Bank Of Baku

Sülhəddin Əkbər: “Pənah Hüseyn prezident seçkilərində öz namizədliyini irəli sürmək istəyir”

Sülhəddin Əkbər: “Pənah Hüseyn prezident seçkilərində öz namizədliyini irəli sürmək istəyir”
# 20 sentyabr 2007 09:46 (UTC +04:00)
“Müsavat Partiyasının başqanı İsa Qəmbərin ətrafında hər hansı qeyri-sağlam mühit görmürəm. Pənah Hüseynin həm İsa Qəmbərlə, həm də onun ətrafında olan bəzi şəxslərlə özəl münasibətləri var və bu münasibətlər çərçivəsində baş verən hadisələrdən mənim məlumatım yoxdur”. Bunu APA-ya açıqlamasında Müsavat Məclisinin sədri Sülhəddin Əkbər “Müsavat” deputat qrupunun üzvü Pənah Hüseynin son vaxtlar Müsavat Partiyası ilə bağlı mətbuata verdiyi müsahibələrə münasibət bildirərkən deyib. S. Əkbərin sözlərinə görə, İsa Qəmbər hər zaman Pənah Hüseyni özünün yaxın dostu kimi təqdim edib: “Pənah Hüseyn də İsa Qəmbərin çox yaxın dostudursa, həmin qeyri-sağlam şəxslərin adını çəkməlidir. Bu barədə ətraflı danışsa, daha yaxşıdır və işin xeyrinə olar”.
Son vaxtlar P. Hüseynin Müsavatla bağlı açıqlamalarının səbəblərinə gəldikdə, S. Əkbər bunun millət vəkilinin növbəti prezident seçkilərində öz namizədliyini irəli sürmək istəyi ilə əlaqələndirib: “Amma mövcud şərtlər bunu çətinləşdirir. Bir tərəfdən Müsavatın öz namizədi ildə çıxış etmək niyyətində olması, digər tərəfdən isə öz partiyasının belə onun namizədliyinə razılaşmaması Pənah Hüseyni çətin vəziyyətə salır. Pənah bəy istəyir ki, namizəd kimi indidən aktiv siyasi fəaliyyətə başlasın. Onun namizədlərin birliyi ideyası var və namizəd olacaq şəxslərin bir qrupu ilə birlik yaradıb qarşıdakı mərhələdə seçki kampaniyasında aktiv siyasi rol oynamağa çalışır”. S. Əkbər hesab edir ki, P. Hüseyn məhz bu məqsədlə belə çıxışlar edir və Müsavatda özünə dəstək axtarır: “Amma Müsavatda bu məsələdə yekdil fikir var və burada fikir ayrılığının olacağını düşünmürəm. Məclisin yaxın vaxtlarda keçiriləcək iclasında bu məsələyə aydınlıq gətiriləcək. Bundan sonra da əlavə spekulyasiyalara yer qalmayacaq”. S. Əkbərin fikrincə, hələ imkanlar itirilməyib və münasibətlərin davam edib-etməyəcəyi P. Hüseynin bundan sonrakı mövqeyindən asılı olacaq: “Əgər bu şəkildə davam edəcəksə, mətbuatda çıxışlar bu cür olacaqsa, Müsavat olaraq bu məsələyə qayıtmalı olacağıq. İstənilən halda özünü İsa Qəmbərin yaxın dostu hesab edən bir şəxsin öz namizədliyini irəli sürmək niyyəti təbii ki, heç də xoşagələn hal deyil. Əgər Müsavat İsa Qəmbərin namizədliyini irəli sürəcəksə, bu halda vəziyyət daha aydın olacaq. Hətta bundan sonra da Pənah Hüseyn analoji mövqeyini davam etdirəcəksə, onda Müsavatla onun əməkdaşlığı məsələsinə biz yenidən baxmaq məcburiyyətində qalacağıq”.
Məclis sədrinin sözlərinə görə, P. Hüseyn başqa partiyanın nümayəndəsi olaraq namizədliyinin dəstəklənməsi ilə bağlı səyləri təbiidir: “Amma o, Müsavat deputat qrupunun üzvü olaraq belə bir niyyət ortaya qoyursa və mətbuata açıqlamalar verirsə, bu başqa vəziyyətdir. Buna görə Pənah Hüseyn öz statusuna və Müsavatla münasibətlərinə də aydınlıq gətirməlidir. Əgər partiya ilə hər hansı hüquqi, siyasi və mənəvi bağlılığı olmasaydı, bu zaman belə mövqe nümayiş etdirməyə haqqı olardı”. Son vaxtlar P. Hüseynlə Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının mətbuatda qarşılıqlı ittihamlarla çıxış etməsinin əvvəlcədən qurulmuş oyun olması ilə bağlı deyilənlərə gəldikdə, S. Əkbər bunu doğru saymadığını bildirib: “Pənah Hüseynlə Arif Hacılının münasibətlərinin yaxın olduğu hamıya aydındır. Amma siyasi münasibətlərə gəldikdə, düşünürəm ki, bu məsələdə Arif Hacılı tam səmimidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR