Bank Of Baku

Tovuz rayonunun sabiq polis rəisi Novruz Həsənov: “Mühacirət həyatımın sona çatmaq üzrə olduğuna görə çox sevinirəm”

Tovuz rayonunun sabiq polis rəisi Novruz Həsənov: “Mühacirət həyatımın sona çatmaq üzrə olduğuna görə çox sevinirəm”
# 08 iyun 2007 12:21 (UTC +04:00)
Tovuz rayonunun sabiq polis rəisi, hazırda Türkiyədə mühacirətdə yaşayan Novruz Həsənov barəsində 1998-ci ildə seçilən həbs-qətimkan tədbiri dəyişdirilməklə, barəsində seçilən axtarış qərarı ləğv edilib. Bu barədə APA-ya açıqlamasında İnsan Haqları üzrə İşçi Qrupun üzvü Çingiz Qənizadə bildirib. Hüquq müdafiəçisi deyib ki, sabiq polis rəisi barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi və axtarış qərarının ləğv olunması barədə bu il iyunun 6-da onun ailəsinə baş prokurorun müavini Rüstəm Usubovun imzası ilə məktub daxil olub: ”İnsan Haqları üzrə İşçi Qrupun iclaslarında hüquq müdafiəçiləri tərəfindən Novruz Həsənovla bağlı qərarın dəyişdirilməsi barədə hakimiyyət nümayəndələrinə müraciət olunub. Bizim müraciətimizə baxılıb və belə bir müsbət qərar qəbul olunub. Buna görə, hüquq müdafiəçiləri adından İşçi Qrupda təmsil olunan hakimiyyət nümayəndələrinə, qərarı verənlərə təşəkkür edirik”.
N. Həsənovla bağlı 2000-ci ilə qədər qüvvədə olan Cinayət Məcəlləsinin 167.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 172-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlandığını nəzərə çatdıran Ç. Qənizadə deyib ki, bu maddələr 1998-ci ildən bu günə qədər qəbul edilən bütün Amnistiya aktlarına daxil edilib: “Ona görə də güman edirəm ki, Novruz Həsənov Azərbaycana dönəndən sonra dindiriləcək və qüvvədə olan Amnistiya Aktı ona şamil ediləcək”.
Hazırda Türkiyədə olan Novruz Həsənov APA-ya açıqlamasında bildirib ki, mühacirət həyatı başa çatmaq üzrədir: “Bu xəbəri eşidəndə çox sevindim. Mən bilirdim ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri barəmdə başladılan qərarın dəyişdirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər. Mən vaxtilə Tovuz rayonunun polis rəisi işləyən zaman Azərbaycanda ermənilərə qarşı mübarizə aparmağa gələn Türkiyə vətəndaşlarına pasport verməyə görə ittiham olunmuşam. Bu iş Vətənin xeyrinə olsa belə, qanunla bu cinayət sayılıb. Bunu başa düşürəm. Bu gün Azərbaycanın hüquq-mühafizə orqanları, hakimiyyət belə bir qərar çıxarıbsa, mən buna görə yalnız “sağ ol” deyə bilərəm”. N. Həsənov Azərbaycana qayıtmaq barədə düşündüyünü desə də, dönəcəyi vaxtı söyləməyib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR