Bank Of Baku

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda partiyanın parçalanması rəsmiləşib

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda partiyanın parçalanması rəsmiləşib
# 22 sentyabr 2007 13:09 (UTC +04:00)
APA-nın məlumatına görə, partiya sədrinin birinci müavini Rauf Qurbanov plenumun keçirilməsinə etiraz etdiyindən yığıncaqda iştirak etməyib. Buna baxmayaraq, onun bir qrup tərəfdarı toplantıda iştirak üçün AKP qərargahına gəlib. Lakin AKP-nin sədr müavini Rüstəm Şahsuvarova yaxın olan digər tərəfin nümayəndələri R. Qurbanovun tərəfdarlarının toplantıda iştirakına maneçilik törədiblər. Qarşı tərəf onların toplantıya gecikdiyini, artıq zalda yer olmadığını əsas gətirib. Onların arqumentləri ilə razılaşmayan R. Qurbanovun tərəfdarları qərargaha daxil olmağa cəhd etsələr də, qapını arxadan bağlayan digər tərəf heç kimi içəri buraxmayıb. Toplantını işıqlandırmaq üçün AKP qərargahına gələn KİV nümayəndələri də qapı arxasında qalıblar. Uzun mübahisədən sonra yalnız APA və ANS-in əməkdaşlarına toplantıdan çəkiliş etməyə imkan yaradılıb. Toplantının fasilədən sonrakı hissəsində isə R. Qurbanovun partiyadan çıxarılmasını tələb edənlərlə onun tərəfdarları arasında insident baş verib, əlbəyaxa dava düşüb. Plenumda müzakirəyə çıxarılan məsələlərlə razılaşmayan bir qrup partiya üzvü toplantını tərk edib. Bundan sonra yığıncaq R. Qurbanovun tərəfdarlarının iştirakı olmadan davam etdirilib. Plenum R. Qurbanovun partiyada tutduğu bütün vəzifələrdən xaric edilməsi barədə qərar verib. AKP MK sədrliyinə isə R. Şahsuvarovun namizədliyi irəli sürülüb. Bundan başqa, Plenum oktyabrın 14-də partiyanın qurultayının keçirilməsi barədə qərar qəbul edib. AKP MK-ya sədrlik məsələsinə də məhz qurultayda baxılacaq.
AKP MK-nın büro üzvü Gülnisə Məsimova isə APA-ya bildirib ki, plenumda iştirakçılara R. Qurbanovun 1999-cu ildə partiyadan çıxarılması haqda saxta protokol təqdim olunub: “Halbuki Rauf Qurbanov 2000-2005-ci illərdə AKP-dən Milli Məclisin deputatı seçilib. İlk təşkilatın qərarı olmadan plenumun heç kimi partiyadan çıxarmaq səlahiyyəti yoxdur”. G. Məsimova partiyanın sədr müavinləri Rüstəm Şahsuvarovu, Hacı Hacıyevi və təşkilat şöbəsinin müdiri Ələsgər Xəlilovu partiyanı ələ keçirməyə cəhddə də ittiham edib. Onun sözlərinə görə, toplantını tərk edən plenum nümayəndələri tərəfindən AKP Nizamnaməsinin 23.2 maddəsinə uyğun olaraq, Təşkilat Komitəsi yaradılıb. Partiyanın Nizami rayon təşkilatının qərargahında keçirilən yığıncaqda AKP-nin növbəti 37-ci qurultayına qədər AKP MK-nın bütün səlahiyyətləri AKP Təşkilat Komitəsinə həvalə olunub. Təşkilat Komitəsinin ilk iclasında isə AKP sədrinin birinci müavini Rauf Qurbanov sədr seçilib. R. Qurbanov da APA-ya açıqlamasında baş verənlərin qanuna zidd olduğunu bildirib. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR