Bank Of Baku

Azərbaycan Milli Məclisində “Dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başa çatıb

Azərbaycan Milli Məclisində “Dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başa çatıb
# 12 noyabr 2009 15:56 (UTC +04:00)
APA-nın xəbərinə görə, müzakirələrdən sonra spiker Oqtay Əsədov 3 gün sürən müzakirələr nəticəsində hökumətə parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün iki həftə vaxt verildiyini bildirib. MM sədri daha sonra təsdiq olunmaq üçün sənədin parlamentə qaytarılacağını deyib.

Müzakirələrdən sonra maliyyə naziri Samir Şərifov çıxış edib. Nazir səslənən təkliflərə münasibət bildirib. S. Şərifov deyib ki, Azərbaycanda 10,2 faiz gizli iqtisadiyyat var və Dövlət Statistika Komitəsi ümumi daxili məhsulu hesablayanda bunu nəzərə alır. Büdcə layihəsində neftin qiymətinin 45 dollar götürülməsi barədə danışan nazir bu qiymətin daha yüksək olması barədə səslənən təkliflərə də toxunub. Onun sözlərinə görə, neftin qiymətini 55-60 dollar da göstərmək olardı və belə olsaydı, büdcəyə əlavə 300-400 milyon manat əlavə vəsait gələcəkdi.

S. Şərifov MM-in nəqliyyat təminatı barədə müzakirələrdə qeyd edilən məqamlar barədə də danışıb. O, deyib ki, bu məsələyə həmişə diqqətlə yanaşılıb, hazırda MM-in sərəncamında saz vəziyyətdə olan 97 avtomobil var.

Maliyyə naziri İctimai Televiziya və Radio Yayımları Şurasının (İTV) büdcəsinin artırılması barədə millət vəkillərinin təkliflərinə də münasibət bildirib. S. Şərifov büdcədə İTV üçün 8 milyon manat vəsait nəzərdə tutulduğunu qeyd edərək xatırladıb ki, bu qurum yaranandan sonrakı illərdə müxtəlif ayırmalar olub. Amma qanuna əsasən, İTV-nin dövlət büdcəsində maliyyələşməsi 2010-cu ilin yanvarından başa çatırdı: “Amma bu müddət uzadıldı. Azərbaycanda başqa televiziya kanalları da var. İTV əslində bundan sonra abunələr hesabına maliyyələşməlidir”.

S. Şərifov kino çəkilişlərinə ayrılan vəsaitin az olması, büdcədə bu sahə üçün daha çox vəsait ayrılması barədə təkliflər haqda danışarkən qeyd edib ki, əslində, dünyada olduğu kimi, Azərbaycanda da kino çəkilişləri sərmayələr hesabına olmalıdır, bunun üçün dövlət vəsait ayırmamalıdır: “Buna baxmayaraq, kino çəkilişlərinə büdcədən 6 milyon manat vəsait ayrılıb”.

Qeyd edək ki, parlamentin sabah keçiriləcək iclasında Dövlət Sosial Müdafiə Fondunun büdcəsi və büdcə zərfində daxil olan digər sənədlər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR