Bank Of Baku

Prezident İlham Əliyev: “GUAM ölkələrini həm də oxşar problemlər birləşdirir”

Prezident İlham Əliyev: “GUAM ölkələrini həm də oxşar problemlər birləşdirir”
# 19 iyun 2007 10:49 (UTC +04:00)
APA-nın məlumatına görə, sammitdə Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Viktor Yuşşenko, Gürcüstan prezidenti Mixail Saakaşvili, Polşa prezidenti Lex Kaçinski, Rumıniya prezidenti Trayan Basesku, Litva prezidenti Valdas Adamkus, Bolqarıstanın vitse-prezidenti Angel Marin, Moldovanın baş naziri Vasili Tarlev, eləcə də ABŞ, Estoniya və digər ölkələrdən nümayəndə heyətləri iştirak edirlər. Sammitdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın GUAM-a sədrlik etdiyi 1 il müddətində qurumun uğurla fəaliyyət göstərdiyini deyib. Prezidentin sözlərinə görə, GUAM Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat olduğundan, quruma üzv ölkələrdə demokratiya və iqtisadi inkişaf üçün bir sıra işlər görülməlidir: “Dəqiqləşdirilmiş son hesablamalara görə, Azərbaycanda təkcə bir neft yatağında 1 trilyon 200 milyon ton neft ehtiyatı var. Gələn il Azərbaycanda gündə ən azı 1 milyon barel neft hasil ediləcək, növbəti illərdə isə bu göstərici daha da artırılacaq”. İ. Əliyev hazırda Bakı-Supsa, Bakı-Novorossiysk və Bakı-Tiflis-Ceyhan neft kəmərlərinin fəaliyyət göstərdiyini, bu yaxınlarda keçirilmiş Krakov sammitində isə Odessa-Brodı-Qdansk neft kəməri ilə bağlı geniş müzakirə aparıldığını, bu layihəyə siyasi dəstək verildiyini vurğulayıb: “Bundan başqa Azərbaycanın “Şahdəniz” yatağından və digər yataqlardan çıxarılacaq qaz Avropa bazarı üçün böyük maraq kəsb edir. Hazırda Azərbaycanın istismarda olan yataqlarında 1,5 trilyon kubmetr qaz var. Bu qazı Avropa bazarına çatdırmaq üçün ən müasir nəqliyyat infrastrukturu Bakı-Tiflis-Ərzurum qaz kəməri var”. Prezident İlham Əliyev Azərbaycanın bu ildən qaz ixrac edən ölkəyə çevrildiyini bildirib: “Artıq Gürcüstanın qaz bazarının 70-75 faizini Azərbaycan təmin edir. Bu ilin sonuna qədər Türkiyə və Yunanıstana da Azərbaycan qazı ixrac ediləcək. Bununla da Azərbaycan Avropa İttifaqı bazarına daxil olacaq”. Azərbaycanın Türkiyə və Gürcüstanla birlikdə Avropanı Asiya ilə birləşdirəcək nəqliyyat strukturu Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzərində də çalışdığını vurğulayan İ. Əliyev yaxın vaxtlarda dəmir yolunun tikintisinə başlanacağını diqqətə çatdırıb. Azərbaycan prezidenti bildirib ki, GUAM ölkələrini təkcə tarixi bağlılıq, siyasi baxışlar və ortaq maraqlar birləşdirmir: “Əfsuslar olsun ki, bizim ölkələrimiz üçün oxşar problemlər də kifayət qədərdir. Bunlardan başlıcası GUAM-a üzv olan üç ölkədəki münaqişələr, Gürcüstan, Moldova və Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır. Qanunsuz fəaliyyət göstərən separatçı rejimlər ölkələrimizə qarşı hərbi təcavüz və etnik təmizləmə həyata keçirərək, torpaqlarımızın işğal altına düşməsinə nail olublar. Biz çalışırıq ki, məsələni beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh və danışıqlar yolu ilə həll edək. Amma görürük ki, güclü dövlət, güclü iqtisadiyyat və güclü hərbi potensial yaratmadan separatçı qüvvələri işğal etdikləri bölgələrdən öz istəkləri ilə çıxarmaq çətin olacaq. Ona görə biz öz səylərimizi birləşdiririk ki, bütün dünyaya bu separatçı rejimlərin kriminal mahiyyətini başa salaq. Çox sevindirici haldır ki, GUAM bu məsələdə vahid mövqe nümayiş etdirir. Dondurulmuş münaqişələrlə bağlı məsələnin BMT Baş Assambleyasının gündəliyinə salınması GUAM-ın çox böyük diplomatik uğurudur”. İlham Əliyev onu da bəyan edib ki, artıq GUAM Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat kimi öz fəaliyyətinin növbəti mərhələsidir: “Demokratiya, insan haqları, açıq cəmiyyətin yaradılması, qanunun aliliyi, beynəlxalq və Avropa strukturlarına inteqrasiya, iqtisadi islahatlar, iqtisadi potensialın güclənməsi, insanın həyat səviyyəsinin yüksəldilməsi bütün bunlar bizim əsas məqsədimiz və fəaliyyət istiqamətlərimizdir”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR