Bank Of Baku

Serb Respublikası Balkanlarda ikinci Kosovo - TƏHLİL

Serb Respublikası  Balkanlarda ikinci Kosovo - <font color=#FF0000>TƏHLİL</font>
# 25 fevral 2008 08:27 (UTC +04:00)
Kosovo BMT Təhlükəsizlik Şurası tərəfindən tanınmasa da, bu quruma üzv olan 5 daimi üzvdən üçü ABŞ, Böyük Britaniya və Fransa müstəqillik qərarını addımı dəstəklədi. Bu mövqe Avropanın iri dövlətləri olan Almaniya və İtaliya, eləcə də Türkiyə və Albaniya tərəfindən də müdafiə olunur. Bununla bərabər Kosovonu tanıyan ilk dünya ölkəsi adını heç kimin gözləmədiyi şəkildə özünün mövcudiyyət problemləri olan Əfqanıstan qazanıb. Əvəzində isə BMT TŞ-nin digər iki üzv olan Rusiya və Çin isə Kosovonun presedent təşkil edəcəyindən və dünyada separatçılıq meyllərini artıracağından ehtiyatlanır. Çin Xarici İşlər Nazirliyi vəziyyətin “ciddi narahatlıq doğurduğunu” ifadə edən açıqlama yayaraq Kosovonu tanıyan Tayvanın özünün Çinin bir parçası olduğu üçün bu haqqa malik olmadığını bəyan edib. Rusiya isə BMT-ni Kosovonun addımını etibarsız hesab edən qərar qəbul etməyə çağırır. Avropa İttifaqının dörd üzvü Kipr, Yunanıstan, İspaniya və Rumıniya da bu düşərgədə yer alır. Separatçı bask hərəkatı ilə mübarizə aparan İspaniyanın xarici işlər naziri Migel Angel Moratinos Kosovonun müstəqilliyinin beynəlxalq hüquqa zidd olduğunu bəyan edib. Rumıniya ölkədəki macar azlığın muxtariyyət tələblərindən ehtiyatlandığı halda, Kiprin yunan hissəsi və Afina Kosovonun Şimali Kipr üçün presedent təşkil edəcəyindən çəkinirlər. Amma əslində Kosovo təcrübəsini təkrarlamağa ən yaxın region nə Bask ölkəsi, nə də Şimali Kipr deyil. Avropada ikinci Kosovo təcrübəsini təkrarlamağa ən yaxın bölgə əslində yaxınlıqdakı Serb Respublikasıdır. Qonşu Serbiya Respublikası ilə adı uzlaşan Serb Respublikası Bosniya və Herseqovinanın tərkib hissəsidir. Vaxtilə keçmiş Yuqoslaviya İttifaqını təşkil edən 6 sosialist respublikasından biri olan Bosniya və Herseqovina müstəqilliyini elan etdikdən dərhal sonra 1992-ci ildə Avropanın II Dünya müharibəsinin başa çatmasından sonra şahid olduğu ən qanlı qırğına məruz qalıb. Ölkə əhalisinin 33 faizini təşkil edən serb azlığı Serbiyanın hərtərəfli dəstəyi ilə Bosniyada hakimiyyəti ələ keçirmək uğrunda apardığı 3 illik müharibə ərzində 200 mindən çox müsəlman boşnakı qətlə yetiriblər. 1995-ci ildə imzalanan Deyton sülh müqaviləsinə görə, unitar Bosniya və Herseqovina Respublikası boşnaklar və xorvatların qurduğu Bosniya və Herseqovina Federasiyası ilə serb azlığının təsis etdiyi Serb Respublikasının tərkib hissələrini təşkil etdiyi bir federativ dövlətə çevrilib. 51min kvadrat metrlik Bosniya torpaqlarının 49 faizini əhatə edən Serb Respublikası Belqradın siyasi iradəsinə böyük önəm verdiyindən onun Kosovonun müstəqilliyini tanıyan böyük dövlətlərə cavab olaraq istiqlaliyyətini elan edəcəyi potensialı çox böyükdür. Bosniya Müstəqil Serb Təşkilatları Hərəkatı (SPONA) hələ fevralın 14-də verdiyi açıqlamada Kosovonun addımına cavab olaraq Serb Respublikası üçün də müstəqillik tələb edəcəklərini bildirmişdi. Serb Respublikasının separatçı meylləri ilə tanınan baş naziri Milorad Dodik isə Kosovonun birtərəfli müstəqilliyinin “başqalarında da bənzər fikirlər meydana gətirə biləcəyini” bəyan etmişdi. Radikal Partiya və müxalifətdəki Serb Demokrat Partiyası da eyni tələbə tərəfdar çıxıblar. Yerli parlamentin komissiyaları isə Kosovonun müstəqilliyinin BMT TŞ üzvlərinin yarıdan çoxu tərəfindən tanınacağı təqdirdə bu federal qurumun Bosniyadan ayrılma hüququna malik olması barədə sənəd hazırlamağa başlayıblar. Bütün bunlara cavab olaraq Deyton sülhünə əsasən, Bosniyadakı baş beynəlxalq elçi olan Ali Təmsilçi Miroslav Layçak Banya-Lukanın bu kimi fikirlərini tənqid edib: “Serb Respublikasının Bosniyadan ayrılmağa hüququ yoxdur, ancaq eni zamanda heç kəs Serb Respublikasını birtərəfli qaydada ləğv edə bilməz”. Beynəlxalq instansiyaların xəbərdarlığından sonra fevralın 20-də yeni bir bəyanat yayan baş nazir Milorad Dodik federal qurumun statusunun sual altına düşəcəyi halda müstəqillik haqda referendum tələb edəcəklərini təsdiqləyib, lakin Kosovonun müstəqilliyinin buna səbəb olmayacağını bildirib: “Kosovonun müstəqilliyi Serb Respublikasını yalnız gücləndirdi. İndiki hədəfimiz muxtariyyət statusumuzun artırılmasıdır. Mən də bir çox şeyin dərhal olmasını istəyərdim, hissiyyatsız bir adam deyiləm, amma bu istəklərin bəziləri realist yanaşma deyil. Çox, məntiqli və ağıllı şəkildə işləməyimiz lazımdır. Tələsik addımlar xeyirdən çox zərər gətirə bilər". Kosovo təcrübəsinin digər mənfi təsiri isə Bosniyada gedən dövlətin mərkəzləşdirilməsi prosesinin ciddi zərbə almasıdır. Belə ki, Serb Respublikası bundan sonra heç bir səlahiyyətinin mərkəzi Bosniya hökumətinə güzəştə gedilməyəcəyini bəyan edib. Bununla bərabər Bosniyanın Kosovonun müstəqilliyini yaxın gələcəkdə tanıması mümkün görünmür çünki bu istiqamətdə bütün cəhdlər dövləti təşkil edən ikinci qurum olan Serb Respublikası tərəfindən blokadaya alınıb. Həftənin əsas hadisəsi hələlik Kosovonun Serb Respublikası timsalında presedent yaratmamasıdır. Amma, bu, məhz hələlik belədir və Belqradın, eləcə də onun əsas havadarı olan Rusiyanın gələcəkdə hansı addımları atacağı proqnozlaşdırıla bilməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR