Bank Of Baku

Partiyalar bələdiyyə seçkiləri ilə bağlı kütləvi aksiyalar keçirəcəkmi? - SORĞU

Partiyalar bələdiyyə seçkiləri ilə bağlı kütləvi aksiyalar keçirəcəkmi? - <font color=red>SORĞU</font>
# 13 noyabr 2009 13:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasında partiya kimi iştirak edən subyektlər kütləvi aksiyalar keçirəcəklər. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı APA-ya bildirib ki, kampaniya ilə bağlı partiyanın tədbirlər planı hazırlanıb və burada kütləvi aksiyalar da nəzərdə tutulur: “Biz lazım gəlsə açıq və qapalı aksiyalar keçirəcəyik. Şəraitə uyğun olaraq bu üsullardan biri seçiləcək”.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, istənilən halda seçki prosesi kütləvi aksiyalarla müşayiət olunmalıdır: “Bütün demokratik ölkələrdə əgər hansısa bir seçki prosesi gedirsə, kütləvi aksiyalar aktuallaşır və Azərbaycanda da əgər normal bir şərait yaradılsa, Müsavat Partiyası seçkilərdə partiya şəklində qeydiyyata alınsa, Azərbaycan hakimiyyəti bizim partiya kimi qeydə alınmağımıza problemlər yaratmasa, heç şübhəsiz ki, biz seçki kampaniyasında fəal iştirak edib, o cümlədən kütləvi aksiyalar keçirmək niyyətindəyik”.

Vətəndaş Həmrəyliyi Partiyasının təşkilat şöbəsinin müdiri Samir Əsədli seçkilərlə bağlı tədbirlər proqramı hazırlandığını və kütləvi aksiyaların keçiriləcəyini bildirib: “Bu kütləvi aksiyalar yalnız namizədlərin təbliğatına həsr olunacaq”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli isə bildirib ki, bələdiyyə seçkilərinin spesifik qaydaları var və bu seçkilər ayrı-ayrı yaşayış məntəqələri üzrə keçirilir: “Ona görə də bu seçkilərdə kütləvi aksiyaların nə dərəcədə effektli olacağını düşünmək lazımdır. Biz daha üstün texnologiyalardan istifadə edəcəyik, seçicilərlə fərdi olaraq işləməyə çalışacağıq”.

Ümid Partiyası sədrinin müavini Şəbnəm Qarslı isə bələdiyyə seçkilərinin lokal tədbir olduğunu qeyd edib. Buna görə də bu seçkilərdə böyük kütləvi aksiyaların önəm daşımadığını qeyd edib: “Amma konkret bələdiyyələrin ərazilərində seçicilərlə görüşlər təşkil olunacaq. Ümumrespublika mitinqləri isə nəzərdə tutulmayıb”.

Qeyd edək ki, Xalq Cəbhəsi, Demokrat, Liberal, Milli İstiqlal, Vətəndaş və İnkişaf və digər partiyalar seçkilərə rəsmi olaraq qatılmadığı üçün onlar təbliğat aksiyası keçirmək hüququna malik deyillər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR