Bank Of Baku

Azərbaycan siyasi partiyaları arasında ilk dəfə olaraq, Ümid Partiyasının sədri üçün rezidensiya tikilib

Azərbaycan siyasi partiyaları arasında ilk dəfə olaraq, Ümid Partiyasının sədri üçün rezidensiya tikilib
# 14 iyun 2007 13:43 (UTC +04:00)
Ümid Partiyasının sədri İqbal Ağazadə APA-ya eksklüziv müsahibəsində seçkidə iştirakla bağlı fərqli texnologiyalar tətbiq edəcəyini deyib: “Əvvəlcədən hansısa partiyaların vahid namizəd məsələsini qabardıb seçicini psixoloji cəhətdən buna hazırlayab və son anda ümidləri qırmaq istəmirik. Ona görə də biz prinsiplər uğrunda bloklaşmanın tərəfdarıyıq. Xalqın verəcəyi səslərin tanınması məsələsində partiyaların əməkdaşlığını mümkün sayırıq. Amma vahid namizəd istiqamətində belə bir əməkdaşlığın mümkün olacağını güman etimirəm”. Hazırda seçkiyə hazırlıq məsələsində yalnız təşkilatlanma işi ilə məşğul olduqlarını deyən İ. Ağazadə bildirib ki, seçkidə partiyanın təbliğat qrupları olacaq: “İndiki halda partiyanın imkanları ilə maraqlanırıq. Digər partiyalarla danışıqlar hələ tezdir. Hansı partiya ilə danışıq aparacağımızı da nəzərdə tutmamışıq. Amma bizim namizədi müdafə edə biləcək bütün qüvvələrin hamısı ilə bir yerdə ola bilərik”. İ. Ağazadə seçkilərdə blok şəklində iştirak etməyin perspektivsiz olduğunu da qeyd edib.
Digər partiyalarla əməkdaşlıq edən Ümid Partiyasının hazırda hər hansı ittifaqda təmsil olunmamasına münasibət bildirən partiya sədri bunun konkret səbəblərinin olduğunu vurğulayıb: “Əvvəlcədən böyük pafosla əməkdaşlığa başlayıb sonra yarı yolda dayanmaqdansa, bəri başdan bütün gücü partiya quruculuğuna sərf etmək, partiyanın strukturlarını formalaşdırmaq daha effektlidir. Biz indiki halda bloklaşmanı uğurlu saymırıq. Amma milli məsələlərdə hamı ilə əməkdaşlığa açıqıq”.
Müxalifətyönlü təşkilatların keçirdiyi Qarabağ Forumunda iştirak etməməsinə gəldikdə, İ. Ağazadə bildirib ki, o bu mövzuda keçirilən bütün danışıqlarda iştirak etmək istəyindədir: “Amma heç bir nəticəsi olmayan danışıqlardan sonra müxalifətin bir yerə toplaşıb nəyəsə münasibət bildirməsi həmin danışıqlar qədər perspektivsizdir. Sankt-Peterburq görüşündə heç bir nəticə olmadı. Onlar nəyi müzakirə edirdilər ki? Ona görə də bu forumda iştirak etmədim”. Bir sıra partiyaların alyans yaratmaqla bağlı apardıqları danışıqlara qatılmamasının səbəblərinə aydınlıq gətirən İ. Ağazadə bildirib ki, alyansda təmsil olunmaqla bağlı müxalifətin ümumi birliyi istiqamətində konkret təklif olarsa, o zaman bunu müzakirə edə bilərlər: “Amma sadəcə məsləhətləşmələr xatirinə burada iştirak etmək fikrimiz yoxdur. Heç bir partiyanın daxili işini təftiş etmək niyyətində deyiləm. Onlar hesab edirlər ki, bir yerdə olsalar, daha yaxşı imkanlar açılar. Ona görə birləşirlər. Amma biz belə hesab etmirik”.
Ümid Partiyasının sədri özü üçün rezidensiya tikilməsi ilə bağlı sualı da cavablandırıb. O, bu barədə məlumatı təsdiqləyib və hazırda rezidensiyada son tamamlama işlərinin getdiyini söyləyib: “Bu, Azərbaycan siyasi partiyalarının indiyə qədər atmadığı addımdır. Hazırlıq işləri başa çatdıqdan sonra mətbuat nümayəndələrini də dəvət edib rezidensiya ilə tanış edəcəyik. Rezidensiyada görüş və qəbulların, böyük toplantıların keçirilməsi üçün hər cür şərait var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR