Bank Of Baku

MSK Müsavat Partiyasının şikayətlərini əsassız sayıb

MSK Müsavat Partiyasının şikayətlərini əsassız sayıb
# 16 noyabr 2009 14:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Azərbaycan Kommunist Partiyasının 1 səlahiyyətli və maliyyə məsələləri üzrə 1 səlahiyyətli nümayəndəsi təsdiqlənib. İclasda 11 saylı Qaradağ, 31 saylı Suraxanı II, 33 saylı Xətai I seçki dairələrinin dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

MSK seçki prosesində baş vermiş qanun pozuntuları ilə bağlı Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciətlərini araşdırıb. MSK-nın katibi Natiq Məmmədov İsmayıllı rayonunun Tircan bələdiyyəsinə Müsavat Partiyasının namizədi Mirzalı Abdulova qarşı təzyiqlər edildiyi, bu təzyiqlərin nəticəsində onun öz namizədliyini geri götürdüyünə dair şikayət olduğunu bildirib. N. Məmmədov şikayət üzrə araşdırma aparıldığını, lakin bu şikayətin öz təsdiqini tapmadığını söyləyib: “Namizəd izahatında namizədliyini öz təşəbbüsü ilə geri götürdüyünü, ona qarşı hər hansı təzyiqin edilmədiyini bildirib”. MSK Qaradağ rayonunda Müsavat Partiyasının 4 namizədinə qarşı təzyiqlər nəticəsində onların öz namizədliklərindən imtina etməsi haqda şikayətə də münasibətini açıqlayıb. MSK üzvü Q. Orucovun sözlərinə görə, bu namizədlərdən hər biri izahatlarında namizədlikdən könüllü imtina etdiklərini yazıblar.

MSK-nın iclasına qatılan Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Tofiq Yaqublu isə qeyd edib ki, həmin namizədlərə təzyiqlər olduğu üçün onlar belə izahat yazmağa məcbur olublar: “Onları hədələyirlər, təzyiq edirlər və nəhayət “sındırırlar”. Bu, ciddi şəkildə araşdırılmalı bir məsələdir”.

MSK səhdri Məzahir Pənahov buna cavab olaraq deyib ki, əgər namizəd özü təzyiqə məruz qalmadığını bildirirsə, araşdırma aparmağa ehtiyac yoxdur.

Müsavat Partiyasının müraciətləri MSK tərəfindən əsassız sayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR