Bank Of Baku

Kaliforniyalı siyasi analitik Ceyson Katz: “Amerikanın Azərbaycan kimi dostlara ehtiyacı var”

Kaliforniyalı siyasi analitik Ceyson Katz: “Amerikanın Azərbaycan kimi dostlara ehtiyacı var”
# 11 iyun 2007 08:24 (UTC +04:00)
Bu fikirləri APA-nın ABŞ bürosuna eksklüziv müsahibəsində Kaliforniya ştatında yaşayan nüfuzlu analitik Ceyson Katz söyləyib. O, Los-Anceles şəhərinin dünyanın 9-cu ən böyük iqtisadi mərkəzi sayıldığını xatırladıb: “Kaliforniya həmçinin Amerikanın ciddi siyasi qüvvələrinin cəmləşməsi səbəbindən də böyük əhəmiyyət kəsb edir. Azərbaycana qeyd olunan ştatda mövcudluğunu saxlamaq hava-su kimi vacibdir. Bölgədə biznes və siyasi əlaqələrin qurulması Azərbaycana ABŞ-la iqtisadi və ikitərəfli maraq doğuran məsələlərdə faydalı ola bilər”. Ceyson Katz Kaliforniya ştatında uzun illər fəaliyyət göstərən yəhudi, ispan və türk icmalarının Azərbaycan icması ilə əməkdaşlıq edə biləcəyini deyib: “Kaliforniyada çoxlu sayda millətlər, etnoslar və dinlərin təmsil olunması baxımından Azərbaycan burada həmişə sevinclə qarşılanacaq. Azərbaycanlılara burada ögey insanlar kimi baxmırlar. Digər diasporlar Azərbaycanı dəstəkləməkdə və ABŞ-la münasibətlərin daha da dərinləşməsində çox faydalı ola bilərlər. Xüsusən yəhudi diasporu Azərbaycana ciddi dəstək verir. Azərbaycanın dünyəvi müsəlman dövlət olaraq İsraillə diplomatik əlaqələr qurması və burada 2500 yaşı olan yəhudi icmasının mövcudluğu əlaqələrin səmimi və yaxın olmasına çox kömək edir. Şəxsən mən Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Elin Süleymanovla İsrailin Azərbaycandakı səfiri Artur Link vasitəsi ilə tanış olmuşam”. Amerikalı analitik Kaliforniyanın icra və qanunverici orqanlarında təmsil olunan şəxslərin Azərbaycanla əməkdaşlığa bir o qədər də meylli olmadığı ilə bağlı sualı belə cavablandırıb: “Kaliforniyada və ABŞ-nın federal hökumətində Azərbaycana kifayət qədər diqqət ayırmayan insanlar var. Təəssüflər olsun ki, amerikanlarda müsəlmanlar haqqında az və qeyri-dəqiq təəssürat mövcuddur. Bu məlumatlar əsasən tam əhatəli olmayan xəbər buraxılışları və bəzi hallarda digər etnik qruplardan əldə olunur. Halbuki mən özüm müşayiət edirəm ki, amerikanlar Azərbaycanı tanıdıqca onlar iki xalqın nümayəndələri arasında çoxlu oxşarlıq və ümumi məqsədlər görürlər. Məsələ ondadır ki, bizim xalqlar arasında doğurdan da çoxlu oxşarlıqlar var. Bir müddət əvvəl Bakıda olanda mən də bunu müşahidə etdim. Bakı dayanmadan modernləşən və kosmopolit şəhərdir. Mən yəhudiyəm və sizin müsəlman dövlətin küçələri ilə gəzərkən özümü evimdəki kimi hiss edirdim”. Kaliforniyada dörd Azərbaycan icmasını fəaliyyət göstərdiyini xatırladan Ceyson Katz bu diaspor qurumlarının bir qurum ətrafında birləşməsini vacib sayıb: “Qeyri-hökumət təşkilatları bir çətir altında hərəkət etməlidirlər. İnanıram ki, bu, sizin mövqeyinizi və nüfuzunuzu artıra bilərdi. Eyni zamanda QHT-lərin əsas məqsədi biznes və siyasi fəaliyyətdir. Bilirəm ki, Azərbaycanın Los-Anceles şəhərindəki konsulluğunun əsas iş istiqamətləri seçilmiş yerli məmurlar və biznes liderləri ilə əlaqələri genişləndirməkdir. Bir çətir altında işləyən QHT-lər konsulluğun artıq yaratdığı faydalı əlaqələrlə Azərbaycanın nüfuzunu burada misilsiz dərəcədə artıra bilərlər. Azərbaycan diasporuna məsləhətim ondan ibarətdir ki, öz strukturlarını qurarkən yaşadıqları şəhərlərin, regionların və ştatların daha böyük icmalarının siyasətinə və siyasətçilərinə yaxın olsunlar. Mən azərbaycanlı dostlarıma digər uğurla fəaliyyət göstərən icmaların işini təhlil etməyi məsləhət görürəm. Məsələn, yəhudi icması çox böyük təşkilata malikdir. Təkcə Los-Ancelesdə yəhudi icması şəhərin həyatı ilə bağlı bütün proseslərdə yaxından iştirak edir. Yəhudilərin Anti-Böhtan Liqası icmalar və dövlət qurumları ilə əlaqələrə görə liderdir, Yəhudi Federasiyası böyük sosial şəbəkənin idarə olunması üçün vəsait toplayır, Amerikanın Yəhudi İcması demokratiyanın bütün dünya üzrə yayılmasına kömək edir”. Ceyson Katz Azərbaycana son səfərindən böyük təəssüratlarla qayıtdığını deyib: “Azərbaycana səfərimin əsas məqsədi tolerantlıq və media konfransında iştirak etmək və bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirmək idi. Birmənalı olaraq deyə bilərəm ki, bu valehedici bir səyahət idi. Azərbaycanlılar çox isti, mehriban və yaxşı insanlardır. Mən Bakı mühitinə aşiq oldum. Bakıda aparılan tikintidən adamın başı hərlənir. Mən bu yaxınlarda bir amerikalı məmurla söhbət edəndə o mənə dedi ki, hər bir şəhərin gücünü və varlı olmasını şəhərdə olan tikinti kranlarının sayına görə müəyyən etmək olar. Bu meyarla götürsək, Bakı doğurdan da çox varlı şəhərdir. Eyni zamanda qonşularına kömək etməsi, münaqişələrin həllində vasitəçilik siyasətinə görə mən Azərbaycanın regionda oynadığı lider rolundan heyrətə gəldim. Amerikanın nəzər nöqtəsindən deyə bilərəm ki, Azərbaycan bizim ölkə ilə əlaqələrini dərinləşdirməli, siyasi, iqtisadi, diplomatik əlaqələri artan templə genişləndirməlidir. Amerikanın Azərbaycan kimi dostlara ehtiyacı var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR