Bank Of Baku

GUAM-a üzv ölkələrin dövlət başçıları Bakı sammitinin yekunlarına həsr olunmuş brifinq keçiriblər

GUAM-a üzv ölkələrin dövlət başçıları Bakı sammitinin yekunlarına həsr olunmuş brifinq keçiriblər
# 19 iyun 2007 13:41 (UTC +04:00)
APA-nın məlumatına görə, brifinqdə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili, Ukrayna prezidenti Viktor Yuşşenko və Moldovanın baş naziri Vasile Tarlev iştirak edib. Brifinqdə çıxış edən İlham Əliyev GUAM-ın Bakı sammitinin uğurla başa çatdığını deyib. Dövlət başçısı sammit çərçivəsində həm quruma üzv olan, həm də tədbirin iştirakçısı olan dövlətlərin nümayəndələri ilə müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirə edildiyini bildirib. Brifinqdə jurnalistlərin suallarını cavablandıran prezident İ. Əliyev artıq Azərbaycanın ciddi neft istehsalçısına çevrildiyini deyib: “Gələn il Azərbaycanda neft istehsalı 50 milyon tona bərabər olacaq. 2010-cu ildə ehtiyac olarsa, istehsal həcmini 65 milyon tona çatdırmağa imkanımız çatır”. Prezident GUAM üzvü ölkələrin ərazilərində mövcud olan münaqişələrin həll edilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı deyib ki, münaqişələrin nizamlanması mexanizmi beynəlxalq hüququn normalarına əsasən formalaşmalıdır: “Gürcüstan, Moldova və Azərbaycanın ərazi bütövlüyü bütün dövlətlər tərəfindən tanınır. Separatçı rejimlər isə heç bir dövlət tərəfindən tanınmır. Artıq GUAM-a üzv olan dövlətlər çox böyük çəkiyə malikdirlər. Bizim aydın mövqelərimiz var. Bu, ölkələrimizə qarşı təcavüzün dayandırılması və son qoyulmasından ibarətdir. Artıq bu ölkələrin hər biri inkişaf edib. Ona görə də, qeyri-qanuni cinayətkar rejimlərin öhdəsindən gəlmək bizim üçün asan olacaq”. Ukrayna prezidenti Viktor Yuşşenko çıxışında dövlətlərin ərazi bütövlüyünü heç bir şəkildə müzakirə etməyin mümkün olmadığını deyib: “Bunun heç bir alternativi olmayacaq”. Yuşşenko münaqişələrin həll olunması ilə bağlı siyasi dialoqun da rolunun böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Ukrayna prezidenti GUAM ölkələri arasında aparılan əsas müzakirələrdən birinin də sülhməramlı kontingentin yaradılması ilə bağlı olduğunu deyib: “Əgər belə bir razılıq əldə edilsə, bu ATƏT-in və BMT-in mandatı çərçivəsində fəaliyyət göstərən hərbi qurum olmalıdır. Mən Ukraynanın adından bildirmək istəyirəm ki, bizim üçün münaqişənin həll edilməsi vacib məsələdir. Bu dondurulmuş münaqişələr bölgədə təhlükəsizlik üçün çətinlik törədirlər”. Moldovanın baş naziri Vasile Tarlev isə çıxışında bu münaqişələrin süni şəkildə yaradıldığını və xaricdən dəstəkləndiyini bildirib: “Bütün dünya terrorizmə qarşı mübarizə aparır. Biz bu məsələnin BMT-in gündəliyinə daxil edilməsinə nail olmuşuq. Biz dondurulmuş münaqişələrinin həllini tezləşdirmək istəyirik, amma bu, sülh yolu ilə olmalıdır”. Gürcüstan prezidenti Mixail Saakaşvili dövlətlərin sərhədləri ilə oynamağın mümkünsüz olduğunu deyib: “Bu gün tamam axmaq və vicdanı olmayan bir adam fikirləşə bilər ki, Cənubi Osetiyanı götürüb başqa bir tərəfə keçirmək mümkündür. Bu min illər boyu mümkün olmayıb və heç vaxt da olmayacaq. Osetinlər bizim vətəndaşlardır. Biz onları sevirik. Biz osetinlərlə gələcək min il ərzində də bir yerdə yaşamağı planlaşdırırıq. Cənubi Osetiyanın insanları üçün bütün imkanlar yaradılıb. Bu problemin həlli üçün vaxt lazımdır. Osetiyada heç bir dondurulmuş münaqişə yoxdur. Sadəcə orada bir neçə cinayətkar qrup var. Biz osetinlərə onların arzuladığı hər şeyi verəcəyik. Bu, bir neçə ayın məsələsidir. Biz bunu uzağa saxlamaq istəmirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR