Bank Of Baku

Gürcüstan, Ukrayna, Polşa, Litva prezidentləri, Bolqarıstanın vitse-prezidenti və Moldovanın baş naziri Bakıya gəliblər

Gürcüstan, Ukrayna, Polşa, Litva prezidentləri,  Bolqarıstanın vitse-prezidenti və Moldovanın baş naziri Bakıya gəliblər
# 18 iyun 2007 15:20 (UTC +04:00)
APA-nın məlumatına görə, prezidentlərin sammit çərçivəsində bir neçə ikitərəfli görüşləri də nəzərdə tutulub. Gürcüstan Dövlət Dəftərxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, Gürcüstan nümayəndə heyətinə xarici işlər naziri Gela Bejuaşvili, energetika naziri Nikoloz Gilauri, elm və təhsil naziri Aleksandr Lomaya, mədəniyyət, abidələrin mühafizəsi və idman naziri Georgi Qabaşvili, Sərhəd Polisinin rəhbəri Badri Bisadze və digər rəsmi şəxslər daxildir. Bu gün Mixail Saakaşvilinin Azərbaycan prezidenti İlham Əliyev, Polşa prezidenti Lex Kaçinski və Litva prezidenti Valdas Adamkusla görüşləri nəzərdə tutulub. Gürcüstanın Dövlət Dəftərxanası Azərbaycan paytaxtındakı görüşlərdə Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin detallarına dair müzakirələr aparılacağını istisna etməyib.
Ukrayna prezidenti Viktor Yuşşenko isə Bakıya səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Litva prezidenti Valdas Adamkus və Polşa prezidenti Lex Kaçinski ilə ikitərəfli danışıqlar aparacaq, GUAM-Polşa görüşündə iştirak edəcək. Sabah Viktor Yuşşenko sammitin plenar iclasında çıxış edəcək. V. Yuşşenkonu səfərdə Ukrayna Dövlət Gömrük Xidmətinin sədri Aleksandr Yeqorov, Dövlət Sərhəd Xidmətinin sədri Nikolay Litvin, Nüvə Tənzimlənməsi Məsələləri üzrə Dövlət Komitəsinin sədri Yelena Mıkolayçuk, prezidentin katibliyinin sədr müavini Aleksandr Çalıy və fövqəladə hallar naziri Nestor Şufriç müşayiət edirlər.
Polşa prezidenti L. Kaçinski də Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili, Litva prezidenti Valdas Adamkus, Ukrayna prezidenti Viktor Yuşşenko, Moldovanın baş naziri Vasil Tarlevlə təkbətək görüşlər keçirəcək. Polşanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu gün sammit çərçivəsində Polşa-GUAM görüşü də keçiriləcək, qurumla sözügedən ölkə arasında birgə bəyanatının imzalanacağı gözlənilir.
Litvanın Azərbaycandakı səfiri Kyastutis Kudzamanasın APA-ya verdiyi məlumata görə, Litva prezidenti V. Adamkus iki günlük səfəri çərçivəsində GUAM-ın plenar iclasına qatılmaqla yanaşı, bir sıra görüşlər də keçirəcək. Bu gün o, Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili, Ukrayna prezidenti Viktor Yuşşenko və Polşa prezidenti Lex Kaçinski ilə bir araya gələcək. V. Adamkusun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində xarici işlər nazirinin müavini Laymanas Talam Kelita da var. O, Azərbaycan XİN-in rəsmiləri ilə görüşəcək.
Qeyd edək ki, sammitdə iştirak etməli olan Rumıniya prezidenti Trayan Basesku isə sabah Bakıya gələcək. /APA/











1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR