Bank Of Baku

Bir qrup deputat dövlət büdcəsindən İTV-yə ayrılan vəsaitin artırılması təklifi ilə çıxış edib

Bir qrup deputat dövlət büdcəsindən İTV-yə ayrılan vəsaitin artırılması təklifi ilə çıxış edib
# 11 noyabr 2009 14:19 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin (MM) iclasında “Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilir. APA-nın məlumatına görə, iclasda çıxış edən bir qrup deputat İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) dövlət büdcəsindən ayrılan vəsaitin artırılması təklifi ilə çıxış edib. Millət vəkili Fəzail Ağamalı deyib ki, İTV özünü doğruldub, ona görə də quruma büdcədə ayrılan vəsait artırılmalıdır.

Millətə vəkili Qüdrət Həsənquliyev də İTV-yə ayrılan vəsaitin azlığından narahat olduğunu deyib: “Məni ən çox narahat edən məsələlərdən biri İctimai televiziyaya ayrılan vəsaitdir. Bu telekanal büdcədən maliyyələşən yeganə telekanaldır ki, Milli Məclisin fəaliyyətini daha çox işıqlandırır, deputatlara imkan yaradır. Avropa Yayımları Birliyinə üzv olan telekanallar içərisində ən az büdcəsi olan İTV-dir”.

Millət vəkili Fəzail İbrahimli İctimai televiziyanı ən baxımlı və milli kanal adlandırıb: “Milli mənəvi dəyərlərin qorunmasında xüsusi rolu var. Milli dəyərlərin xalqa çatdırılması sahəsində gördüyü bu işləri nəzərə alaraq İTV-yə diqqətin artırılması məqsədəuyğun olardı”.

Deputat Aynur Quliyeva gələn ilin büdcə layihəsində İTV-yə ayrılan vəsaitə yenidən baxılmasını xahiş edib: “İTV cəmiyyətin bütün problemlərin çiynində daşıyan, ictimaiyyətin maraqlarına fədakarlıqla xidmət göstərən və seçki prosesinin bütün çətinliklərini daşıyan və bu sahədə üzümüzü ağ edən bir televiziyadır. Bu məsələyə diqqət yönəltməyi xahiş edirəm”.

Millət vəkili Qənirə Paşayeva da İTV-yə büdcədən ayrılan vəsaitin artırılmasına tərəfdar olduğunu deyib: “İctimai televiziya dövlət büdcəsindən maliyyələşir. Bu gün hamımız şikayət edirik ki, televiziyalarda lazımi səviyyədə proqramlar hazırlanmır. İstər əhalinin maarifləndirilməsi baxımından, istərsə də milli mənəvi dəyərlər baxımından. İctimai televiziya məhz bu funksiyanı həyata keçirən ən uğurlu televiziyalarımızdan biridir. Ona görə İTV-nin maliyyələşdirilməsi üçün vəsaiti daha da artırmaq lazımdır ki, onlar daha yüksək səviyyəli proqramlar hazırlasınlar. Çünki bu televiziya ictimaiyyətin televiziyası olaraq cəmiyyətin daha güclü şəkildə maarifləndirilməsini həyata keçirir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR