Bank Of Baku

Sabir Rüstəmxanlı: “Dünya Azərbaycanlıları Konqresinin yeni nizamnaməsinin qəbulu qurumun pərakəndə fəaliyyətinin qarşısını alacaq”

Sabir Rüstəmxanlı: “Dünya Azərbaycanlıları Konqresinin yeni nizamnaməsinin qəbulu qurumun pərakəndə fəaliyyətinin qarşısını alacaq”
# 11 iyun 2007 11:53 (UTC +04:00)
“Dünya Azərbaycanlıları Konqresinin qurultayında yeni nizamnamənin qəbul olunması, qurumun pərakəndə fəaliyyətinin qarşısını alacaq. İstəyirik ki, təşkilatda daha effektiv fəaliyyət göstərən rəhbər struktur yaradılsın”. Dünya Azərbaycanlıları Konqresi (DAK) Məclisinin sədri Sabir Rüstəmxanlı APA-ya açıqlamasında bildirib ki, qurumun qanunverici orqanının üzvləri müxtəlif xarici ölkələrdə yaşadığından, onların bir yerə toplanması həmişə problem yaradıb. O, bu problemin aradan qaldırılması məqsədilə DAK-da struktur islahatlarının həyata keçiriləcəyini də qeyd edib: “İndiyə qədər bir dəfə də olsun DAK Məclisinin üzvlərini bir yerə toplamaq mümkün olmayıb. Onların hərəsi bir ölkədə yaşayır. Hətta bəzilərinin əlaqə telefonları da yoxdur. Bu da qurumun fəaliyyətində axsamalara səbəb olub. DAK-ın iyulun 7-8-də Almaniyanın Köln şəhərində keçiriləcək qurultayında qurumun yeni nizamnaməsi müzakirəyə çıxarılacaq. Əgər yeni nizamnamə qəbul olunarsa, Məclis ləğv ediləcək. Əvəzində Məclisin işini həyata keçirəcək effektiv qurum yaradılacaq”. S. Rüstəmxanlı DAK Məclisinin ləğv edilməsindən narahatlıq keçirmədiyini də deyib: “DAK Məclisinin sədri olsam da, təşkilatın ümumi işi daha vacibdir. İş prosesində isə həmişə mübahisələr olur. Amma DAK-da ümumi narazılığa gətirəcək heç bir problem yoxdur. Hesab edirəm ki, yeni nizamnamə DAK-ın daha effektiv fəaliyyət göstərməsi ilə nəticələnəcək”. O, DAK sədri Cavad Derəxti ilə aralarında heç bir anlaşılmazlıq olmadığını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR