Bank Of Baku

Hüseyn Abdullayevin deputat toxunulmazlığı ləğv edilib

Hüseyn Abdullayevin deputat toxunulmazlığı ləğv edilib
# 19 mart 2007 10:09 (UTC +04:00)
APA-nın məlumatına görə, Baş Prokurorun müavini Rüstəm Usubov baş prokuror Zakir Qaralovun Hüseyn Abdullayevin deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı parlamentə göndərdiyi təqdimatı oxuyub. Təqdimatda qeyd olunub ki, H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 221.2.2, 132-ci maddələri ilə 76969 saylı cinayət işi başlanıb. Təqdimatda bildirilir ki, martın 16-da hökumətin hesabatı dinlənilərkən H. Abdullayev deputat etikasını gözləməyərək, insani şərəf və ləyaqəti alçaldan kobud, təhqiramiz ifadələr, deputat adına ləkə gətirən hərəkətlər edib. Milli Məclisin daxili nizamnaməsinin 45 və 46-cı maddələrinə uyğun olaraq xəbərdarlıq edilsə də, onu intizama dəvət edən deputatları nalayiq ifadələr işlətməklə söyüb təhqir edib. Bundan sonra o, xuliqanlıq hərəkətlərinin qarşısını alan deputat F. Ağamalını təkrar təhqir edib və üstünə hücum çəkərək, onu döyüb, zərbələr endirib. Hadisə nəticəsində F. Ağamalı qapalı kəllə-beyin travması alıb. Bu hərəkətlər nəticəsində Milli Məclisin plenar iclasının gedişi 20 dəqiqə pozulub. Faktla bağlı şahid ifadələri, Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin arayışı, hadisənin lentə alınmış videokasetlərlə sübutlar təqdim olunub. MM-in Nizam-intizam komissiyasının sədri Ağacan Əbiyev də H. Abdullayevin cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət qədər əsas olduğunu deyib. Deputat Əli Əhmədov baş verən hadisəyə Azərbaycanın parlament tarixində rast gəlinmədiyini deyib və bu hərəkəti siyasi elitanın üzünə tüpürmək kimi qiymətləndirib. Elton Məmmədov da H. Abdullayevin deputat toxunulmazlığının ləğv olunmasını vacib sayıb. Bu qərarı Zahid Oruc da dəstəkləyib. Parlamentdə müxalifətdən olan deputatlar H. Abdullayevin bağışlanması təklifini irəli sürüblər. Onlar bu qərarı siyasi mahiyyət kəsb etdiyini vurğulayıblar. Bitərəf deputatlardan Elmira Axundova və Əkrəm Əylisli də həmkarlarının bağışlanılmasını istəyiblər. Ə. Əylisli MM-in bu qərarının ictimaiyyətdə parlament haqqında mənfi rəy yaradacağını bildirib. Qüdrət Həsənquliyev isə H. Abdullayevin müxtəlif məqsədlər güddüyünü deyib: “Hüseyn Abdullayev hesab edirdi ki, onu ya ARDNŞ-in prezidenti, ya da Dövlət Gömrük Komitəsinin sədri təyin etməlidirlər. İştahası böyük idi. Sonuncu hadisə zamanı isə o, əxlaq normalarını tamam pozdu. Fəzail Ağamalının yerinə kim olsaydı, onun bu hərəkətinə adekvat cavab verərdi”. Parlamentin vitse-spikeri Ziyafət Əsgərov da H. Abdullayevin hərəkətlərinin yolverilməz olduğunu qeyd edib: “Onun əməllərində xuliqanlıq faktları var. Parlament söyüş yeri deyil, burada bizim ağsaqqallarımız, ana-bacılarımız, hörmətli alimlərimiz əyləşib”. Z. Əsgərov onu da vurğulayıb ki, parlament yalnız H. Abdullayevin deputat toxunulmazlığını ləğv edə bilər. Mandatın alınıb-alınmaması məsələsi isə məhkəmə yolu ilə həll edilməlidir.
Müzakirələrdən sonra 79 nəfər lehinə, 15 nəfər əleyhinə, 5 nəfər bitərəf olmaqla, H. Abdullayevin deputat toxunulmazlığı ləğv edilib. 3 deputat səsvermədə iştirak etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR