kəşfiyyat işləri üzrə böyük mühəndisi Şakir Qədimov da mərasimdə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR