Bank Of Baku

AXCP Ali Məclisinin sədri: “2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək lazımdır”

AXCP Ali Məclisinin sədri: “2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək lazımdır”
# 24 avqust 2007 11:22 (UTC +04:00)
“2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək lazımdır”. Bunu APA-ya açıqlamasında “Azadlıq” blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli bildirib. Onun sözlərinə görə, Azərbaycanın indiki şəraitində müvafiq Seçki Məcəlləsinin, ən əsası isə seçki komissiyalarının tərkibinin dəyişdirilməsinə ehtiyac var. O, bu addımların atılmayacağı halda seçkinin nəticələrinin əvvəlcədən bəlli olacağını deyib və buna görə də bəzi siyasi qüvvələrin boykot mövqeyi tutacağını ehtimal edib: “Amma Azərbaycanda müxalifət partiyaları bütünlüklə seçkiləri boykot edəcəksə, bu effekt verəcək. Ayrıca bir və yaxud bir neçə partiyanın boykotu effektli olmayacaq”. Q. Əlibəyli bildirib ki, indiki məqamda blokda əsas müzakirə mövzusu seçkiləri boykot yox, məhz qanunun dəyişməsidir. Bu məsələ bitəndən sonra seçkidə iştirak edib-etməmək məsələsi müzakirə oluna bilər.
Müsavat Məclisinin sədri Sülhəddin Əkbər isə seçkilərə hələ uzun müddət qaldığını və demorktiya istəyən cəmiyyətdə indidən boykotun aşılanmasının düzgün olmadığını qeyd edib. Onun fikrincə, bu onsuz da ictimaisiyasi fəallığı aşağı olan cəmiyyətdə pessimizmi daha da artırır: “Digər tərəfdən boykot o halda effektli olacaq ki, özünü müxalifət elən edən bütün qüvvələr eyni mövqedən çıxış etsinlər. Azərbaycanda buna dəfələrlə cəhd olunub və hər zaman hakimiyyətin və yaxud xarici qüvvələrin nəzarətində olan partiyalar buna imkan verməyiblər. Azərbaycanda mövcud siyasi şərait elədir ki, boykotun effekt verməyəcəyi əvvəlcədən bəllidir”. S. Əkbərin fikrincə, indidən boykot təbliğatı aparmaq ilk növbədə hakimiyyətin maraqlarına uyğundur.
Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov isə demokratik seçkilər keçirilməyəcəyi halda boykotu mümkün sayır: “Amma bu seçkilərlə bağlı bəri başdan boykot mövqeyinin tutulması doğru deyil. Biz partiya olaraq seçkidə iştirak etmək qərarı vermişik. Amma demokratik mühit olmayacaqsa, seçkilərdə iştirakdan imtina edə bilərik. Obyektivlik naminə müxalifətin bu vaxta qədər etdiyi boykotların effektli olmadığını da deməliyəm”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da ayrı-ayrı partiyaların seçkiləri boykot etməsi ciddi effekt verəməyəcəyini düşünür: “Azərbaycan xalqı seçkiləri boykot etmək qərarına gəlsə, bir nəticə ola bilər. “Azadlıq” blokunun boykotla bağlı fikirləri onların öz hüququdur və seçkilərdə iştirak etmək, yaxud etməmək şəxsi iradə ilə bağlı məsələdir. ADP isə istənilən halda seçkilərdə iştirak edəcək, bu qurultayın qərarıdır”.
Qeyd edək ki, Prezident Aparatının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov mətbuata açıqlamasında Azərbaycanda seçkiləri boykt etmək gücündə olan müxalifət partiyasının olmadığını deyib. O bildirib ki, ölkədə seçicilərin 10 faizindən artığının toplaşmadığı siyasi təşkilatlar seçkini boykot edə bilməz: “Bizim üçün əsas olanı xalqın, vətəndaşların seçkidə iştirakıdır. Azərbaycanda seçkini boykot etmək heç bir siyasi təşkilatın gücü daxilində deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR