Bank Of Baku

ABŞ-ın enerji sahəsində iri strateji planlarının mərkəzində Türkiyə və Azərbaycan dayanır

ABŞ-ın enerji sahəsində iri strateji planlarının mərkəzində Türkiyə və Azərbaycan dayanır
# 16 mart 2007 12:06 (UTC +04:00)
APA-nın xəbərinə görə, ABŞ dövlət katibinin müavini Daniel Frid bu bəyanatı Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa alt komitəsində keçirilən dinləmələrdəki çıxışında səsləndirib. Onun sözlərinə görə, həmin layihələrin reallaşması ilə cənub infrastruktur dəhlizi əmələ gələcək ki, bu da “Qazprom”un şimali Avropada mövcud olan və genişlənən boru kəmərləri şəbəkəsinə açıq və şəffaf rəqabət təklif edəcək: “Cənub dəhlizi Avropaya böyük həcmdə təbii qaz təklif etməklə bir təchizatçı-şəbəkədən dərinləşməkdə olan asılılığın azaldılmasını və diversifikasiyanı təmin edə, bununla da Avrasiyanın strateji xəritəsini dəyişdirə bilər”. ABŞ dövlət katibinin müavini bəyan edib ki, bu iri strateji planların mərkəzi Türkiyə olacaq. O, ABŞ-ın köməyi ilə Bakı-Tiflis-Ceyhan neft kəmərinin tikildiyini və 2006-cı ilin iyulunda istifadəyə verildiyini xatırladaraq bir neçə il ərzində kəmərin buraxılış gücünün sutkada 1 milyon barelə çatacağını bildirib. D. Frid bu yaxınlarda Azərbaycan təbii qazını Türkiyəyə daşıyacaq Bakı-Tiflis-Ərzurum qaz boru kəmərinin işə düşəcəyini də konqresmenlərin nəzərinə çatdıraraq digər layihə kimi nefti Türkiyənin Qara dəniz sahilindən Aralıq dənizi sahilinə çatdıracaq Samsun-Ceyhan boru kəməri layihəsinin adını çəkib: “Bu layihə kommersiya baxımından cəlbedici layihə kimi artıq hazırdır”. ABŞ dövlət katibinin müavini Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum boru kəmərlərinə əsaslanacaq və avroatlantik məkanın enerji təhlükəsizliyini möhkəmləndirəcək yeni sərmayə qoyuluşlarının astanasında olduqlarını deyib. O, Qərb neft şirkətlərinin Qazaxıstanda istehsal edilən neftin tankerlərlə Bakı-Tiflis-Ceyhan boru kəmərinə çatdırılması üçün danışıqlar apardıqlarını açıqlayıb. Bununla da həmin kəmərlə nəql olunan neftin həcminin 80 faiz artacağını vurğulayan D. Frid Azərbaycanda qaz istehsalının artırılması və ixrac olunması üçün Bakı-Tiflis-Ərzurum boru kəmərinin imkanlarının genişləndirilməsinin daha böyük strateji önəm kəsb etdiyini, bu və digər istiqamətlərdə fəal işlədiklərini söyləyib: “Biz 2012-2014-cü illərə qədər Azərbaycanda təbii qaz istehsalını lazımi həcmlərə çatdırmağa kömək etmək üçün hazırda şirkətlər və hökumətlərlə işləyirik. Məqsəd yaradılmaqda olan Türkiyə-Yunanıstan-İtaliya boru kəmərinin, perspektivdə isə Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyanı birləşdirəcək “Nabucco” boru kəmərinin tələb olunan miqdarda qazla doldurulmasıdır”. D. Fridin sözlərinə görə, Vaşinqton ümid edir ki, Qazaxıstandan Türkmənistana uzanacaq Transxəzər qaz kəməri Bakı-Tiflis-Ərzurum kəməri ilə birləşdiriləcək. Bundan başqa, dövlət katibinin müavini bildirib ki, İraqın şimalında təbii qaz hasil edərək Türkiyə vasitəsilə Avropaya nəql etmək üçün Ankara və Bağdadla danışıqlar aparılır. Daniel Frid yekunda bəyan edib ki, bütün sadalanan layihələr “Qazprom”un mövcud şəbəkələri ilə rəqabətə girəcək cənub dəhlizinin tərkib hissələri olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR