Bank Of Baku

Fazil Mustafa: “Avropa Şurası baş katibinin ittihamın başqa motivinin olması haqqında konkret mülahizə söyləməsi doğru deyil” - MÜSAHİBƏ

Fazil Mustafa: “Avropa Şurası baş katibinin ittihamın başqa motivinin olması haqqında konkret mülahizə söyləməsi doğru deyil” - <font color=red>MÜSAHİBƏ</font>
# 16 noyabr 2009 09:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafanın APA-ya müsahibəsi

- Fazil bəy, son günlər iki gənc fəalın həbsi ilə bağlı məhkəmənin qərarından sonra Avropa Şurasının baş katibi Turbyörn Yaqland, eləcə də Almaniya və Norveç səfirlikləri Azərbaycan hakimiyyətinə qarşı kəskin bəyanatla çıxış ediblər. Bu bəyanatları necə qiymətləndirirsiniz?

- Bu kimi məsələlərə siyasi aspektdən deyil, birmənalı olaraq hüquqi aspektdən yanaşmağın tərəfdarıyam. Fikrimcə, hər hansı bir məhkəmə qərarı subyektiv və ya obyektiv mülahizələrlə tərəfləri qane etməyə bilər, onlar da öz narazılıqlarını duyğusal formada ifadə edə bilərlər. Ancaq bütün hallarda hansısa ədalətsiz hesab olunan qərarın düzəldilməsində başlıca məsələ hüquqi imkanlardan sonadək istifadə olunmasıdır. Biz indiyə qədər şahid olmuşuq ki, problemin həlli yollarını daxili hüquq müstəvisində aramadan xarici siyasi təzyiqlərə baş vurulması daha arzuolunmaz nəticələr ortaya çıxarır. Bu məsələdə gənclərdən birinin valideyni olan hörmətli Hikmət Hacızadənin mövqeyini daha cilalanmış bir mövqe kimi qiymətləndirirəm. O, mətbuata açıqlamasında növbəti hüquqi mərhələ üçün hazırlaşdıqlarını və apellyasiya şikayəti verəcəklərini bəyan edib.

Bu istiqamətdə biz də millət vəkili olaraq problemin həllinə köməklik göstərə bilərik. Ancaq bütün hallarda mənim prinsipial mövqeyim budur ki, hər hansı səfirliyin və ya Avropa Şurası baş katibinin bu formada Azərbaycana təzyiq göstərən bəyanatla çıxış etməsi müsbət bir hal deyil. Çünki söhbət yalnız bu məsələdən getmir, gələcəkdə ermənilərlə və ya hansısa digər başqa məsələlərlə də bağlı Azərbaycanın iç işlərinə müdaxiləni vərdişə çevirə bilərlər ki, bu da bizim dövlət mənafelərimizə ciddi ziyan vura bilər. Təsəvvür edin ki, Avropa Birliyi ölkələrindən Almaniya, Xorvatiya və Finlandiyada bir, Böyük Britaniyada isə iki bloqqer hazırda həbsdədir. Azərbaycanın bu ölkələrdəki səfirlərinin onların hüquqlarının qorunması ilə bağlı tələbi, yaxud onları siyasi məhbus hesab etməsi bu ölkələrin hakimiyyətləri tərəfindən hansı reaksiya ilə qarşılanardı? Bütün hallarda məhkəmənin qərarına xarici səfirliklər yalnız hüquqi qiymət verməli və qətiyyən siyasi mülahizələri önə çəkməməlidirlər. Bu, eyni zamanda onların diplomatik missiyalarına zidd olan addımlardır. Əvvəlki təcrübələr göstərir ki, səfirliklər tərəfindən edilən belə siyasi təzyiqlər bu kimi şəxslərin daha uzun müddətdə həbsdə qalmasına gətirib çıxarır. Halbuki daxildə hüquq-müdafiə təşkilatlarının fəal mövqeyi ilə onların azadlığa çıxması imkanlarını araşdırmaq daha müsbət nəticələrə gətirib çıxara bilər.

- Avropa Şurasının baş katibi öz bəyanatında məhkəmənin iki gənc fəalla bağlı həbs qərarını əslində hökuməti qapalı tənqid edən satirik videokliplə əlaqələndirir. Belə bir açıqlamanın hansısa hüquqi təməli varmı?

- Burada hansı videoklipdən söhbət getdiyini bilmirəm. Ancaq hüquqi baxımdan Avropa Şurası kimi bir qurumun baş katibinin formal da olsa, məhkəmədə qərarın əsasını təşkil edən ittiham aktından çıxış etməsi vacib idi. Çünki ittiham aktına daxil olmayan hansısa bir ehtimala istinad edilərkən ən azı mənbənin göstərilməsi zəruridir. Avropa Şurasının baş katibi məhkəmənin qərarını ədalətsiz hesab edə və ya prosessual pozuntuların olduğunu iddia edə bilər, ancaq ittihamın başqa motivinin olması haqqında konkret mülahizə söyləməsi doğru deyil. Çünki bildiyim qədər, nə məhkəmə prosesində, nə də ittiham aktında belə bir məsələ barədə ittiham və ya iddia yer almayıb.

- Azərbaycanla bağlı siyasi məhbus problemi beynəlxalq təşkilatlar tərəfindən tez-tez gündəmə gətirilir və son məhkəmə prosesindən sonra Almaniya səfirliyi Azərbaycanı “iki yeni siyasi məhbus yaratmaqda” ittiham edib. Bir hüquqşünas kimi “siyasi məhbus” anlayışına münasibətiniz necədir?

- Bir vaxtlar keçmiş sovetlər dövründə “xalq düşməni” ifadəsi o qədər kütləviləşmişdi ki, məhkəmənin hökmü olmadan və ya başqa motivli hökmlə məhkum olunanlar bütün cəmiyyət üzvləri tərəfindən bu adla tanınırdılar. Bizdə də “siyasi məhbus” termininin kütləviləşməsi o həddə çatıb ki, əlində silah iğtişaş törədən şəxsə də, məişət zəminində mübahisələrdə iştirak etmiş insanlara da dərhal bu termini təyinedici söz birləşməsi kimi aid edirlər. Mən bütün hallarda “siyasi məhbus” ifadəsinin hüquqla əlaqələndirmədən işlədilməsinin tərəfdarı deyiləm. Xüsusilə də hüququn üstünlüyünü hər şeydən öndə görən bir Avropa ölkəsinin adından bu qiymətləndirmə mübahisəyə açıq sayıla bilər.

Azərbaycan artıq Avropa Məhkəməsi mexanizmi içində yer alır və bu mexanizmdən kənar işin qiymətləndirilməsi ehtimaldan başqa bir şey sayılmaz. Ehtimallar isə hüquqi qüvvəyə malik deyil. Nəinki Avropa Məhkəməsinin, hətta daha yaxın məsafədə olan Apellyasiya Məhkəməsinin belə birinci instansiya məhkəməsinin qərarını necə qiymətləndirəcəyini əvvəlcədən müəyyənləşdirmək mümkün deyil. Hətta burada hansısa şəxsin “siyasi məhbus” kateqoriyasına aid edilməsi ehtimal olunursa, yenə də son təsdiqləyici instansiya Avropa Məhkəməsidir və onun müvafiq qərarından sonra bu ifadənin işlədilməsinə yol verilə bilər. Yəni bütün hallarda bunu xarici ölkənin səfirliyi deyil, ən yüksək məhkəmə instansiyası müəyyənləşdirir. Baxmayaraq ki, Avropa Məhkəməsi indiyədək qəbul etdiyi qərarlarda bu anlayışdan heç bir şəxsə dair istifadə etməyib. Konkret işlə bağlı bir daha vurğulamaq istəyirəm ki, məsələni çıxılmaz siyasi dalana yönəltmək əvəzinə, hüquqi mərhələlərin sonadək keçilməsi, hüquq müdafiəçilərinin və ictimaiyyət nümayəndələrinin problemin mümkün həlli yollarının tapılmasında səylərini birləşdirməsi istiqamətində çalışmaq daha məntiqli addım sayıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR