Bank Of Baku

Analiz: - Dağlıq Qarabağ münaqişəsi - “ölü nöqtə”yə qayıdış?

Analiz: - Dağlıq Qarabağ münaqişəsi -  “ölü nöqtə”yə qayıdış?
# 19 sentyabr 2007 15:44 (UTC +04:00)
Sankt-Peterburq danışıqlarının nəticəsiz başa çatmasından sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində durğunluğun aradan qalxması gözlənilsə də, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfəri zamanı səsləndirdiyi bəyanatlar bu pessimizmi daha da artırıb.

Vasitəçilərin Xankəndi, İrəvan və Bakıda səsləndirdiyi bəyanatlardan ümumilikdə aşağıdakı nəticələrə gəlmək olar:

a) Münaqişənin nizamlanması prosesində ciddi irəliləyişlər var;
b) Ali səviyyədə dialoq prosesinin detallarının xarici işlər nazirləri səviyyəsində razılaşdırıldığı “Praqa prosesi”ni faktiki olaraq başa çatmış hesab etmək olar;
c) Prezidentlər arasında görüşün keçirilməsi üçün vasitəçilərdən asılı olan məsələ qalmayıb;
d) Nizamlama prosesini sürətləndirmək üçün danışıqlar formatının tərkibini genişləndirməyə ehtiyac var;
e) Hər iki ölkə seçkilər ərəfəsində olsa da, bu amil nizamlama prosesinə mənfi təsir göstərməyəcək.


Həmsədrlər bu fikirləri ən müxtəlif formalarda əvvəlki səfərlər zamanı da səsləndiriblər, bu amil vasitəçilərin regiona son səfərinin münaqişənin nizamlanması prosesini “ölü nöqtə”dən tərpədəcəyi ehtimalını zəiflədib. Əslində nəticəsiz qalan Sankt-Peterburq görüşündən sonra həmsədrlərin regiona səfərinin bir əhəmiyyəti qalırdı: “Vasitəçilər danışıqlar prosesinə və həyata keçirdikləri missiyaya itirilmiş inamı bərpa edə biləcəkdimi?” Hər halda bu sualı müsbət cavablandırmaq çətindir, 48 saat ərzində danışıqların formatının dəyişdirilməsinə dair 180 dərəcə fərqli fikir söyləməklə, həmsədrlər ictimai rəydə özlərinə olan inamı daha da azaltmış oldular.

Digər tərəfdən, səfər zamanı səslənən bəyanatlarda əsas ağırlığın danışıqların formatının dəyişdirilməsi amili üzərinə salınması (və sonradan bu fikirdən imtina edilməsi) ATƏT-in Minsk Qrupu həmsədrlərinin məsuliyyəti öz üzərindən atması cəhdindən başqa bir şey deyil. Təbii ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının danışıqlar prosesinə cəlb olunmasını israrla təklif edən həmsədrlər bunu əsaslandırmağa, münaqişə tərəflərinin (Azərbaycan və Ermənistan) ortaq məxrəcə gələ bilmədiyi situasiyada icmaların prosesə qoşulmasının prosesə hansı fayda verəcəyini açıqlamağa borcludur.

Lakin icmaların dialoq prosesinin tərəfinə çevrilməsinin münaqişənin nizamlanmasına müsbət təsir göstərməyəcəyi indidən məlumdur. Bu baxımdan həmsədrlərin format dəyişikliyində israrı (həmsədrlər bu təklifi təkcə bu dəfə yox, ümumiyyətlə regiona bütün səfərləri zamanı səsləndirirlər) yalnız Ermənistanın vaxt udmaq məqsədinə cavab verir. Bu, həmçinin işğal altında olan Azərbaycan torpaqlarında fəaliyyət göstərən separatçı rejimi münaqişə tərəfi kimi təqdim etmək cəhdidir. Qeyd olunan situasiyada Azərbaycan və Ermənistanın danışıqlar formatının dəyişdirilməsi prosesinə fərqli münasibəti başa düşüləndir.

İndiki situasiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı nələr vəd edir? Yaxın müddətli proqnozlaşdırmada proseslər aşağıdakı inkişaf ssenariləri üzrə inkişaf edə bilər:
- Prezidentlər arasında növbəti görüşün keçirilməsi perspektivi yoxdur;
- Münaqişənin nizamlanma prosesindəki situasiya hər iki ölkədə seçkilər başa çatana kimi dəyişməyəcək;
- Danışıqlar formal olaraq “Praqa prosesi” çərçivəsində davam etsə də, nizamlanma prosesi qeyri-müəyyən müddətə kimi dondurulacaq.
- Seçkilərlə əlaqədar götürülmüş “taym-aut”dan yalnız “xalq diplomatiyası” elementlərinin formalaşdırılması, münaqişə zonasına, o cümlədən Azərbaycan və Ermənistana qarşılıqlı səfərlərin təşkili üçün istifadə ediləcək.
/APA-ANALİTİKA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR