Bank Of Baku

Bakıda Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının qurultayı keçirilir

Bakıda Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının qurultayı keçirilir
# 05 iyun 2009 11:04 (UTC +04:00)
Tədbirdə diplomatik korpus nümayəndələri, partiya rəhbərləri, millət vəkilləri, ziyalılar iştirak edir. Qurultay Qarabağ tarixi ilə bağlı sənədli filmin nümayişi ilə başlanıb.

Sonra Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov məruzə ilə çıxış edib. Qarabağın tarixi il bağlı danışan B. Səfərov ermənilərin bu bölgəyə köçürülməsi, Azərbaycanlılara qarşı deportasiya, ərazidə etnik təmizləmə siyasəti ilə bağlı geniş məlumat verib. Azərbaycanın problemi sülh yolu və ərazi bütövlüyü çərçivəsində həll etməyə maraqlı olduğunu deyən B. Səfərov bu məsələdə icma ilə dövlət rəhbərliyinin mövqeyinin üst-üstə düşdüyünü vurğulayıb. İcra başçısı qurultayda iştirak edən xarici ölkələrin səfirlərinə də müraciət edib: “Zaman-zaman ayrı-ayrı ölkələrin müxtəlif şirkətləri Dağlıq Qarabağda fəaliyyət göstərirlər. Hətta ABŞ-ın “Sema” şirkəti Şuşa şəhərinin baş planını hazırlayır. Biz xarici ölkələri bu separatçılarla iş birliyindən çəkinməyə çağırırıq”. İcma rəhbəri həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılıq edib, həmsədrləri qeyri-ciddi fikirlər səsləndirdiyini bildirib.

B. Səfərov qurultaydan sonra icmanın fəaliyyətinin gücləndiriləcəyini, beynəlxalq tədbirlərin keçiriləcəyini, Azərbaycan diasporu ilə əlaqələrin qurulacağını və dövlətlə birgə addımların atılacağını qeyd edib.

Slavyan Universitetinin rektoru Kamal Abdulla isə Azərbaycan və erməni xalqlarının bir yerdə yaşamağa məhkum olunduğunu bildirib: “Ən dəhşətli müharibələr aparan xalqlar da bu gün barışığa gedir, əl tuturlar”.

Millət vəkili Həvva Məmmədova məcburi köçkünlər arasında bu vaxta qədər əlaqələrin zəif olduğunu, qurultaydan sonra icmanın bu əlaqələri gücləndirməyə çalışacağını qeyd edib.

Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureku isə münaqişənin nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqları dəstəklədiyini qeyd edib. O, Rumıniyanın münaqişənin beynəlxalq hüquq və sülh çərçivəsində həllinə tərəfdar olduğunu vurğulayıb.

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Qarabağ müharibəsi zamanı dəhşətli hadisələrin baş verdiyini, ermənilərin azərbaycanlıları qırdığını deyib: “ Reallıq ondadır ki, bütün olanlara baxmayaraq, biz əvvəl-axır bir yerdə yaşamağa məhkumuq. Qarabağ bizim üçün əzizdir, biz Qarabağsız yaşaya bilmirik”.

İcmanın həmtəsisçisi, millət vəkili Elman Məmmədov isə qurumun bu vaxta qədərki fəaliyyətindən narazılığını bildirib: “Əslində, fəaliyyət üçün normal şərait də olmayıb. İcmanın otağı, strukturları olmayıb. Amma bundan sonrakı mərhələdə savadlı kadrların icmaya cəlb olunması, müasir texnologiyalarla təmin edilməsinə çalışacağıq”. E. Məmmədov bir sıra beynəlxalq təşkilatları da tənqid edib: “BMT-nin qəbul etdiyi qətnamələri Ermənistan kimi cırtdan dövlət yerinə yetirmirsə, bu BMT-nin özünün özünə hörmətsizliyidir. Əslində isə, BMT istəsə bu qətnamələri dərhal icra etdirər. ATƏT-in Minsk qrupu da prosesdə vasitəçi kimi iştirak etmir. Danışıqlar prosesində güclən nisbəti dördün birədir. Yəni Ermənistan üstəgəl üç həmsədr birdir, Azərbaycan isə tək. Həmsədrlər isə bəzən özlərini komediyaçı kimi aparırlar”.

E. Məmmədovun çıxışından sonra qurultayda fasilə elin edilib. Fasilədən sonra icmanın təşkilatı məsələləri müzakirə olunacaq, onun sədri seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR