Bank Of Baku

Yaqub Abbasov: “Müsavat təmsilçiləri murdar siyasətlərindən əl çəkmirlər”

Yaqub Abbasov: “Müsavat təmsilçiləri murdar siyasətlərindən əl çəkmirlər”
# 06 dekabr 2007 10:37 (UTC +04:00)
“Rəsul Quliyev 2003-cü ildə ictimai-siyasi reallıqları, müxalifətin bir arada olmasının vacibliyini nəzərə alaraq, ambisiyaları kənara qoyub İsa Qəmbərin namizədliyini dəstəklədi, Azərbaycandakı bütün tərəfdarlarını ona səs verməyə çağırdı. Amma əvəzində Müsavat təmsilçiləri murdar siyasətlərindən əl çəkmədilər və bu gün Rəsul Quliyevə qarşı ittihamlar səsləndirirlər”. Bu sözləri APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədr müavini Yaqub Abbasov bildirib. Onun sözlərinə görə, Müsavat rəhbərliyi 1988-ci ildə siyasətə hansı davranışla gəlmişdisə, indi də həmin düşüncə ilə davam edir: “Onlar nə məmur, nə də siyasətçi kimi formalaşa biliblər, bu düşüncə ilə müxalifəti də uzağa aparmaq gücündə deyillər. Onlara Rəsul Quliyevə qarşı hücumlardan çəkinməyi məsləhət görürük”. Y. Abbasov Müsavatı 2005-ci ilin parlament seçkilərində müxalifətə böyük zərbə vuraraq, 3-4 deputat mandatından ötrü müxalifətin maraqlarını satmaqda ittiham edib: “İndidən məlumdur ki, 2008-ci ildə də uduzacaqlar. Bu seçkidə də toplayacaqları səslər 1 faizi keçməyəcək”.
Müsavatın növbəti prezident seçkilərində Rəsul Quliyevin namizədliyini dəstəkləməsinin mümkünlüyü ilə bağlı suala cavabında Y. Abbasov bildirib ki, partiyasındakı digər şəxslərdən fərqli olaraq, İsa Qəmbər mövcud reallığı dəyərləndirmək imkanında olan siyasətçidir: “Mən elə gəlir ki, o bütün parametrləri təhlil edəndən sonra bu addımı ata bilər. Amma bu gün kiminsə vahid namizədliyi üçün yox, seçki şəraitinin dəyişməsi üçün mübarizə aparılmalıdır”.
Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər isə APA-ya açıqlamasında bildirib ki, son günlər təkcə ACP yox, müxalifətdəki digər qurumlardan da Müsavata qarşı arzuolunmaz proseslər başlayıb. Prosesin şüurlu aparıldığını düşünməyən S. Əkbər hesab edir ki, indiki situasiyada müxalif qüvvələr bir-birini ittiham etmək əvəzinə, səyləri birləşdirməlidirlər: ““Dörd”lərin son dövrlərdə atdığı addımlar buna nümunə ola bilər. Hətta zamanında ciddi fikir ayrılıqları olan siyasi qüvvələr də mövcud şəraiti dəyərləndirib birgə qərarlar qəbul edirlər. İndiki şəraitdə bizi birləşdirən ümumi maraqları tapmalıyıq. Fikir ayrılıqları yarada biləcək məsələləri isə arxa plana keçirməliyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR