Bank Of Baku

Müxalifətin yeni alyansının yaranması ilə bağlı partiya liderləri arasında növbəti görüş keçirilib

Müxalifətin yeni alyansının yaranması ilə bağlı partiya liderləri arasında növbəti görüş keçirilib
# 06 iyun 2007 11:16 (UTC +04:00)
Müxalifətin yeni alyansının yaranması ilə bağlı partiya liderləri arasında növbəti görüş keçirilib. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadənin APA-ya verdiyi məlumata görə, budəfəki görüşdə Müsavat başqanı İsa Qəmbər, AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov, ADP sədri Sərdar Cəlaloğlu, Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu və Araz Əlizadə iştirak ediblər. Görüşdə müzakirə edilən məsələlərlə bağlı açıqlama verməyən A. Əlizadə yalnız ümumi məsləhətləşmələrin aparıldığını qeyd edib. O, hazırkı danışıqlarda alyansın yaranması ilə bağlı hər hansı sazişin imzalanmasının nəzərdə tutulmadığını deyib. Başqa partiyaların bu formata dəvət edilib-edilməməsinə gəldikdə, A. Əlizadə bu məsələyə sonrakı mərhələdə baxılacağını bildirib.
ASDP-nin sağ partiyalarla əməkdaşlıq etməməsi ilə bağlı hələ bir neçə il əvvəl qəbul olunmuş qərarın ziddinə olaraq yenidən sağ partiyalarla bir araya gəlməsinin səbəblərinə aydınlıq gətirən A. Əlizadə hazırkı formatın əməkdaşlıq olmadığını bildirib: “Bu, əməkdaşlıq deyil, heç alyans da deyil. Hazırkı format yalnız məsləhətləşmə üçün bir araya gəlib. Hələ bu formatın adı da yoxdur. Ona görə bu, bizim qərarın ziddinə hərəkət etməyimiz kimi qiymətləndirilməməlidir”. A. Əlizadə bundan sonrakı mərhələdə sağ partiyalarla əməkdaşlıq edib-etməməklə bağlı suala konkret cavab verməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR