Bank Of Baku

Azərbaycan parlamentinin komitə sədri hüquq-mühafizə orqanlarından Qubada 15 yaşlı qızın intiharı faktına aydınlıq gətirmələrini tələb edib

Azərbaycan parlamentinin komitə sədri hüquq-mühafizə orqanlarından Qubada 15 yaşlı qızın intiharı faktına aydınlıq gətirmələrini tələb edib
# 02 dekabr 2009 11:32 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Milli Məclisdə (MM) ”Qadın zorakılığına yox deyək!” mövzusunda keçirilən dinləmələrdə parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib: “Baş verən hadisəyə görə kim cəzalandırılacaq? Niyə buna bəsit yanaşılır? Niyə mətbuatda gedən məsələnin səbəbləri araşdırılmır? Əvvəllər belə hadisələrə görə rayon rəhbəri dərhal işdən çıxarılardı. Bu kimi halların səbəblərini araşdırmadan Azərbaycanda qadın zorakılığına qarşı qanun qəbul olunmasının əhəmiyyəti yoxdur”.

R. Aslanova onu da deyib ki, Azərbaycanda qızların erkən ərə verilməsi ilə bağlı daha çox cənub zonasının adı hallanır: “Mən Şeyxə müraciət edirəm. Niyə bu mollalar barəsində ölçü götürülmür ki, onlar da şəriət normalarını gerçəkləşdirməsinlər? Həmin mollalar cəzalandırılmalı, onların belə fəaliyyətlərinə son qoyulmalıdır”.

Dinləmələrdə iştirak edən respublika baş prokurorunun müavini Namiq Əsgərov Komitə sədrinin sorğusuna cavab verib. N. Əsgərov deyib ki, ölkədə baş verən hər intihar faktı ilə bağlı cinayət işi açılır, araşdırmalar aparılır: “Məsuliyyət daşıyanlar cəzalandırılırlar. Qubadakı fakta gəlincə, bu faciədir. Həmin qız özünü ərə verildiyinə görə öldürməyib. Ölümqabağı yazdığı məktubda intiharın səbəbinə toxunub. İndi həmin məsələ araşdırılır. Hazırda bundan artıq məlumat verməyi düzgün saymıram”.

Xatırladaq ki, qeyd edilən intihar hadisəsi noyabrın 28-də, saat 08:05 radələrində baş verib. Quba rayonunun Susay kəndində qeydiyyatda olan 1994-cü il təvəllüdlü Bənövşə Fərid qızı Fərzəliyevanın valideynləri onu heyvandarlıq fermasının dəmir çardağında özünü asmış vəziyyətdə tapıblar. Hadisəni araşdıran müstəntiqin bildirdiyinə görə, 15 yaşlı qız valideynlərinin onu sevdiyi şəxsə deyil, başqa birinə ərə vermələri səbəbindən intihar edib. İntihar edən şəxsin qız toyu noyabrın 25-də baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR