Bank Of Baku

İğdır bələdiyyəsinin Xocalı faciəsinə həsr olunmuş beynəlxalq konfransların materialları əsasında nəşr etdirdiyi kitabların təqdimat mərasimi keçirilib

İğdır bələdiyyəsinin Xocalı faciəsinə həsr olunmuş beynəlxalq konfransların materialları əsasında nəşr etdirdiyi kitabların təqdimat mərasimi keçirilib
# 17 dekabr 2007 11:39 (UTC +04:00)
“Türkün Qara Günü: Xocalı Soyqırımı” adı altında Türkiyə və Avropada keçirilən silsilə konfransların materialları əsasında hazırlanan kitabın təqdimatı keçirilib. APA-nın məlumatına görə, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, Azərbaycan dövləti Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətdə müvafiq işlər görür. O, bu məsələdə Azərbaycanın xaricdə yaşayan dostlarının da öz dəstəklərini verdiyini də söyləyib. Millət vəkili Məlahət Həsənova isə ermənilərin Türkiyədə və Azərbaycanda törətdikləri faciələrin gələcək nəsillərə çatdırılması üçün bu mövzuda kitabların daha çox nəşr etdirilməsini zəruri hesab edib. Xocalı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, Milli Məclisin deputatı Elman Məmmədov faciə haqda məlumatların Avropaya çıxarılması istiqamətində mühüm işlərin görülməsinin vacibliyini diqqətə çatdırıb. E. Məmmədov kitabların rus və ingilis dillərinə tərcümə olunmasının əhəmiyyətindən də danışıb: “Bundan başqa hüquq-mühafizə orqanları tərəfindən konkret faktlarla əks olunan sənədlər hazırlanmalıdır ki, biz onları özümüzlə beynəlxalq təşkilatlara aparaq”. Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov ermənilərin törətdiyi vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması üçün birgə fəaliyyətin zəruriliyi haqda danışıb. Onun sözlərinə görə, Avropada daha geniş tərkibli konfransların keçirilməsinə ehtiyac var. Türkiyənin İğdır bələdiyyəsinin rəhbəri Nurəddin Aras Dağlıq Qarabağ münaqişəsi ilə bağlı davamlı beynəlxalq konfranslar keçiriləcəklərini deyib: “Ermənilərin dünyada qondarma “erməni soyqırımı” iddialarını gündəmə gətirmək bacarıqları var. Biz tədbirlərə xarici elm adamlarını cəlb etməli və bu kimi konfransları xarici ölkələrdə keçirməliyik”. Qeyd edək ki, 2005-ci və 2006-cı illərdə Azərbaycanın Qarsdakı Baş Konsulluğu və İğdır bələdiyyəsinin təşkilatçılığı ilə İğdır və Hollandiyanın Haaqa şəhərlərində Xocalı faciəsinə həsr olunmuş konfransların materialları kitab şəklində nəşr olunub. Xocalı faciəsinə həsr olunmuş konfransların materialları İğdır bələdiyyəsi tərəfindən kitab halına salınıb. İğdır bələdiyyə başqanı Nurəddin Arasın Bakıya səfərində məqsəd kitabların təqdimat mərasimində iştirak etməkdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR