Bank Of Baku

MM-də “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda keçirilən dinləmələrdə Azərbaycan ictimaiyyətinə müraciət qəbul olunub

MM-də “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda keçirilən dinləmələrdə Azərbaycan ictimaiyyətinə müraciət qəbul olunub
# 02 dekabr 2009 12:07 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisdə (MM) “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda keçirilən dinləmələrdə millət vəkilləri bir sıra təkliflərlə çıxış ediblər. APA-nın xəbərinə görə, Milli Məclisin üzvü Gültəkin Hacıbəyli çıxışında deyib ki, Azərbaycan əhalisinin 53 faizini qadınlar təşkil edir: “Lakin qadınların rəhbər vəzifələrdə təmsilçiliyi aşağı səviyyədir. Niyə Nazirlər Kabinetində rəhbər vəzifələrdə və İcra Hakimiyyəti başçıları arasında qadın yoxdur? Milli Məclisdə isə qadınların təmsilçiliyi cəmi 11 faizdir. Bu hala diqqətlə yanaşılmalıdır”.

Deputat onu da deyib ki, Dünya İqtisadi Forumunun 2009-cu il üçün hazırladığı statistikada qadınların siyasi hakimiyyətdə təmsilçiliyi baxımından Azərbaycan 134 ölkə arasında 119-cu yerdədir: “Qadınların iqtisadi fəallığına görə isə Azərbaycan 134 ölkə arasında 32-ci, eyni işi görən qadınların kişilərə nisbətən aldığı maaş fərqinə görə 14-cü, qadınların vəzifə tutmaq imkanlarına görə isə 118-ci yerdə durur”.

MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün Azərbaycan Cinayət Məcəlləsində dəyişiklik olunmasının vacibliyini bildirib. Komitə sədri onu da deyib ki, Azərbaycanın beynəlxalq öhdəlikləri sırasına daxil olan məişət zorakılığının qarşısının alınması haqda qanun qəbul olunmalıdır.

Deputat Məlahət İbrahimqızı isə çıxışında bildirib ki, Azərbaycanda və dünyasının əksər ölkəsində restoranlar və hotellərdə aşpaz kimi kişilər çalışsalar da, onlar bu işi evdə görmək istəmirlər: “Bu mənada qadınlara qarşı münasibət dəyişməlidir. Onlara evdə iş görəm kimi yanaşılmamalıdır”.

Tədbirin sonunda Qadınlara qarşı zorakılığın aradan qaldırılması gününün 10 illiyi ilə bağlı Azərbaycan ictimaiyyətinə müraciət qəbul olunub.

Qeyd edək ki, dinləmələr MM-in, ATƏT-in Bakı Ofisinin, Avropa Şurasının və BMT-nin Azərbaycandakı nümayəndəliklərinin təşkilatçılığı ilə baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR