Bank Of Baku

Yavuz Mildon: “Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi 2007-2008-ci illərdə Azərbaycanla bağlı hesabat hazırlamayacaq”

Yavuz Mildon: “Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi 2007-2008-ci illərdə Azərbaycanla bağlı hesabat hazırlamayacaq”
# 06 iyun 2007 07:55 (UTC +04:00)
- Yavuz bəy, Konqresin Azərbaycandan olan üzvlərinin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan nümayəndə heyətinin üzvləri təkcə bu ölkə ilə bağlı deyil, Avropa Şurasının insan hüquqları, demokratiya və digər mövzuları ilə əlaqədar çıxışlar edirlər. Mən bunu təqdir edirəm və Azərbaycan nümayəndə heyəti üzvlərinin fəaliyyətini müsbət qiymətləndirirəm. Azərbaycan Avropa Şurasının standartlarına uyğunlaşmaq üçün çox böyük səy göstərdi. Avropa Şurasının tələblərini qısa müddətdə yerinə yetirmək asan deyil. Avropa Şurasının ən önəmli şərtlərindən biri olan yerli özünüidarə orqanlarının müstəqilliyi şərtidir. Keçən il Azərbaycanda milli səviyyədə nümayəndə heyəti yox idi. Burada üzv olmaq və səs vermək üçün milli səviyyədə birliyə nail olmaq lazım idi. Biz Azərbaycana 2007-ci ilin sonuna kimi möhlət vermişdik. Azərbaycan hökuməti bu öhdəliyi reallaşdırdı və milli səviyyədə təşkilatlanmış kənd, qəsəbə və şəhər bələdiyyələri assosiasiyaları yaratdı. Biz də bundan sonra məmnuniyyətlə Azərbaycan nümayəndə heyətini qəbul etdik. Azərbaycanı təmsil edən bu təşkilatlarla münasibətlərimiz davam edir.
- Bu assosiasiyaların 6 aylıq fəaliyyətini izləyibsinizmi? Həmin assosiasiyalara hansı yardımlar göstərilib?
- Bizdən tələb olunanda yardım göstəririk. Ancaq həmin birliklərin fəaliyyətini hər gün izləmək mümkün deyil. İstər Azərbaycan, istərsə də digər ölkələrlə bağlı monitorinq hesabatı hazırlanır. Bəzən monitorinq hesabatı deyəndə müfəttiş hesabatı kimi səhv anlayış başa düşülür. Əslində monitorinq hesabatı birliyin fəaliyyətinin hesabatıdır. Bu il və gələn il Azərbaycanla bağlı yeni hesabatın hazırlanması nəzərdə tutulmayıb, ancaq əlaqələrimiz davam edir.
- Azərbaycanla bağlı hesabat hazırlayan məruzəçi fəaliyyətini davam etdirəcəkmi?
- Bəli, fransız senatoru Jan Klod Frikon məruzəçi olaraq qalır, ancaq o, indi Azərbaycanla bağlı monitorinq hazırlamır. Azərbaycanlı nümayəndə heyətinin üzvləri belə bir tələblə çıxış etsələr, biz növbəti monitorinq keçirə bilərik.
- Azərbaycanda yaradılmış 3 assosiasiya gələcəkdə birləşə bilərmi ?
- Hər ölkənin regional mənada özəllikləri var. Bu, ölkələrin coğrafiyası, demoqrafiyası, siyasi, mədəni durumları ilə bağlı bir faktordur. Biz ölkə qarşısında heç vaxt “bunu belə edin” deyə məcburi şərt qoymuruq. Ancaq bu üç qurumun birləşməsi Azərbaycan üçün faydalı olacaqsa, biz bunun əleyhinə çıxmarıq.
- Ermənistan nümayəndə heyətinin rəhbəri Cənubi Qafqaz respublikalarının bələdiyyə orqanlarının əməkdaşlığını təklif etdi. Sizcə, bu təklif Azərbaycan tərəfindən qəbul olunacaqmı?
- Mən Azərbaycan hökuməti adından münasibət bildirə bilmərəm. Biz təbii ki, əməkdaşlığı həmişə müdafiə edirik. Avropa Şurasının mövqeyi budur ki, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyi üçün burada siyasi problem mövcuddur. Bu durumda Azərbaycan hökumətinin hansı qərar verəcəyini bilmirəm. Ancaq Bakı bu əməkdaşlığa razı olsa, biz əleyhinə çıxmayacağıq.
- Konqresdə müxtəlif dövlətlərin nümayəndə heyətlərinin say tərkibi fərqlidir...
- Nümayəndə heyətlərinin tərkibi ölkələrin əhalisinin sayına görə müəyyən olunur. Türkiyənin 70 milyon əhalisi var, nümayəndə heyətinin üzvlərinin sayı 12-dir. Fransanın 60 milyon əhalisi olmasına baxmayaraq, nümayəndə heyətində 18 nəfər təmsil olunur. Bu da həmin ölkələrin Avropa Şurasının qurucu ölkələri olması ilə bağlıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR