Bank Of Baku

Ziyafət Əsgərov: “Torpaqlarımızı hansı yolla olursa-olsun qaytaracağıq”

Ziyafət Əsgərov: “Torpaqlarımızı hansı yolla olursa-olsun qaytaracağıq”
# 21 sentyabr 2007 11:48 (UTC +04:00)
“İqtisadiyyatımız həndəsi silsilə üzrə inkişaf edir. Biz öz torpaqlarımızı hansı yolla olursa-olsun qaytaracağıq. Buna yüz faiz əminəm”. APA-nın məlumatına görə, bu bəyanatla Milli Məclisinin birinci vitse-spikeri, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov çıxış edib. Azərbaycanın hərbi büdcəsi ilə bağlı məsələnin Rusiya və Ermənistan mətbuatında həddən artıq şişirdildiyini bildirən Z. Əsgərov rəsmi Bakının müəyyənləşdirilmiş kvotadan kənara çıxmadığını deyib: “Hər bir dövlətin hərbi büdcəsi 4-6 faiz arasında arta bilər. Azərbaycanda bu rəqəm 4,8 faiz təşkil edir. Bunu şişirtmək lazım deyil. Biz 6 faizlik kvotanı keçməmişik. Hətta biz kvotadan kənara çıxsaq da, buna haqqımız var, çünki işğala məruz qalan ölkəyik. Biz durub gözləməliyik ki, düşmən nə vaxtsa insafa gələcək?” Z. Əsgərov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın Azərbaycan və Gürcüstanın hərbi büdcəsinin artmasını quruma üzv olan ölkələrin təhlükəsizliyinə təhdid kimi qiymətləndirməsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu fikirləri səsləndirən adamdan Rusiyanın Ermənistana 1996-cı ildə 1 milyard dollarlıq silah-sursat verdiyini, indi də Gürcüstandan çıxarılan silahlı qüvvələrini Ermənistan və Dağlıq Qarabağda yerləşdirdiyini xatırlatmaq lazımdır. Oktyabrın 6-9-da İslandiyanın Reykyavik şəhərində NATO Parlament Assambleyasının payız sessiyasının keçiriləcəyini deyən MM sədrinin müavini toplantıda Cənubi Qafqaz ölkələri ilə bağlı məruzənin dinləniləcəyini söyləyib. O, NATO PA-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe bildirməsi və qətnamə qəbul etməsini istədiklərini açıqlayıb. Azərbaycanın Hərbi Doktrinası ilə bağlı məsələyə gəlincə, Z. Əsgərov qeyd edib ki, sənədin detalları ilə bağlı açıqlama vermək fikrində deyil: “Sənəd Milli Məclisin payız sessiyasında müzakirə olunacaq”. “Alternativ xidmət haqqında” qanun layihəsinin də hazır olduğunu vurğulayan komissiya sədri sənədin müzakirəyə çıxarılmasında heç bir problem olmadığını söyləyib: “Sənədin mahiyyəti dini, mənəvi, fəlsəfi və əxlaqi baxışlarına görə əlinə silah ala bilməyən insanların arxa cəbhədə xidmət keçmələri ilə bağlıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR