Bank Of Baku

Qüdrət Həsənquliyev: “QHT-lərlə bağlı olan narahatlığı bölüşürəm, amma problemin həlli üçün seçilən yolu qəbul etmirəm” - MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “QHT-lərlə bağlı olan narahatlığı bölüşürəm, amma problemin həlli üçün seçilən yolu qəbul etmirəm” - <font color=red>MÜSAHİBƏ</font>
# 20 iyun 2009 08:57 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi

- “Təhsil haqqında” qanun layihəsi qəbul edildi. Bu qanuna səs verdinizmi?

- Mən, ümumiyyətlə, səsvermədə iştirak etmədim.

- Nə üçün?

- Ümumilikdə bu qanunu bəyənsəm də, orada Konstitusiyaya zidd bir müddəa var idi. Buna görə də səsvermədə iştirak etmədim. Konstitusiyada göstərilir ki, Azərbaycanda ümumi orta təhsil icbaridir və pulsuzdur. Ümumi orta təhsil deyiləndə isə 11 illik təhsil nəzərdə tutulur. Bu təhsil pilləsini bitirmiş şəxs ali məktəbə sənəd verə bilir. Natamam orta təhsil də var və bunu bitirənlər orta ixtisas peşə məktəblərinə sənəd verə bilirlər, yaxud istehsalatda çalışmaq imkanına malikdirlər. Amma indi Azərbaycanda təhsilin pillələri ibtidai təhsil, ümumi orta təhsil və ümumi tam orta təhsilə ayrılır. Ümumi orta təhsil 9-cu sinfə qədər, tam orta təhsil 11 illik təhsil hesab olunur. Bu da Konstitusiyaya ziddir və vətəndaşların hüquqlarının məhdudlaşdırılmasıdır. Əgər əvvəllər ümumi orta təhsili bitirən şəxs birbaşa ali məktəbə sənəd verə bilirdisə, indi onun bu hüququ yoxdur. Yəni burada söz oyunu ilə faktiki surətdə Konstitusiyanın tələbi pozulub.

İndi tam orta təhsil məcburi xarakter daşımır. Amma əvvəl ümumi orta təhsil deyəndə tam orta təhsil başa düşülürdü və bu, icbari xarakter daşıyırdı. Amma onu deyim ki, qanunun müsbət tərəfləri də var və onun qəbulunu böyük uğur, nailiyyət hesab edirəm ki, nəhayət Azərbaycanda nöqsanlarına, razılaşmadığımız müddəalarına baxmayaraq, “Təhsil haqqında” qanun qəbul edildi.

- Bu qanunu irəliyə, yoxsa geriyə addım hesab edirsiniz?

- Artıq qanun qəbul edilib. Dediyim kimi, orada razılaşmadığım məqamlar var, müəyyən təkliflərim var idi, istərdim ki, bir sıra məsələlərə elə qanunun özündə aydınlıq gətirilsin. Qanunda ali məktəblər və həmçinin orta ixtisas məktəbləri ilə bağlı müsabiqələr nəzərdə tutulub. Ümumi orta və tam orta təhsillə bağlı isə hər hansı müddəa yoxdur. Amma bu gün ümumi və tam orta təhsil verən liseylərin çoxu qəbulu müsabiqə ilə aparılır. Yəni bununla bağlı çoxlu məsələlər saymaq olar. Amma ilk addım olaraq bunun təhsil sistemində müsbət dəyişikliklərin yaranmasına gətirib çıxaracağını arzu edirik.

- “QHT-lər haqqında” qanuna təklif edilən əlavə və dəyişikliklər QHT-lərin fəaliyyətini məhdudlaşdıra bilərmi? Ümumiyyətlə, Azərbaycanda indiki situasiyada vətəndaş cəmiyyəti ilə bağlı belə bir addımın atılmasına ehtiyac vardımı?

- Mən hesab edirəm ki, ehtiyac yox idi. Bu təşəbbüslə Milli Məclisin Dövlət quruculuğu və Hüquq Komitəsi çıxış edib, komitədə də çoxluq hakim partiyanındır. Şəxsən mən bu məsələdə hakim partiyanın da, hökumətin də narahatlığını başa düşürəm və bu narahatlığı bölüşürəm. Amma gələcəkdə gözlənilən təhlükələrin qarşısının önləmək üçün seçilən yolu doğru hesab etmirəm.

- Narahatlıq nədən ibarətdir?

- Məsələn, iki-üç gün əvvəl bir qrup QHT toplaşaraq, İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərini pisləyən tədbir keçirdilər, bəyanatla çıxış etdilər. Bunu da İsrailin Fələstində müsəlmanların hüquqlarını tapdalaması ilə izah etdilər. Azərbaycanda siyasətlə az-çox maraqlanan şəxslər bilir ki, həmin insanlar Azərbaycanın marağından deyil, hansısa qonşu dövlətin marağından çıxış edərək, belə toplantı keçiriblər. Burda heç bir vətən və ya müsəlman təəssübkeşliyi rol oynamayıb. Əgər belə olsaydı, həmin şəxslər Dağlıq Qarabağda bir milyon azərbaycanlının hüquqlarını pozub, qız-gəlinlərini əsir götürən Ermənistan rəhbərliyi ilə çox isti görüşlər keçirən İran rəhbərliyinə də etiraz edərdilər. Axı Qarabağda başına faciələr gətirilənlər də müsəlman, üstəlik həm də həmin insanlarla eyni millətin, eyni qanın daşıyıcılarıdılar. Deməli, faktiki olaraq bu tədbir hansısa dövlətə yarınmaq üçün keçirirlər. Narahatlıq da budur ki, belə qüvvələrdən həmin qonşu dövlətlər gələcəkdə ən pis məqsədlər üçün istifadə edə bilərlər. Mən hesab edirəm ki, Şimon Peresin Azərbaycana səfərinə qarşı çıxmaq elə Azərbaycanın dövlət maraqlarına zidd olan bir addımdır.

Başqa bir misal deyim. Bu günlərdə mən Xaliq Bahadırın “Azadlıq” qəzetində Eynulla Fətullayevə “Aministy İnternational” təşkilatının Londonda mükafat verilməsi ilə bağlı bir yazısını oxudum. O yazır ki, bu mükafatı verməklə həm də Azərbaycana təzyiq etmək istəyirlər. X. Bahadır daha sonra yazısını qeyd edib ki, “Amnesty İnternational” təşkilatının insan haqları ilə bağlı keçirdiyi tədbirində Azərbaycanın əleyhinə fikir səsləndirə biləcək insanların çıxışına imkan verilməyib. Onlar bildiriblər ki, Azərbaycanda seçki yaxınlaşdığı üçün bu ölkənin əleyhinə olan fikirlərin tədbirlərində səsləndirilməsini istəmirlər. Səbəbini soruşanda isə bildiriblər ki, onların sponsoru olan şirkət Azərbaycanla bağlı məsələləri qabartmamağı tövsiyə edib. Əgər dünyada nüfuzu olan QHT öz sponsorundan bu qədər asılıdırsa, görün bizdəki kiçik təşkilatlara təsir etmək nə qədər asandır. Yəni, kim sponsorluq edirsə, şərtləri də o diqtə edir. Digər tərəfdən bu təşkilat hətta mükafatı belə təzyiq vasitəsi kimi istifadə edirsə, o zaman bizdə kənardan maliyyələşən QHT-lərdən də hansı vasitələr üçün istifadə olunmasının mümkünlüyünü düşünmək o qədər də çətin deyil.

Ona görə də müəyyən nizamlamaya ehtiyac var. Amma, məncə, seçilən yol doğru deyil.
Bu dəyişiklik qəbul edilsə, vətəndaş cəmiyyətinin inkişafına mənfi təsir göstərəcək. Təəssüf ki, buna etiraz formaları da düzgün seçilmədi. Yenə də bəzi siyasi partiyalar naqiscəsinə problemin həllindən daha çox, təhrikedici ifadələr seçməklə hökumətin bu dəyişikliyi həyata keçirməsinə nail olmaq istəyirlər. Bilə-bilə ki, heç bir gücləri yoxdur və onların bu cür hədə-qorxuları ikrah doğurur, yenə də bəyanatlar verməyə başladılar. Bir neçə gün öncə keçirilmiş tədbirdə də “hökumətlə ancaq hədə dilində danışmaq lazımdır” deyirdilər. Yəni məqsədyönlü şəkildə məsələni qəlizləşdirməyə yönələn çıxışlar etməyə başladılar. Əslində isə problemin həllinə yönələn mövqe seçilmədi.

Məncə, hökumət bunun doğru yol olmadığını, Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərəcəyini nəzərə almalıdır. Əksinə, bu dəyişikliklər edilsə belə, hüquqi qüvvəsi olmayan bir sənəd olacaq. Çünki Azərbaycan Mülki və Siyasi Hüquqlar haqqında Pakta qoşulub, İnsan Hüquqları və Siyasi Azadlıqlar haqqında Avropa Konvensiyasına qoşulub və bizim Konstitusiyada da yazılıb ki, əgər Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələr Konstitusiyaya ilə ziddiyyət təşkil etmirsə, onlar bizim qanunlardan üstün hüquqi qüvvəyə malikdirlər. Yəni artıq o konvensiyalar Azərbaycanın “QHT-lər haqqında” qanunundan üstün hüquqi qüvvəyə malikdir.

Məncə, hökumət bəzi qıcıqlandırıcı bəyanatlara fikir vermədən, düşünülmüş addım atmalıdır. Mən inanmıram ki, təhdid, hədə yolu ilə nəyə isə nail olmaq mümkündür. Ona görə də təklif edirəm ki, QHT-lər prezidentə müraciət etməlidirlər, prezidentlə görüşməli və bu dəyişikliyin gündəmdən çıxarılmasına nail olmalıdırlar.

- Müsavat Partiyasının başqanı İsa Qəmbər Xalq Cəbhəsinin bərpa olunması ilə bağlı təkliflə çıxış edib. Sizin buna münasibətiniz necədir?

- Bu populist, qeyri-ciddi təklifdir. Özü də bu təklif QHT-lərin qanuna təklif olunan dəyişikliyə etiraz tədbirlərində səsləndi. Mən oradakı çıxışımda da dedim ki, iştirakçıların əksəriyyəti vaxtilə Xalq Cəbhəsində olub və oradan canlarını güclə qurtarıblar. Oradakı qarşıdurmalardan, bəyanatlardan yorularaq üçüncü sektora üz tutublar. Bir insan ki, bu qurumdan qaçıb, o yenidən həmin birliyə qayıdarmı? Özü də bilə-bilə ki, həmin düşərgədə yenə də liderlik etmək iddiasında olan adamlar bu təşəbbüslə çıxış edirlər. Bu baxımdan indiki məqamda bu təklifi qeyri-real sayıram. Həmin düşərgənin uğursuzluğunun biri də budur ki, zaman-zaman bu cür real olmayan təkliflərlə çıxış edirlər.

- İndiki məqamda belə bir addım atmağa ehtiyac varmı?

- Əlbəttə, müxalifətin birliyə, əməkdaşlığa ehtiyacı var. Amma bu gün müxalifət o qədər rəngarəng və baxışlarda o qədər fərqlər var ki, onların bir araya gəlməsi qeyri-mümkündür.

- Xalq Cəbhəsinin bərpası prosesi başlasa, siz bu prosesdə iştirak edəcəksinizmi?

- Ümummilli məsələlər var ki, bu məsələlərlə bağlı bütün qüvvələrlə bir araya gəlməyə hazıram. Amma bizim demokratik cəmiyyət qurması ilə bağlı məsələdə baxışlarımız fərqlidir. QHT-lərlə bağlı tədbirdə İsa Qəmbərin, Əli Kərimlinin ağzından od püskürürdü, elə bil əjdaha idilər. Amma bilirsiniz də, reallıqda əjdaha yoxdur, o, ancaq nağıllarda olur. Mənim nağıla qulaq asmaq, ya da o cür personajları görmək həvəsim yoxdur, nağıl qəhrəmanları ilə bir yerdə olmağım da mümkünsüzdü.

- Partiyanız bələdiyyə seçkilərində hansı formada iştirak edəcək?

- Hazırlıqlara başlamışıq və çalışacağıq ki, bu prosesdə bizə yaxın olan partiyalarla birgə iştirak edək. Uğur qazanmaq üçün bacardığımızı edəcəyik. BQP və Aydınlar Partiyası ilə blok yaratmaq məsələsi də gündəmdədir. Belə bir təşəbbüs göstərmişik, çalışacağıq ki, daha çox düşüncə baxımdan yaxın olan partiyalarla bir arada olaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR