Bank Of Baku

YAP-çı millət vəkili parlamentdə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər olunmasını təklif edib

YAP-çı millət vəkili parlamentdə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər olunmasını təklif edib
# 09 iyun 2009 10:26 (UTC +04:00)
Millət vəkili Siyavuş Novruzov qarşıdan bələdiyyə seçkilərinin gəldiyini qeyd edərək bununla bağlı bir sıra normativ aktlara əlavə və dəyişiklik edilməsinin vacib olduğunu deyib. Deputat eyni zamanda Seçki Məcəlləsinə əlavə və dəyişiklik edilməsi barədə məsələ qaldırıb: “Prezident seçkilərindən və referendumdan sora Seçki Məcəlləsinə dəyişiklik zərurəti ortaya çıxıb. Bu, müşahidəçilər və məntəqə seçki komissiyası üzvləri ilə bağlı olan məsələdir”. S. Novruzov deyib ki, “Siyasi partiyalar haqqında” qanuna da dəyişiklik edilməsinin vaxtı çatıb.

Millət vəkili İqbal Ağazadə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının qurultayının keçirildiyini xatırladaraq, belə bir icmanın fəaliyyətinin ölkə Konstitusiyasına zidd olduğunu qeyd edib: “Azərbaycan dövlətində azərbaycanlı icması kimi qeydiyyata alınmaq anormaldır. Konstitusiyada Dağlıq Qarabağın statusu müəyyənləşməyib. Niyə belə bir status müəyyənləşmədən bu icma fəaliyyət göstərməlidir? Azərbaycan tərəfdə ancaq erməni icması yaradıla bilər”.

Deputat Məlahət İbrahimqızı isə Ermənistanda atom elektrik stansiyasının tikilməsi barədə danışaraq bununla bağlı tender elan olunduğunu, Avstriya şirkətinin tenderdə qalib gəldiyini xatırladıb: “Bunun üçün beş milyard dollar ayrılacaq. 2016-cı ildə stansiya hazır olmalıdır. Buna yol vermək olmaz. Ermənistan seysmik baxımdan təhlükəli zonadır. Bu, region, bütövlükdə dünya üçün böyük təhlükədir. Azərbaycan bununla bağlı BMT-yə, MAQATE-yə müraciət etməlidir”.

Spiker Oqtay Əsədov isə deyib ki, bununla bağlı tender elan oluna bilər: “Atom elektrik stansiyasının tikintisi üçün böyük maliyyə vəsaiti lazımdır ki, bu da Ermənistanda yoxdur”.

Deputat Fazil Mustafa Fransa parlamentinin üzvünün Dağlıq Qarabağa səfər etdiyini qeyd edərək bildirib ki, Azərbaycan Fransasının ATƏT-in Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırılmasını tələb etməlidir. Millət vəkili, həmçinin, Gürcüstanda yaşayan azərbaycanlılara diqqətin artırılmasını, orada Azərbaycan dilində yerli telekanal açılmasını, müəllim çatışmazlığının aradan qaldırılmasını, buna stimul verilməsini təklif edib. O. Əsədov isə onun son təklifinə cavab olaraq “Ermənilər bunu stimulsuz edirlər, biz isə hər şeydə stimul axtarırıq” söyləyib.

Deputat Aynur Quliyeva internet media sahəsində tənzimləyici qurum yaradılması təklifi ilə çıxış edib. O deyib ki, İnternetin gənclərin psixologiyasına böyük təsiri olduğundan bu sahəyə diqqətlə yanaşmaq lazımdır.

Millət vəkili Qənirə Paşayeva isə İsrail prezidentinin Azərbaycana gözlənilən səfəri ilə bağlı İranda Azərbaycanı gözdən salan informasiyaların yayıldığını vurğulayıb: “Biz qonşu ölkələrlə normal münasibətdəyik. İranın Azərbaycana İslam həmrəyliyindən dərs keçmək hüququ yoxdur. Onlar bizə dərs verməyə çalışırlar. Amma özləri işğalçı dövlətə dəstək verirlər. Hətta Azərbaycan torpaqlarının işğalı ilə bağlı sərhədlərini belə bağlamadılar”.

MM sədri onun fikirlərinə münasibət bildirərək deyib ki, İranda Azərbaycanla bağlı səslənən fikirləri rəsmi mövqe kimi qarşılamaq olmaz.
Millət vəkili Pənah Hüseyn isə çıxışında Azərbaycan ordusundakı vəziyyətdən danışıb: “Son vaxtlar orduda baş verənlər cəmiyyətdə həssaslıqla qarşılanır. Hətta bəzi insanlar övladlarını orduya göndərməyəcəklərini bəyan edirlər. Bunun qarşısı alınmalıdır”.

Deputat dövlət başçısının, müdafiə nazirinin ordudakı vəziyyətlə bağlı MM-də hesabat vermələrini təklif edib.

MM sədrinin birinci müavini Ziyafət Əsgərov ordu ilə bağlı mətbuatda son zamanlar tez-tez yazılar getdiyini qeyd edərək bunları deyib: “Biz ordu rəhbərliyi ilə danışıqlar aparmışıq. Narahatlığa əsas yoxdur. Ordu da cəmiyyətin bir hissəsidir. Ordu ölkə başçısının diqqətindədir və ən çox qayğı ilə yanaşdığı sahələrdən biridir”.
Yaxın zamanlarda hərbçilərin ipoteka probleminin həll olunacağını deyən Z. Əsgərov onu da bildirib ki, ordudakı nizam-intizam məsələsi də dövlət başçısının birbaşa nəzarətindədir.

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR