Bank Of Baku

Lalə Şövkət: “Sərdar Cəlaloğlunun “Azadlıq” blokundan çıxarılmasında onun Rəsul Quliyevin məktubunu mətbuatda dərc etdirməsinin də rolu olub”

Lalə Şövkət: “Sərdar Cəlaloğlunun “Azadlıq” blokundan çıxarılmasında onun Rəsul Quliyevin məktubunu mətbuatda dərc etdirməsinin də rolu olub”
# 14 mart 2007 08:51 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Milli Birlik Hərəkatının (MBH) lideri Lalə Şövkət eks-spiker Rəsul Quliyevin blok daxilində gedən son proseslərin Ə. Kərimlinin 2008-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyinin müdafiəsinə hesablanmasına dair fikirlərinə münasibət bildirərkən deyib. L. Şövkət səmimi olaraq xalqı ağır vəziyyətdən çıxarmaq istədiklərini qeyd edib: “Bunun prezidentliyə, vahid namizədliyə heç bir aidiyyəti yoxdur. Bizim məqsədlərimizin önündə kimin prezidentliyə namizəd olması çox xırda məsələdir. Mən istəməzdim ki, biz bu gün belə kiçilək”. R. Quliyevin “Azadlıq” blokunun dağılması ilə bağlı fikirlərinə gəldikdə L. Şövkət bildirib ki, heç kim blokun dağılmasından narahat olmasın: “Tez-tez bu fikirləri işlədənlər arxayın və tam rahat olsunlar ki, blok dağılmayacaq. Rəsul Quliyev blokun təsisçilərindən biri olub, blokun dağılmasına necə razılıq verər. Mən buna inanmıram. Yəqin o, bu fikri ümumi şəkildə işlədib. Hesab edirəm ki, Rəsul Quliyev blokun dağılmasını istəməz”.
ADP-nın blokdan kənarlaşdırılmasından sonra “Azadlıq”ın yenə də əvvəlki qaydada fəaliyyətini davam etdirəcəyini deyən L. Şövkət istənilən halda, ADP-nin qurumdan çıxarılmasının itki olduğunu qeyd edib: “ADP-nin blokdan fərqli olaraq, yeni kurs seçməsi və bununla əlaqədar bizdən fərqli mövqe nümayiş etdirməsi ona gətirib çıxardı ki, biz bu partiyanın blokda fəaliyyətini dayandırdıq. Bu bizim kriteriyalarımız və standartlarımızla bağlıdır. “Azadlıq” blokunun öz standartları var və bu standartlar mandatlardan imtina, təkrar seçkiyə getməmək, imitisiya demokratiyasını qəbul etməmək üzərində qurulub. “Azadlıq” bloku üçün kəmiyyət yox, keyfiyyət çox önəmlidir. ADP ilə bağlı qərar şəxsi münasibətlərə aid deyil, şəxsi münasibətlər əvvəlki kimi qalır”. S. Cəlaloğlunun blokdan çıxarılmasının məhz R. Quliyevin məktubunu mətbuatda dərc etməsi ilə bağlı olduğu haqda məsələyə gəldikdə, L. Şövkət qərarın verilməsində bunun da müəyyən rolunun olduğunu etiraf edib: “Amma Sərdar Cəlaloğlu özü də gözəl bilir ki, bu addım məhz onların yeni kursu ilə bağlı atılıb. İki aya yaxındır ki, biz bu yeni kursu müzakirə edirik. Yeni kursa şübhə edirdik, onu başa düşmürdük və hər dəfə qəzeti açıb görəndə ki, bu bizim xəttimizlə uyğun gəlmir, bunu Sərdar Cəlaloğlunun özünə deyirdik və saatlarla müzakirə aparırdıq. Ona görə düşünürəm ki, qərarın verilməsində məktubun rolu olsa da, siyasi məsələ əsas götürülüb. Məqsəd məhz ADP-nin siyasi fəaliyyəti ilə bağlıdır. Məktubun dərci ayrı məsələdir. Sərdar Cəlaloğlu artıq yeni kurs elan edir və biz ona uğurlar arzulayırıq. Yaddan çıxarmaq lazım deyil ki, ADP-nin həm Rəsul Quliyev, həm Sərdar Cəlaloğlu qanadı var və biz çox istədik ki, onların bütövlüyünü saxlayaq. Bunun üzərində iki aya yaxın iş apardıq, təəssüf ki, alınmadı. Əsası odur ki, biz etiket çərçivəsində ayrılmışıq, körpüləri yandırmamışıq, qapımızı açıq qoyuruq, kim bizim mövqeyimizə qayıtsa, yanımızda olacaq. Mənim Rəsul Quliyevə hörmətim qalır. Ona görə istəməzdim ki, körpüləri yandıraq. Bizim, sadəcə, fəaliyyət istiqamətlərimiz fərqlidir”.
L. Şövkət “Azadlıq” blokunda ALP-ni yoxsa, MBH-ni təmsil etməsi ilə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, MBH-də ALP, 32 QHT və ayrı-ayrı ziyalılar təmsil olunur. O isə ALP də daxil olmaqla, blokda MBH-ni təmsil edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR