Bank Of Baku

İslam Partiyasının bəzi rayon təşkilatlarının sədrləri qurultayda Hacıağa Nurinin sədrliyə namizədliyini dəstəkləməyəcək

İslam Partiyasının bəzi rayon təşkilatlarının sədrləri qurultayda Hacıağa Nurinin sədrliyə namizədliyini dəstəkləməyəcək
# 27 mart 2007 15:02 (UTC +04:00)
“İslam Partiyasının qurultayında partiyanın sədri Hacıağa Nurinin namizədliyini dəstəkləməyəcəyik. Çünki partiyaya rəhbərlik etdiyi müddət ərzində Hacıağa Nuri ona olan ümidləri doğrultmadı”. Bu sözləri APA-ya açıqlamasında partiyanın Hacıqabul rayon təşkilatının sədri Vidadi Əliyev bildirib. V. Əliyev təşkilatda bu mövqedə olanların sayının az olmadığını da deyib: “Bu, mənim şəxsi fikrim olsa da, bizim mövqeyimizi dəstəkləyənlər az deyil. Çünki mayda keçirilməsi nəzərdə tutulan qurultayda nəyinsə dəyişəcəyinə ümid azdır. Digər tərəfdən, qurultaya hazırlıqla bağlı rayon təşkilatlarının konfransları da keçirilməyib”. O, qurultayda daha gənc və enerjili şəxsə səs verəcəyini vurğulayıb: “Hesab edirəm ki, Hacıağa Nurinin sədr postundan getməsini istəyənlərin namizəd seçimində mövqeyi eyni olacaq”.
Partiyanın Əli Bayramlı rayon təşkilatının sədri Vəliyullah Cəlilov da qurumun rəhbərliyini fəaliyyətsizlikdə qınayıb. V. Cəlilov bildirib ki, partiya təsadüfi adamlardan təmizlənməli və təşkilatın rəhbərliyinə yeni şəxs gəlməlidir. O, partiya rəhbərliyini mövqesizlikdə də ittiham edib: “Bilmək olmur bunlar müxalifətdədir, ya iqtidarda. Biz istəyirik ki, İslam Partiyası ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etsin. Bu səbəbdən partiya sədrliyinə peyğəmbər yolu ilə gedən şəxs gəlməlidir”.
İslam Partiyası sədrinin müavini Rövşən Əhmədli isə partiyanın hər bir üzvünün mövqeyinə hörmətlə yanaşıldığını deyib. Onun sözlərinə görə, partiyada kifayət qədər demokratik mühit var və üzvlər öz mövqelərini qurultayda açıqlaya bilərlər. R. Əhmədli bölgələrdə qurultaya hazırlıq konfranslarının keçirilməməyi ilə bağlı ittihamlara da münasibət bildirib: “İstərdik ki, konfranslar tez keçirilsin. Lakin havaların qeyri-sabit keçməsi və istiliklə bağlı rayonlardakı vəziyyət konfransların bu günə qədər keçirilməməsinə səbəb olub. Yaxın vaxtlarda konfransların keçirilməsinə başlanacaq”. R.Əhmədli qurultayın vaxtında heç bir dəyişikliyin edilmədiyini də qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR