Bank Of Baku

Bakıda GUAM-a üzv olan ölkələrin dövlət başçılarının zirvə görüşü keçirilib

Bakıda GUAM-a üzv olan ölkələrin dövlət başçılarının zirvə görüşü keçirilib
# 19 iyun 2007 11:26 (UTC +04:00)
APA-nın məlumatına görə, sammitdə Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Viktor Yuşşenko, Gürcüstan prezidenti Mixail Saakaşvili, Polşa prezidenti Lex Kaçinski, Rumıniya prezidenti Trayan Basesku, Litva prezidenti Valdas Adamkus, Bolqarıstanın vitse-prezidenti Angel Marin, Moldovanın baş naziri Vasili Tarlev, eləcə də ABŞ, Estoniya və digər ölkələrdən nümayəndə heyətləri iştirak ediblər. Sammitdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın GUAM-a sədrlik etdiyi 1 il müddətində uğurla fəaliyyət göstərdiyini deyib. Prezidentin sözlərinə görə, GUAM Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat olduğundan, quruma üzv ölkələrdə demokratiya və iqtisadi inkişaf üçün bir sıra işlər görülməlidir: “Dəqiqləşdirilmiş son hesablamalara görə, Azərbaycanda təkcə bir neft yatağında 1 trilyon 200 milyon ton neft ehtiyatı var. Gələn il Azərbaycanda gündə ən azı 1 milyon barrel neft hasil ediləcək, növbəti illərdə isə bu göstərici daha artırılacaq”. İ. Əliyev hazırda Bakı-Supsa, Bakı-Novorossiysk və Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin fəaliyyətdə olduğunu, bu yaxınlarda keçirilmiş Krakov sammitində isə Odessa-Brodı-Qdansk neft kəməri ilə bağlı geniş müzakirə aparıldığını, bu layihəyə siyasi dəstək verildiyini vurğulayıb: “Artıq işçi qrupları da fəaliyyətə başlayıb. Bununla yanaşı, Azərbaycanda “Şahdəniz” yatağından və digər yataqlardan çıxarılacaq qaz Avropa bazarı üçün böyük maraq kəsb edir. Hazırda Azərbaycanda istismarda olan yataqlarda 1,5 trilyon kub metr qaz var. Bu qazı Avropa bazarına çatdırmaq üçün ən müasir nəqliyyat infrastrukturu Bakı-Tbilisi-Ərzurum qaz kəməri var”. Prezident Azərbaycanın bu ildən qaz ixrac edən ölkəyə çevrildiyini bildirib: “Artıq Gürcüstanın qaz bazarının 70-75 faizini Azərbaycan təmin edir. Bu ilin sonuna qədər Türkiyə və Yunanıstana da Azərbaycan qazı ixrac ediləcək. Beləliklə, Azərbaycan Avropa İttifaqı bazarına daxil olacaq”. Azərbaycanın Türkiyə və Gürcüstanla birlikdə Avropanı Asiya ilə birləşdirəcək nəqliyyat strukturu Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzərində də çalışdığını vurğulayan İ. Əliyev yaxın vaxtlarda dəmir yolunun tikintisinə başlanacağını diqqətə çatdırıb.
Azərbaycan prezidenti GUAM ölkələrini təkcə tarixi bağlılıq, siyasi baxışlar və ortaq maraqların birləşdirmədiyini də qeyd edib: “Əfsuslar olsun ki, bizim ölkələrimiz üçün oxşar problemlər də kifayət qədərdir. Bunlardan başlıcası GUAM-a üzv olan üç ölkədəki münaqişələrdir. Gürcüstan, Moldova və Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır. Qanunsuz fəaliyyət göstərən separatçı rejimlər ölkələrimizə qarşı hərbi təcavüz və etnik təmizləmə həyata keçirərək, torpaqlarımızın işğal altına düşməsinə nail olublar. Biz çalışırıq ki, məsələni beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh və danışıqlar yolu ilə həll edək. Amma görürük ki, güclü dövlət, güclü iqtisadiyyat və güclü hərbi potensial yaratmadan separatçı qüvvələri işğal etdikləri bölgələrdən öz istəkləri ilə çıxarmaq çətin olacaq. Ona görə biz öz səylərimizi birləşdiririk ki, bütün dünyaya bu separatçı rejimlərin kriminal mahiyyətini başa salaq. Çox sevindirici haldır ki, GUAM bu məsələdə vahid mövqe nümayiş etdirir. Dondurulmuş münaqişələrlə bağlı məsələnin BMT Baş Assambleyasının gündəliyinə salınması GUAM-ın çox böyük diplomatik uğurudur”.
İlham Əliyev onu da bəyan edib ki, artıq GUAM Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat kimi öz fəaliyyətinin növbəti mərhələsidir. Demokratiya, insan haqları, açıq cəmiyyətin yaradılması, qanunun aliliyi, beynəlxalq və Avropa strukturlarına inteqrasiya, iqtisadi islahatlar, iqtisadi potensialın güclənməsi, insanın həyat səviyyəsinin yüksəldilməsi bütün bunlar bizim əsas məqsədimiz və fəaliyyət istiqamətlərimizdir”.

GUAM-ın Bakı sammitində çıxış edən Ukrayna prezidenti Viktor Yuşşenko isə təşkilatın artıq beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdiyini vurğulayıb: “GUAM müxtəlif beynəlxalq təşkilatlarla əlaqələrini gücləndirir”. Odessa-Brodı neft kəmərinin reallaşdırılacağını deyən V. Yuşşenko bu kəmərin Polşaya qədər tikilməsinin nəzərdə tutulduğunu bildirib: “ Biz azad iqtisadi zonaların tam şəkildə fəaliyyət göstərməsini təmin etməyə hazırlaşırıq. Bu azad iqtisadi zonaların fəaliyyətini dünya ticarət təşkilatının irəli sürdüyü təkliflərə uyğun olmalıdır. Bizim ölkələrdə Abxaziya, Şimali Osetiya, Dnestryanı, Dağlıq Qarabağ kimi münaqişələr var. Bu münaqişələr bizim üzərimizdə bir yükdür. Bu məsələlərin ətraflı müzakirəsinə ehtiyac var. Bu problemlərin həlli regionda təhlükəsizliyin, sabitliyin, bərqərar olmasına səbəb olacaq. GUAM regionun sabitliyinin və təhlükəsizliyinin təminatı kimi çıxış edən təşkilatdır”. GUAM-ın indiyə qədər qeyri-qanuni ticarətin qarşısını almaq üçün birgə layihələr həyata keçirdiyini deyən Ukrayna prezidenti nəqliyyat sahəsində də əlaqələr qurulduğunu söyləyib: “Biz indi nəqliyyat dəhlizinin fəaliyyət göstərməsi üçün səylər göstəririk. GUAM iqtisadi, siyasi dialoqlar həyata keçirir. Biz daha ciddi nailiyyətlərə imza atmaq üçün çalışmalıyıq. Turizm əlaqələri inkişaf etdirilməlidir. Terrorizmə qarşı birgə mübarizə aparılmalıdır. Qloballaşma prosesləri regional təşkilatların rolunun artmasına və yeni tələblərin meydana çıxmasına şərait yaradır”.
Gürcüstan prezidenti Mixail Saakaşvili isə çıxışında GUAM-ın ciddi şəkildə MDB-dən fərqləndiyini deyib. O, MDB-nin yalnız dövlət başçılarının görüşdüyü klub olaraq qaldığını da vurğulayıb: “Bu qurumda isə hamının maraqları üst-üstə düşür, burda həm də Avropa İttifaqının dəstəyi hiss olunur. Biz artıq inteqrasiya prosesinə Qara dəniz hövzəsindəki ölkələri də qoşuruq, Bolqarıstan, Litva, Yaponiya, Polşa və digər Avropa ölkələri ilə maraqlı müzakirələr aparılıb”. GUAM ölkələri arasında ticarət dövriyyəsinin də artırıldığını deyən Gürcüstan prezidenti dəmir yolu layihələrinin həyata keçirildiyini, Azərbaycanın Bakı-Tiflis-Qars dəmiryolu layihəsini reallaşdırmaqla yeni geosiyasi inqilabin müəllifi olduğunu söyləyib: “Bizim qarşımızda həm də münaqişəli ərazilər məsələsi dayanır. Biz bu problemlərlə bağlı da eyni cür, həmrəy hərəkət etməliyik”. M. Saakaşvili ötən il Azərbaycanın özünün enerjiyə ehtiyacı olduğu zamanda Gürcüstana yardım etdiyini də xatırladıb: “Bu, həm də dost və strateji addım idi. Biz XXI əsrdı münaqişələrin və problemlərin birgə həll yollarını tapmalıyıq”.
“GUAM ölkələrinin səmərəli əməkdaşlığını təmin etməliyik. Bizim vacib prioritetlərimizdən biri Avropaya inteqraqsiyadır”. Bu fikirləri isə Moldovanın baş naziri Vasili Tarlev söyləyib. O, GUAM-ın beynəlxalq təşkilatlarla, BMT, ATƏT və dünya ölkələri ilə əlaqələrinin gücləndirməsini vacib sayıb: “Beynəlxalq təşkilatlar və dünya dövlətləri ilə ümumi maraqların inkişaf etdirilməsi, əməkdaşlığın artırılması əsas hədəfimizdir. GUAM ABŞ-la uğurlu əməkdaşlıq edir. Hazırda mövcud təkliflərdən biri birgə ticarət evlərinin yaradılması ilə bağlıdır. Moldova açıq ticarət evlərinin yaradılmasına kömək edə bilər. Biz birgə ticarət evlərinin Kişinyovda yaradılmasını təşkil edə bilərik”. Vasili Tarlev GUAM ölkələri arasında mədəni əlaqələrin inkişafını da zəruri sayır: “Təklif etdiyimiz layihələrdən biri də mədəni əlaqələrin inkişafı ilə bağlıdır. Təəssüf ki, indiyə kimi bu sahədə hələlik heç bir tədbir keçirilməyib. Moldova NATO layihəsinin də həyata keçirilməsində maraqlıdır. Biz həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına da ciddi önəm verməliyik. Bu təhlükəsizlik mütləq təmin olunmalıdır. GUAM ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması çox vacib məsələdir”.
“GUAM birliyi ilə əlaqə Polşa üçün vacib əhəmiyyət kəsb edir. Biz GUAM-ın uğurlu fəaliyyət göstərməsini istəyirik”. Bunu isə Polşa prezidenti Lex Kaçinski söyləyib. O, GUAM-ın iqtisadi təşkilatdan siyasi bloka çevrildiyini deyib: “Burada keçirilən müzakirələrin bir hissəsi enerji ilə bağlıdır. Odessa-Brodı neft kəmərinin böyük əhəmiyyəti var. Digər tərəfdən GUAM ölkələri NATO ilə əməkdaşlıq perspektivlərini diqqətlə nəzərdən keçirir. Bizim bu məsələdə təcrübəmiz az deyil, GUAM ölkələrinə təcrübə baxımdan yardım göstərə bilərik”. Lex Kaçinski GUAM ölkələrinin Avropa İttifaqı üçün də böyük əhəmiyyət kəsb etdiyini deyib: “GUAM-ın böyük enerji resursları var. Bu ölkələr arasında mədəni əlaqələr də böyük əhəmiyyətə malikdir. Polşa GUAM ölkələrinin etibarlı müttəfiqidir. Biz GUAM dövlətləri ilə siyasi əməkdaşlıqda da maraqlıyıq. GUAM-da maraqlı təşəbbüslər var və belə təşəbbüslər ilk dəfədir ki, müşahidə olunur”.
Litva prezidenti Valdus Adamkus isə çıxışında qurumun vacibliyindən və strateji əhəmiyyətindən danışıb. V. Adamkus Litvanın GUAM-ın Avropa ittifaqı ilə daha sıx əməkdaşlıq etməsinə çalışacağını da söyləyib: “İslahatlar yolu ilə fəaliyyət göstərsəniz, Sizin qarşınızdakı problemləri tez həll edəcəksiniz. GUAM ölkələrinin uğuru Litvanın uğurudur. Avroatlantik strukturlarla GUAM arasındakı əlaqələr mühüm olacaq”.
Sammitin sonunda Azərbaycan prezidenti İlham Əliyev yekun nitqi ilə çıxış edib. Müstəqillik əldə etdikdən sonra GUAM ölkələrinin ciddi problemlərlə üzləşdiyini deyən İlham Əliyev qurumun formatının və coğrafiyasının getdikcə genişləndiyini bildirib: “Biz hər zaman ABŞ-ın dəstəyini hiss etmişik. Bundan başqa, sammitdə bizə dost ölkələrin prezidentlərinin iştirak etməsindən olduqca məmnunuq. Belə bir beynəlxalq dəstəyə arxalanaraq, biz öz müstəqilliyimizi gücləndirə, iqtisadiyyatımızı möhkəmləndirə, qarşımızda duran bir sıra problemləri həll edə və bütün sahələrdə Avropa İttifaqının standartlarını tətbiq edə biləcəyik. Bizim məqsədimiz müasir dövlətlər qurmaqdır”.
Azərbaycan prezidenti sammitdə iştirak edən ali qonaqların diqqətini bir daha GUAM ölkələrinin ərazisindəki dondurulmuş münaqişələrə yönəldib: “Bu münaqişələri dondurulmuş münaqişələr adlandırırlar. Amma əslində bunlar dondurulmuş deyillər. Bu sülh çox kövrəkdir və istənilən an pozula bilər. Biz heç vaxt ərazi bütövlüyümüzün pozulması və sərhədlərimizin dəyişdirilməsi ilə barışmayacağıq. Dünya ictimaiyyəti heç bir zaman Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Dağlıq Qarabağda mövcud olan cinayətkar rejimləri tanımayacaq və tanıya da bilməz. Bu rejimlər Avropa üçün qara dəliklərdir və qeyri-qanuni fəaliyyət göstərirlər. Bu ərazilərdə heç bir beynəlxalq nəzarətdən söhbət gedə bilməz. Bununla belə, biz Avropanın təcrübəsindən istifadə edərək, bu ərazilərə ən yüksək muxtariyyət verə bilərik”.
GUAM-ın Bakı sammiti 4 sənədin qəbul edilməsilə yekunlaşıb. Bunlar Bakı Bəyannaməsi, GUAM-ın sahələr üzrə inkişaf strategiyası, 2007-2008-ci illər üçün GUAM-a sədrliyin Azərbaycana keçməsi haqqında proqram və GUAM-ın II sammitinin Kommünikesidir./APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR