Bank Of Baku

Turan Çöməz: “Əlimə fürsət düşən kimi Xocalıya gedəcəyəm”

Turan Çöməz: “Əlimə fürsət düşən kimi Xocalıya gedəcəyəm”
# 19 sentyabr 2007 10:29 (UTC +04:00)
- Türkiyədə yeni Konstitusiya mətni hazırlanır. Oktyabrın 21-də prezidentin xalq tərəfindən seçilməsi üçün referendum keçiriləcək. Parlamentdəki siyasətə müvəqqəti fasilə verən, ancaq çalışmalarını aktiv şəkildə davam etdirən bir siyasətçi kimi vəziyyəti necə qiymətləndirirsiniz?
- Türkiyə dinamik bir dövrə daxil olub. Yeni Konstitusiya Türkiyənin müasir sivilizasiyaya daha çox yaxınlaşması üçün mühümdür. Ancaq Konstitusiya layihəsinin hazırlanması metodu çox mübahisə doğuracaq. 47% səs almış bir partiya Konstitusiyanı tamamilə təftiş etmək haqqına sahibdirmi? Kağız üzərində haqqı var, qanunlarda da bir əngəl yoxdur. Ancaq bütövlükdə toplumun tələblərinə cavab verə biləcək bir Konstitusiya qəbul etmək lazımdır. Məncə yaxın gələcəkdəki mübahisələrin təməlində Konstitusiyanın hazırlanma metodu dayanacaq.
- Konstitusiya məsələsi gündəmə həm sürətli, həm də bir qədər gizli şəkildə daxil oldu. Bu Konstitusiyanın AKP Konstitusiyası olacağını söyləyənlərlə razılaşırsınızmı?
- Mən bu tənqidlərə qatılıram. Alaqaranlıqda Konstitusiya hazırlanmaz, günorta və millətin gözü qarşısında hazırlanıb qəbul edilər. Bu ölkədə yaşayan hər bir fərdin arzusu və tələbi nəzərə alınmalıdır. Məclisdən kənarda olan qeyri-hökumət təşkilatları, ziyalılar, hər kəs öz fikrini deyə bilməlidir.
- Kənardan baxanda adama elə gəlir ki, Türkiyədə iki sistem var: bir tərəfdə Qərb yaşam tərzinin tərəfdarı olan dünyəvilər, digər tərəfdə isə “dünyəvi islamçılar”. Mənzərə sizə necə görünür?
- Təəssüf ki, bəzi vaxtlar dövlətin zirvəsində əsən fırtınalara biz də şahid oluruq və bundan narahatlıq duyuruq. Biz Türkiyənin idarəçiliyində ahəng istəyirik, fırtına yox. Zirvədəki bu mənzərə bəzən vətəndaşlar arasında da özünü göstərir. Əslində toplumda belə bir ayrılma yoxdur. Bu gün məscidə gedəndə kiçik azlıqdan başqa heç kimin rejimin başlıca dəyərləri, Atatürk prinsipləri ilə probleminin olmadığını görə bilərsiniz. Bu insanlar səmimi şəkildə inandıqları kimi yaşamaq istəyirlər və eyni zamanda, dövlətin dəyərlərinə sahib çıxırlar. Yaxud da axşam restoranda içki içən vətəndaşların çoxunun da dinlə probleminin olmadığı məlumdur. Toplumda bir ayrılma yoxdur, ancaq liderlər və fikir adamları bəzən olmayan ayrılmaları dərinləşdirirlər. Bunların Türkiyəyə heç bir faydası yoxdur.
- Bakıdan yenicə qayıtmısınız. Şəhərin mərkəzindəki “Azad qadın” heykəli başını açan qadını simvolizə edir, örtən qadını yox. Azadlıqların tarixinə nəzər yetirdikdə bu gün Türkiyədə sanki məsələyə tərs tərəfdən baxıldığının şahidi oluruq. Yəni başı açmaq yox, örtmək azadlıq simvolu sayılır. Niyə belədir?
- Azadlıq qadının bir şəxsiyyət kimi layiq olduğu dəyəri, gücü və cəmiyyətdəki yerini tapması, iş dünyasında, dövlət idarəçiliyində özünü görə bilməsidir. Türkiyədə ötən illərdə bir siyasi partiyanın lideri durub dedi ki, vaxt gələcək, rektorlar türbanlı qızların qabağında təzim edəcəklər. (Keçmiş Rifah Partiyasının lideri Nəcməddin Ərbakan nəzərdə tutulur APA.) Dini təhsil verən məktəblərin onlara kadr yetişdirən baza olduğunu da söyləyirdilər. Bunlar Türkiyədə gərəksiz qütbləşməyə yol açıb. Tarix boyunca bu torpaqlarda yaşamış insanların gündəmində belə bir qütbləşmə olmayıb. Türbandan siyasi simvol kimi istifadə edilməsinə qətiyyətlə qarşıyam. Bunu bəhanə edib insanların universitetlərdə özlərini yetişdirməsinin əngəllənməsinin də əleyhinəyəm.
- 22 iyuldakı seçkidən sonra hörmətli Abdulla Gül belə bir açıqlama verdi: “Seçkidə qalib gələndən sonra Avropadan bizə zəng edib dedilər ki, cümhuriyyət mitinqləri keçiriləndə qorxur və çəkinirdik. Ancaq siz seçkidə qalib gələndən sonra gördük ki, Türkiyə sizdən ibarət imiş və rahat olduq”.
- Türkiyə heç kimdən ibarət deyil. Türkiyənin quruluş dəyərləri var. Heç kimin bu ölkənin təməl dəyərlərindən ayrı düşməsinə və onunla münaqişəyə girməsinə razı ola bilmərik. Hər kəs başqalarının sahəsinə təcavüz etməməlidir. Ay-ulduzlu bayrağın altında yaşamaqdan şərəf duyan hər kəs bu ölkəyə sayğılı olmalıdır. Kənarlaşdırma, başqalaşdırma bizim şüarımız ola bilməz. Mən bunu şiddətlə rədd edirəm. Müxtəlif fikirlər bizim zənginliyimizdir. Bu ölkənin yalnız mənim kimi düşünən insanlardan ibarət olmasını istəmək despotizmdir.
- Bu prizmadan baxanda ölkənin cənub-şərqindəki vətəndaşların problemlərinin həlli çətin olmur, elə deyilmi?
- Bu ölkədə bir cənub-şərq həqiqəti var. Biz Atatürk milliyyətçiliyini müdafiə edirik, yəni özünü bu ölkəyə aid hiss edən, vətəndaşlıq bağı ilə bağlı olan, ay-ulduzlu bayrağın altında yaşamaqdan qürur duyan hər kəs türk vətəndaşıdır. Etnik mənşəyin fərqli olması mühüm deyil. Əsas məsələ vətəndaşın özünü bu ölkəyə bağlı hiss etməsidir. Əgər bəzi adamları etnik mənşəyini inkar etməyə məcbur etsəniz, bunun adı demokratiya olmaz. Ancaq bəzi adamlar bu ölkənin sərhədlərindən kənara çıxmaq və ölkəni ayırmağa çalışarsa, biz bunu da demokratiya hesab etmərik. Ona görə də burada bölücü terror təşkilatını, onun çətiri altında fəaliyyət göstərən siyasətçiləri və “ziyalıları” ayırd etmək lazımdır. Bir də problemlərinin həll edilməsi üçün dövlətdən kömək gözləyən insanları ayrı tutmaq lazımdır mən əsas bu kütləni nəzərdə tuturam. Biz onları bağrımıza basıb tələblərini yerinə yetirməyə çalışarıq və özlərini ifadə edə bilmələri üçün hər cür imkan yaradarıq.
- Sizi axtaranda çox vaxt Kərkükdə tapırıq. Oralarda nələr olur?
- Kərkük bizim ürəyimizin bir parçasıdır. Bakı, Təbriz, İstanbul nədirsə, Kərkük də bizim üçün odur. Mən məsələyə belə baxıram. Kərkük tarix boyu bizim üçün strateji dəyərlərə sahib olduğu kimi, bu gün də eyni məzmun və mənanı daşıyır. Hazırda Orta Şərqdə gedən proses sülh və demokratiya deyil, qan və göz yaşı gətirməyə yönəlib. Ona görə də Türkiyə oyunun piyadası yox, memarı olmalıdır. Rüzgarın qabağında sovrulan bir yarpaq yox, rüzgarı əsdirən bir güc olmalıyıq. Mən bu sahədə hökumətdən fərqli düşüncələrə sahibəm.
- Yanvar ayında APA-ya müsahibənizdə Xocalı faciəsini yerində lənətləmək üçün oraya gedəcəyinizi bildirmişdiniz. Bu planınız qüvvədə qalırmı?
- Xocalıya getmək üçün bəzi təşəbbüslərim oldu. Mübarizəmə davam edəcəyəm. İnşallah, bu imkan əlimə düşən kimi oraya gedəcəyəm. Qısa müddət əvvəl Qubaya getdim, oradakı toplu məzarları gördüm. Bu vəhşiliyi dünyaya göstərmək üçün əlimdən gələni edirəm. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR