Bank Of Baku

Azərbaycan Milli Məclisinin üzvü Ülvi Quliyev: “İmtahana hazırlaşıram...” - MÜSAHİBƏ

Azərbaycan Milli Məclisinin üzvü Ülvi Quliyev: “İmtahana hazırlaşıram...” - <font color=red> MÜSAHİBƏ</font>
# 12 iyun 2009 11:07 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin üzvü, Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyevin APA-ya müsahibəsi

- Deputat seçilməzdən əvvəl nə işlə məşğul olurdunuz?

- İstəyirəm bir qədər özüm haqqında məlumat verim. 1966-cı ildə Bakının Nəsimi rayonunda doğulmuşam. Orta təhsilimi Nəsimi rayonunun 5 və 9 nömrəli orta məktəblərində almışam. Bunu ona görə deyirəm ki, deputat seçildiyim Nəsimi rayonu mənə yad deyil. İlk ali təhsilimi Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsində almışam, fakültəni fərqlənmə diplomu ilə bitirmişəm. Nə orta məktəbdə, nə də universitetdə “4” almışam. 1978-ci ildən - orta məktəbdə oxuyanda karate ilə məşğul olmağa başladım. O vaxt karatenin rəsmi idman növü kimi fəaliyyətinə icazə verilmirdi. Biz karate ilə qeyri-rəsmi məşğul olurduq. Sonradan rəsmi icazə verildi. 1982-83 illərdə Azərbaycanda keçirilən ilk karate çempionatında çempion olmuşam. Bundan sonra müəyyən müddət karate yenə rəsmi idman növlərinin siyahısından çıxarıldı. Mən isə bekar dayanmadım. 1983-90-cı illərdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına karatedən təlim keçdim. 1992-ci ildə isə Azərbaycan Karate Federasiyası mənim təşəbbüsümlə təsis olundu. Elə həmin ildən Avropa və dünya çempionatlarında iştirak etməyə başladıq. Müxtəlif illərdə karate üzrə şəxsi nailiyyətlərim olub. 1993-cü ildən 1998-ci ilə kimi keçirilən çempionatlarda uğurlu çıxışlar etmişəm. 1997-1998-ci illərdə dünya və Avropa çempionatlarında birinci yeri tutmuşam. 1998-ci ildən sonra isə yarışa çıxmamışam. Həmin vaxtdan peşəkar karyerama nöqtə qoydum. Onda həm federasiyaya rəhbərlik edib, təşkilatı işlərlə məşğul olur, həm də idmançı kimi fəaliyyət göstərirdim.

- Karatedə hansı rütbələri qazanmısınız?

- Karatedə rütbələr sərəncamla verilmir. “Altıncı dan”ı 2003-cü ildə almışam. “Yeddinci dan”a imtahanı isə altı ildən sonra ya bu il, ya da 2010-cu ildə verə bilərəm. Mən “beşinci dan”ı alanda SSRİ məkanında bu titullu çox az idmançı var idi. Hər rütbəni almaq üçün imtahan verməli, elmi iş yazmalısan. Bu məsələdə dünyada və ölkədə karate üzrə xidmətlər nəzərə alınır. İndi mən, belə demək mümkünsə, “yeddinci dan”ı almaq üçün növbəti imtahana hazırlaşıram. Azərbaycanın ən ağır vaxtlarında karate ilə məşğul olub, töhfələrimi vermişəm. İndi idmanla bağlı məsələlər bir qədər dəyişib. Artıq dövlət idmana böyük qayğı və dəstək göstərir.

- Hazırda karate sahəsində hansı fəaliyyətlə məşğulsunuz?

- Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentiyəm. Bu gün ölkədə 15 karate federasiyası var. Dünyada karate üzrə ən tanınmış yaponiyalı müəllimləri hər il Azərbaycana gətirirəm. Onlar burada seminarlar keçir, idmançılarımızın dünya görüşünün artmasında böyük rol oynayırlar.

- Peşəkar idmandan gedəndən sonra nə işlə məşğul oldunuz?

- İlk təhsilim əczaçılıq olsa da, bu sahədə fəaliyyətim az olub. İkinci təhsilimi isə Bakı Dövlət Universitetin hüquq fakültəsində almışam. Bu ixtisasımla bağlı Dövlət Gömrük Komitəsinin Qaçaqmalçılıq Baş İdarəsində Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə şöbəsinin rəisi işləmişəm, polkovnik-leytenantam. Daha sonra “Gömrükçü” İdman-Sağlamlıq Mərkəzin baş direktorunun müavini olmuşam. 2005-ci ildə isə Nəsimi rayonunda 21 saylı birinci Seçki Dairəsindən, yaşadığım ərazidən namizədliyimi verib, deputat seçilmişəm.

- Milli Məclisin üzvü olmaq istəyiniz haradan yarandı?

- Hələ gənclik illərindən ictimaiyyətdə təmsil olunmuşam. İşim həmişə gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, sağlam həyat tərzi sürməyi aşılamaq olub. Demək olar ki, ölkənin bütün regionlarında idman dərnəkləri təsis etmişəm. Karate mənim üçün böyük həyat yolu olub. Bu idman vasitəsilə bütün dünyada, o cümlədən ölkəmizin bütün regionlarında insanlarla ünsiyyətdə olmuşam, təcrübə qazanmışam. Açığını deyim ki, hələ 2000-ci ildə deputatlığa namizədliyimi vermək fikrim vardı. Ancaq bu niyyətim 2005-ci ildə baş tutdu, gözəl bir komanda ilə seçkiyə gedib, qalib gəldim.

- Milli Məclisin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Milli Məclisi böyük məktəb hesab edirəm. Orada insan lazımlı təcrübə qazanır. Parlamentdə bütün sahələri təmsil edən insanlar var. Bir növ tanıdığın, hörmət etdiyin insanların proseslərə münasibətindən dərs alırsan.

- Bəs, Siz niyə bu proseslərdə iştirak etmirsiniz?

- Əslində Milli Məclisdəki fəaliyyətin görünən və görünməyən tərəfləri var. Mən fikirləşmirəm ki, kiminsə çox çıxış etməsi onun növbəti seçkilərdə yenidən seçicilərin etimadını qazanması üçün əsas ola bilər. Parlament xalqın iradəsi ilə formalaşır. Bəzi jurnalistlər hesab edir ki, Milli Məclisdə tez-tez çıxış etmirsənsə, aktiv deputat deyilsən. Belə deyil. Doğrudur, ara-sıra mənim də çıxışlarım və təkliflərim olub. Ancaq məni seçən və etimad göstərən insanlarla ünsiyyət, onların sevincinə, kədərinə şərik olmaq daha vacib şərtdir. Digər tərəfdən, deputatın işi təkcə çıxış etmək deyil. O, təkliflərini komitə iclaslarında və ya başqa formalarda da irəli sürə bilər. Çinlilərin gözəl bir misalı var: “Sən başını aşağı sal işini gör, səni hamı görəcək”. Mən bu prinsipi əsas götürürəm. İdmanda böyük nailiyyətlər qazananda da dostlarım məni mətbuata çıxartmaq üçün zülm çəkirdilər. Heç vaxt öz fəaliyyətimi gözə soxmaq istəyim olmayıb.

- Növbəti parlament seçkilərində namizədliyinizi irəli sürəcəksiniz?

- Deputat seçiləndən sonra ölkənin daxili və xarici siyasəti ilə bağlı kifayət qədər təcrübə toplamışam. İlk beş ili böyük məktəb hesab edirəm. Gələcəkdə deputat kimi fəaliyyətimi davam etdirmək imkanım olacaqsa, daha aktiv olmağa çalışacağam. Hələlik qarşıda bir ildən çox müddət var. Odur ki, növbəti parlament seçkilərində iştirakla bağlı hələlik qərar verməmişəm.

- Bəzən deputatlar seçicilərinin problemlərinin həlli ilə bağlı hansısa məmura müraciətinin cavabsız qalmasından gileylənirlər. Siz belə hallarla rastlaşmısınızmı?

- Ümumiyyətlə, mən subordinasiya qaydalarını gözləyən adamam. İqtidar üzvü olmasam da, döydüyüm qapıların hamısı yaxşı mənada üzümüzə açılıb. Yəni, hər yerdə hörmətlə qarşılanmışam. Hansısa məsələnin həlli ilə bağlı müraciət etmək məcburiyyətində, qalanda sözümü eşidirlər. Ancaq təbii ki, bəzən elementar məsələlərin həllində məmur özbaşınalığına da rast gəlmək olur.

- Milli Məclisin zalında olmaq maraqlıdır, ya idman zalında?

- Hər iki zalda olmaq çox ağırdır. Heç bir zalda səhvə yol vermək olmaz. Həm siyasətdə, həm də idmanda buraxılan səhv məğlubiyyətlə nəticələnir. Söhbət harada olursansa ol, ədalət hissini itirməməkdən gedir.

- İdmançılarla ünsiyyət səmimi alınır, siyasətçilərlə?

- İdmançılarla ünsiyyət təbii ki, daha rahatdır. Siyasətdə tam səmimi olmaq mümkün deyil. Bu sahələrdə insanların münasibətləri bir-birinin əksinədir.

- Gününüzü necə bölürsünüz?

- Bu gün səhər açılandan məşq edirəm. Müsahibə başa çatan kimi ingilis dili kursuna gedəcəyəm. Sonra bəzi tədbirlərə qatılacağam, axşama toya dəvətliyəm. Demək olar ki, dəvət olundum bütün toylarda iştirak edirəm. Yas mərasimlərində iştirak isə çox vacibdir. Vaxtla bağlı məsələyə gəlincə, son günlər vaxtımın böyük bir hissəsini ingilis dilini öyrənməyə və seçicilərlə görüşə həsr edirəm. Demək olar ki, ailədə məndən başqa hamı ingilis dilini yüksək səviyyədə bilir.

- Ailədən söz düşmüşkən, mümkünsə, ailəniz haqqında məlumat verin...

- Həyat yoldaşım ingilis dili müəllimi olsa da, evdar xanımdır. Oğlum Orxan 1989-cu il təvəllüddür. O, hazırda Londonda təhsil alır. Gələn ay təhsilini başa vurub, hərbi xidmətə getmək üçün Azərbaycana gələcək. Əsgərlikdən sonra magistratura təhsil davam etdirmək fikri var. Qızım Nərmin isə 1992-ci ildə doğulub. O, Qərb Universitetdə İngilis dili fakültəsində təhsil alır. Bayaq ona görə dedim ki, ailədə ingilis dilini hamıdan zəif mən bilirəm və bu problemi aradan qaldırmağı qarşıma məqsəd qoymuşam.

- O zaman artıq pul xərcləyib kursa niyə gedirsiniz? Elə ingilis dilini evdə öyrədə bilərlər də...

- Kursa gedəndə müəyyən tələblər olur və tapşırıqlar verilir. İstər-istəməz bu tapşırıqları yerinə yetirməyə çalışırsan. Çalışırsan ki, müəllimin qarşısında utanmayasan. Ancaq evdə məndən belə tələblər edə bilməzlər. Bu, bir neçə illik əziyyətdir, öhdəsindən gələcəyik.

- Oğlunuz hansı hərbi hissəyə düşsə, orada da qulluq edəcək?

- Çox güman ki, belə olacaq. Mən nizam-intizamlı, dövlətin qanunları ilə yaşayan vətəndaşam. Anlayıram ki, hərbi xidmətlə bağlı müəyyən problemlər var. Son vaxtlar ordudakı vəziyyət xüsusi şəkildə müzakirə olunur. Ancaq Azərbaycanın hərbi sahədəki inkişafı həddən artıq diqqət çəkəndir. Bu işin görünməyən tərəfləri daha çoxdur. Problem olmayan yer yoxdur. Ümumiyyətlə, Azərbaycanda ən çox inkişaf baş verən sahələrdən biri hərbi sektordur. Yenə də səmimi deyirəm ki, oğlumun hərbi xidməti ilə bağlı heç nə planlaşdırmamışam.

- Hansı janrda olan musiqiləri sevirsiniz?

- Səs-küydən uzaq adamam. Sakit musiqini sevirəm. Bu gün Azərbaycanda səsi olan kifayət qədər gözəl müğənni var.

- Yeri gəlmişkən, bu il Azərbaycan təmsilçilərinin “Eurovizion” musiqi yarışmasında iştirakına münasibətiniz necə oldu?

- Aysellə Araşın iştirakını çox yüksək qiymətləndirdim. Açığını deyim ki, mən onları birinci yerə layiq görürdüm. Onların səhnə mədəniyyətindən tutmuş ifa tərzinə qədər hər şey çox yüksək səviyyədə idi. Azərbaycanı bu müsabiqədə ötən il təmsil edənlərlə builki təmsilçilər arasında çox böyük fərq var. Builki iştirakçılar çox üstün idilər. Mən özüm də təmsilçilərimizi dəstəkləyənlər sırasında idim.

- Həmkarlarınızdan bəziləri bayağı musiqilərin, aşağı səviyyəli şou-proqramların televiziya efirlərindən yığışdırılması uğrunda kampaniyaya başlamışdılar. Siz bu barədə nə düşünürsünüz?

- İnsanlara seçim imkanı verilib. Kimsə hansısa proqramı və ya müğənninin ifasını bəyənmirsə, kanalı dəyişə bilər. Televiziya öz məhsulunu təqdim edir, onu almağı tamaşaçı qarşısında şərt kimi qoymur.

- Dinə münasibətiniz necədir?

- 2005-ci ildə İslam Oyunları Olimpiadasına gedəndə Məkkədə Ümrə ziyarətində olmuşam. Dində fanatizmi qəbul etmirəm, amma münasibətim normaldır. Adamların Kəbə ətrafında bərabər şəkildə dövrə vurduğunun şahidi olmuşam. O bərabərliyin böyük mənası var. Fikirləşirsən ki, bütün insanlar ziyarət məqamındakı kimi bərabər olmalıdırlar...
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR